Məhkəmə qərarları › İş №3(009)-486/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-486/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-486/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC -nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 17 fevral 2021-ci il tarixli 00100-0277/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 3(009)-486/2021 saylı qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilmişdir. Sözügedən qərardan narazı qalan inzibati xəta haqqında protokol tərtib etmiş orqan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və "Şəxs" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 3(103)-926/2021 saylı qərarı ilə Dövlət Gömrük Komitəsinin Baş İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə başlamış inzibati haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-cu il tarixli, 3(009)-486/2021 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasında fəaliyyət göstərən “X3 Co limited” şirkətindən WT- 200512 nömrəli 04 avqust 2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 94816881 nömrəli vaqona yüklənilmiş vəziyyətdə Azərbaycan Respublikasına idxal etdiyi boya, karil və bu qəbildən malları 17 noyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4364 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən malları yanlış kod adı altında sinifləşdirməklə və gömrük dəyərini yanlış qeyd etməklə ödənilməli olan 429.36(dörd yüz iyirmi doqquz manat otuz altı qəpik) manat idxal rüsumu, 381.50(üç yüz səksən bir manat əlli qəpik) manat ƏDV ibarət olmaqla ümumilikdə az miqdarda, yəni 810,86(səkkiz yüz on manat səksən altı qəpik) manat gömrük ödənişləri ödənilməsindən yayınmışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli yoxlama aparılması haqqında protokoldan görünür ki, Çin Xalq Respublikasından Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 94816881 nömrəli vaqon üzərinə qoyulmuş PONU ******* nömrəli konteynerlə daxil olmuş və Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş **********4364 sorğu nömrəli 17 noyabr 2020-ci il tarixli gömrük bəyannaməsində 2466 yerdən ibarət qarışıq yükə “Abşeron” gömrük postununda gömrük baxışı keçirildi.Gömrük baxışı zamanı gömrük bəyannaməsinin 1-ci və 2ci mal mövqeyinin XİFMN kodu və gömrük dəyəri ilə bağlı əsaslı şübhələr yaranmışdır. Aşkar edilmiş yüklər “Abşeron” gömrük postunun anbarında gömrük nəzarəti altında saxlanılır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5568 nömrəli 05 fevral 2021-ci il tarixli ekspert arayışından görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş ÇXRsı istehsalı olan boyaların və boya qatqılarının ümumilikdə 17 noyabr 2020-ci il tarixə orta bazar qiyməti təxminən 120129,00(bir yüz iyirmi min yüz iyirmi doqquz) manat müəyyən edilir. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin 12 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyindən iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin adına tərtib edilmiş **********364 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən mallar üçün əlavə ömrük ödənişləri- X2 İdarəsinin 2200-012/003-25/006595 nömrəli, 16 dekabr 2020-ci il tarixli məktubuna və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5568 nömrəli, 05 fevral 2021-ci il tarixli ekspert arayışında göstərilən rəylərə əsasən aşağıda göstərilən büdcə təsnifatına uyğun təşkil edir: İdxal gömrük rüsumu - 429.36(dörd yüz iyirmi doqquz manat otuz altı qəpik) manat, X4 -381.5 (üç yüz səksən bir manat əlli qəpik) manat, olmaqla cəmi-810.86(səkkiz yüz on manat səksən altı qəpik) manat. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 810.86 (səkkiz yüz on manat səksən altı qəpik) manat məbləğində gömrük ödənişinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 567.60 (beş yüz altmış yeddi manat altmış qəpik) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar