Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-488/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati tənbeh vermə haqqında 13 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 Bankın 13 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati tənbeh vermə haqqında 13 oktyabr 2021-ci il tarixli MN № ******* qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru tərəfindən əsassız olaraq X2 barəsində inzibati tənbeh vermə haqqında 13 oktyabr 2021-ci il tarixli MN № ******* qərar qəbul edilmiş və cərimə tətbiq edilmişdir. Onun artıq xaricdən ölkəyə gətirilmiş malların müqabilində xarici şirkətə ödədiyi valyuta vəsaitləri avans kimi qiymətləndirilmişdir. Buna səbəb malların gətirilməsinə aid gömrük bəyannaməsini doldurularkən kodun bir rəqəmində texniki səhvə yol verilməsi olmuşdur. Aparılmış alqı-satqı əməliyyatının gerçək halları Bankın gəldiyi nəticəyə ziddir. Belə ki, 01 yanvar 2016-cı il tarixində onunla X10 Sanayi ve Ticaret Sirketi ilə 160128 nömrəli Alqısatqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Satıcı malları “FOB Satıcının İstanbul binasında” şərti ilə Alıcıya təhvil verir (Müqavilə, b.1). Malları təhvil götürmüş Alıcı onların müvafiq Fakturada göstərilən dəyərini, bu fakturanın verildiyi tarixdən sonrakı 30 təqvim günü ərzində bank köçürməsi yolu ilə Satıcıya ödəməlidir (Müqavilə, b,2). Müqavilənin 6-cı bəndinə ğörə Alıcı bu müqavilə üzrə öhdəliklərini təmin etmək məqsədi ilə Satıcıya 1.000.000 dollar məbləğində ən yuxarı reytinqi olan bankdan qarantiya məktubu təqdim etməlidir. Buna müvafiq olaraq o, "xxxx" ASC-dən həmin məbləğdə müvafiq qarantiya məktubu təqdim etmişdir. 22 avqust 2016-cı il tarixində Satıcı Alıcıya, dəyəri 162.107,07 ABŞ dolları dəyərində 187451*52*53*54*55*56*57*58*59*60*61*62*63 nömrəli Commercial invoysu təqdim etmişdir. 26.08.2016-cı il tarixində həmin...*62*63 nömrəli Comm.invoice üzrə 162.107,07 ABŞ dolları dəyərində mallar Türkiyə gömrük ərazisindən yola salınmışdır (gömrük ixrac bəyannaməsi GU 0891064). 05 sentyabr 2016 il tarixində cəmi 162.107,07 ABŞ dolları dəyərində mal Azərbaycana daxil olmuşdur: - idxal gömrük bəyannaməsi **********5231 üzrə 150.183,87 ABŞ dolları dəyərində; - idxal gömrük bəyannaməsi **********9518 üzrə 110.167,55 ABŞ dolları dəyərində. Malların ...62*63 nömrəli invoys üzrə idxal olunduğu gömrük bəyannamələrində 8001 kodu altında qeyd edilmişdir. 2015-ci ildə Azərbaycanda baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının məzənnəsinin kəskin artması ilə bağlı ölkədə sahibkarlıq şəraiti kəskin dəyişdiyinə görə X10 Sanayi ve Ticaret Sirketi təchiz etdiyi mallara görə ödənişlərdə mənimlə münasibətlərdə sərt müddətlər gözlənməsini tətbiq etməməyə başladı. Dəyişmiş sahibkarlıq vəziyyətinə görə yaranmış çətinlikləri tədricən aradan qaldırandan sonra müxtəlif sahibkarlara olan borclarımı ödəməyə başladım. O cümlədən, 14 avqust 2019-cu il tarixində satıcı Şirkətə 50.000 ABŞ dolları ödəniş etdim. 27 avqust 2019-cu il tarixində satıcı Şirkətə daha 79.860 ABŞ dolları ödəniş etdim. Hər iki ödənişdə ödənişin 22.08.2016-cı il tarixli 187451*52*53*54*55*56*57*58*59*60*61*62*63 nömrəli invoys və 01.01.2016-cı il tarixli 160128 №-li Alqı-satqı müqaviləsi üzrə edildiyi qeyd edilmişdir. Lakin texniki səhvə görə həmin gömrük bəyannamələrində “Çatdırma şərtləri’ bölməsində “120" (yəni “ödənilməmişdir”) əvəzinə “100" (yəni “əvvəlcədən ödənilmişdir”) rəqəmləri yazılmışdır. Həmin ildə gömrük orqanlarında elektron sistemə yenicə keçdiyindən bəyannamələrin doldurulması zamanı belə səhvlər kütləvi idi. Buna görə idi ki, Bakı Gömrük Baş İdarəsinin rəisi tərəfindən 2017-ci ilin əvvəllərində gömrük işçiləri və sahibkarların iştirakı ilə keçirilmiş müşavirədə bu məqama xüsusi diqqət yetirilməsi tapşırılmış və “100” rəqəmləri yazılanda ödənişi təsdiq edən sənədlərin tələb edilməsi, əks halda malları buraxmamaq göstərişi verilmişdir. Beləliklə, onun 2019-cu ildə ödədiyim 50.000 ABŞ dolları məbləği avans yolu ilə ödənilmiş valyuta vəsaiti olmamışdır. Bu məbləğ 2016-cı ildə 22.08.2016-cı il tarixli 187451*52*53*54*55*56*57*58*59*60*61*62*63 nömrəli invoys üzrə artıq ölkəyə daxil olmuş malların dəyərinin bir hissəsi olmuşdur. Gömrük bəyannaməsində “120” əvəzinə ‘100” rəqəmləri texniki səhv olmuş, heç bir ödəniş faktına və ödəniş sənədinə əsaslanmamışdır. Bununla yanaşı Bəyannamələr üzrə hər hansı ödəniş haqqında məlumat Bakı Baş Bcmrük İdarəsinin elektron bazasında da əksini tapmamışdır. Sözügedən invoys üzrə qeyd edilənlərdən başqa ödəniş olmamışdır. Mərkəzi Bankın bunu yoxlamaq imkanı genişdir. Bəyannamələrdə səhv yazılmış kodun sonradan düzəldilməsi artıq mümkün deyildi. Çünki Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153-cü maddəsi, mallar gömrük orqanları tərəfindən buraxıldıqdan sonra təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsini və ya onun geri götürülməsini qadağan edir. Bunu gömrük orqanı sorğuya cavab olaraq verdiyi yazılı məktubunda da qeyd etmişdir. 13 oktyabr 2021-ci il tarixli MN № ******* qərar əvvəllər ona verilməmiş, bu barədə icra məmuru zəng edəndə məlumat almışdır. Mərkəzi Bankın istinad etdiyi poçt qəbizndə sənədi alanlar kimi başqa adlar qeyd edilmişdir. Qərar və protokol, digər sənədlərin surətləri rəsmi qaydada ona 22 fevral 2022-ci il tarixində təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən, Azərbaycan Respublikasının Mərkəzi Bankının İnzibati tənbeh vermə haqqında 13 oktyabr 2021-ci il tarixli MN № ******* qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta hqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X9 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 şikayətinin əsassız olduğunu, Azərbaycan Respublikası Mərkəzi Bankının 13 oktyabr 2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarları qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X7 13 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X5 50.000.00 ABŞ dolları məbləğində vəsaiti 14 avqust 2019-cu il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də, 50.000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmişdir. 22 avqust 2016-cı il tarixli 187451*52*53*54*55*56*57*58*59*60*61*62*63 nömrəli invoyslar üzrə ödəniş qeyd gömrük bəyannamələrindən görünür ki, həmin Gömrük bəyannamələrində “Çatdırma şərtləri” bölməsində “100” (“əvvəlcədən ödənilmişdir”) rəqəmləri yazılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 24 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, X5 tərəfindən bəyan olunan **********9516, **********5217 və **********5231 sorğu nömrəli gömrük bəyannamələri üçün təqdim olunan invoys (hesab-faktura) sənədlərində ödəniş məbləği xarici valyuta ilə qeyd olunduğu üçün, həmin GB-lər üzrə ödəniş barədə məlumatlar BBGİ-nin elektron bazasında öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törədilmiş inzibati xətanın tərkibi o halda yaranır ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış olsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Gömruk bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tovsiyyələrinin təsdiqi haqqında” 31 oktyabr 2014-cü il tarixli sərəncamdan görünür ki, qrafa 20. “Çatdırma Şərtləri” Birinci və ikinci yarımbölmə malların ixracında olduğu kimi doldurulur. Bu qrafanın üçüncü yarımbölməsi aşağıdakı qaydada doldurulur: “100” - malın dəyəri əvvəlcədən odənilmişdir; “110” – malın dəyərinin bir hissəsi əvvəlcədən odənilmişdir; “120” - malın dəyəri ödənilməmişdir; “130” - mal kredit hesabına idxal olunur; “200” - malın dəyəri kredit hesabına əvvəlcədən odənilmişdir; “210” - malın dəyərinin bir hissəsi kredit hesabına əvvəlcədən odənilmişdir; “220” - malın dəyərinin odənilməsi üçün akkreditiv açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, fərdi sahibkar X6 tərəfindən 14 avqust 2019-cu il tarixdə “X16 Azərbacan” QSC-dən 50000 ABŞ dolları vəsaitini avans olaraq köçürmüşdür. Bu ödənişin icrası üçün banka təqdim edilən ödəniş tapşırığının təyinat hissəsində Dövlət Gömrük Komitəsinin avans ödənişlər üçün təqdim etdiyi kod öz əksini tapmışdır və fərdi sahibkar tərəfindən avans ödənişindən öncə ödənişlə bağlı idxal müqaviləsini X8 yerləşdirmiş və avans kodunu alaraq banka təqdim etdiyi iş materiallarında öz əksini tapır. Avans vəsaiti icra edildikdən sonra müvafiq malların ölkəyə 02 il müddətində idxal edilməsi və idxal sənədlərinin banka təqdim edilməsi tələb edildiyi halda fərdi sahibkar tərəfindən 2016-cı ildə idxal edilmiş və idxal edildiyi zaman dəyəri ödənilmiş malların bəyannaməsini banka təqdim etmişdir. Bank tərəfindən avans köçürməsinin bağlanması zamanı və yuxarıda qeyd olunan qərarların qəbulu zamanı təqdim edilən bəyannamənin avans köçürməsinin qarşılığında olan malların ölkəyə idxal edildiyini təsdiq edən sənəd olmadığı fərdi sahibkara məlumat verilmişdir. Bu səbəbdən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş fərdi sahibkar X2 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Mərkəzi Bankının 13 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalı və dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş fərdi sahibkar X2 şikayəti təmin olunmasın. Azərbaycan Respublikası Mərkəzi Bankının 13 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunsun və dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-488/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-488/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver