Məhkəmə qərarları › İş №3(009)-486/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-486/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-486/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 08 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarında olan izahatlardan müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il saat 09:00 radələrində Bakı şəhəri, Niyazi küçəsində və digər küçələrdə duracaqda olan avtomobillərə nəzarət edirdi. “Chevrolet Cruze” minik markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili saxlayaraq açarı ona təqdim etdikdən sonra ondan avtomobili park etməyi xahiş etmişdir. O isə maşına əyləşərək sürücülük hüququ olmadan idarə edərək Niyazi küçəsində park etmək istəyərkən bilmədən hərəkətin əksinə hərəkət edib M.Hüseyn küçəsi ilə yolayrıcına daxil olarkən həmin küçə ilə hərəkətdə olan “Volswagen” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki işdən isə görünür ki, Şəxs xx.xx.2023-cü il saat 09:00 radələrində törətdiyi yol nəqliyyat hadisəsi zamanı nə yüngül dərəcəli bədən xəsarəti, nə də maddi zərərin dəyməsi barədə sübut aşkar edilməmişdir. Həmçinin bununla bağlı (bədən xəsarəti və maddi zərər) iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş 08 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4.-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol protokol və toplanmış material tamamlanması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4cü maddəsi ilə tərtib edilmiş 8 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhər Baş Polis İdarəsinin Dovlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar