Məhkəmə qərarları › İş №3(009)-484/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-484/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-484/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il tarixli 00100-0295/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC tərəfindən 2 ədəd karyerdə daşların kalibirlənməsi üçün ələklər yükü **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli gömrük bəyannaməsi ilə 02 fevral 2019-cu il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan sözügedən malların müvəqqəti ixrac müddəti “xxxx” MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş 08 fevral 2020-ci il tarixli 24/24/000359 qeydiyyat nömrəli ərizə əsasında 02 fevral 2021-ci il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi 02 fevral 2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin 02 fevral 2021-ci il tarixində bitməsinə baxmayaraq **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 2 ədəd karyerdə daşların kalibirlənməsi üçün ələklər yükünün müvəqqəti ixrac müddəti bitməmiş “xxxx” MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti 02 fevral 2021-ci il tarixdə bitsə də, həmin malların ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 13 (on üç) gün sonra, yəni 15 fevral 2021-ci il tarixdə **********0740 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük idarəsinə təqdim edilmişdir. Nəticədə hüquqi şəxs “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/003469 saylı 09 fevral 2021-ci il tarixli raport, **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli gömrük bəyannaməsi, 24/24/000359 nömrəli 08 yanvar 2020-ci il tarixli ərizə, VAİS informasiya resursundan çıxarış, 34/013/004534 saylı 18 fevral 2021-ci il tarixli raport, hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC–yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük Prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx” MMC-nin tərəfindən **********5536 saylı GB ilə müvəqqəti ixrac prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin ” xxxx ” MMC-nin tərəfindən bu yüklərin digər gömrük prosedurı altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan “xxxx” MMC -nin Müvəqqəti ixrac müdətlərinin uzadılmasına dair 08 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, Gürcüstan Respublikasında olan layihənin davam etməsi ilə əlaqədar **********152; **********3554, **********5533, **********1234, **********7742, **********232, **********7734, **********1522, **********3572, **********5536, **********4176 YGB-lər üzrə müvəqqəti ixrac müddətinin uzadılması xahiş edilmişdir. Göstərilən malların 1 ilədək gətirməyi və müvəqqəti ixrac gömrük rejimi haqqında Əsasnamə ilə müəyyən edilmiş tələbləri yerinə yetirmək öhdəliyi götürülmüşdür. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/003469 saylı 09 fevral 2021-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC tərəfindən 2 ədəd karyerdə daşların kalibirlənməsi üçün ələklər yükü **********5536 sorğu nömrəli 02 fevral2018-ci il tarixli gömrük bəyannaməsi ilə 02 fevral2019-cu il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Sonradan sözügedən malların müvəqqəti ixrac müddəti “xxxx” MMC tərəfindən Bakı Baş Gömrük idarəsinə təqdim edilmiş 08 yanvar 2020-ci il tarixli 24/24/000359 qeydiyyat nömrəli ərizə əsasında 02 fevral 2021-ci il tarixədək 1 (bir) il müddətinə uzadılmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin İdarəetmə Sistemi” (VAİS) informasiya resursundan **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş müddətinin son tarixi 02 fevral 2021-ci il müəyyən edilmişdir. Lakin, müvəqqəti ixrac müddətinin 02 fevral 2021-ci il tarixində bitməsinə baxmayaraq **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş 2 ədəd karyerdə daşların kalibirlənməsi üçün ələklər yükünün müvəqqəti ixrac müddəti bitməmiş “xxxx” MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı “xxxx” MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti ixrac müddəti 02 fevral 2021-ci il tarixdə bitsə də, həmin malların ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı “xxxx” MMC tərəfindən müvəqqəti ixrac müddəti bitdikdən 13 (on üç) gün sonra, yəni 15 fevral 2021-ci il tarixdə **********0740 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı təmin edilmiş və onun izahatından görünür ki, “xxxx” MMC tərəfindən 2 ədəd karyerdə daşların kalibirlənməsi üçün ələklər yükü **********5536 sorğu nömrəli 02 fevral 2018-ci il tarixli gömrük bəyannaməsi ilə 02 fevral 2019-cu il tarixədək 1 (bir) il müddətinə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş, sonuncu dəfə həmin malların müvəqqəti ixrac müddəti “xxxx” MMC tərəfindən 08 yanvar 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş ərizə əsasında 02 fevral 2021-ci il tarixədək 1 (bir) il müddətinə uzadılmış, həmin ələklər Gürcüstanın Marneuli şəhərində yerləşən karyerdə istifadə edilməsi məqsədi ilə müvəqqəti olaraq şirkət tərəfindən Gürcüstana göndərilmişdir, qeyd edilən mallar daşların kalibirlənməsi funksiyasını yerinə yetirir, sözügedən mallar qeyd edilən karyerdə müəyyən müddət istifadə edildikdən sonra yararsız vəziyyətə düşmüş, həmin ələklərdən istifadə etmək mümkün olmamış, bu səbəbdən də, malların müvəqqəti ixrac müddəti pozulmuşdur, qeyd edilən mallar təmir edildikdən sonra yenidən istifadəyə veriləcəkdir, sözügedən malları ixrac gömrük prosedurunda rəsmiləşdirmək niyyətindədirlər, bununla əlaqədar olaraq malların ixrac gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı 15 fevral 2021-ci il tarixdə **********0740 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və şirkət tərəfindən gömrük orqanına təqdim edilmişdir. Həmçinin, o izahatında gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini və qanunla nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Azfen” BM Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43,114-117 və 499.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar