Məhkəmə qərarları › İş №3(009)-487/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-487/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-487/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında 18 fevral 2025-ci il tarixli, MN seriyalı, № ******* saylı protokola və ona əlavə olunmuş materiallara əsasən Səbail Rayon Məhkəməsinin 2(009)-1016/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh X2 iddiaçı X4 xeyrinə aşağıdakı əmlaklar natura şəklində tutulmalıdır: dəyəri 700 manat olan 1 ədəd 585 əyarlı nişan üzüyü, dəyəri 2500 manat olan 1 ədəd 585 əyarlı 20 qram çəkidə qolbaq, ümumi dəyəri 900 manat olan 585 əyarlı ümumi çəkisi 8,60 qram olan 4 ədəd üzük, - ümumi dəyəri 630 manat olan 585 əyarlı ümumi çəkisi 6 qram olan 2 dəst sırğa. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa X2 X4 xeyrinə mövcud olmayan əmlakların dəyəri tutulmalıdır. İddiaçı X4 cavabdeh X5 qarşı cavabdehlə birgə yaşadıqları dövrdə iddiaçının adına xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən götürülmüş kredit borcunun cavabdehlə faktiki ayrıldıqları xx.xx.2023-cü il tarixdən başlayaraq kredit ödənişi başa çatacağı və bank ödəniş cədvəlinin icrası tam təmin olunacağı tarixə qədər hər ay ödənilməli olan 221,46 manat məbləğin yarısı olan 110,73 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. İcra sənədində göstərilən tələblərdən - dəyəri 2500 manat olan 1 ədəd 585 əyarlı 20 qram çəkidə qolbağın və ya onun dəyərinin qaytarılması hissəsində icra edilməmişdir. İcra sənədində qeyd edilən digər bütün tələblər tam icra olunmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbədə olarkən izahatında icra sənədində qeyd edilən və olmayan qızılların pulunu hər ay 500 manat aliment ödədiyindən hissə-hissə ödəyərək icra edə biləcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının tam təmin edilməsini tələb edir. Məhkəmə iclasında Səbail Rayon İcra Şöbəsinin icra məmuru X11 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etdi, protokolu müdafiə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 verdiyi izahatında göstərmişdir ki, gündəlik taksi fəaliyyəti ilə məşğul olduğundan bacardığı qədər borcdan ödəyir. İcra sənədində göstərilən tələblərdən dəyəri 2500 manat olan 1 ədəd qolbağın və ya onun dəyərinin qaytarılması hissəsində icra edilmədiyini, İcra sənədində qeyd edilən və olmayan qızılların pulunu hər ay 500 manat aliment ödədiyindən hissə-hissə ödəyərək icra edə biləcəyini bildirmişdir. Həmin əmlakıda tez bir zamanda qaytaracağını bildirmiş və ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X9 izahatında göstərdi ki, aprel ayının axırına qədər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 möhlət verdiyini və Səbail Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 18 fevral 2025-ci il tarixli, MN seriyalı, № ******* saylı protokola xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar