Məhkəmə qərarları › İş №3(009)-488/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-488/2024

17.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-488/2024 17.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci PB-nin s/i X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs vəkili X3, Zərərçikmiş şəxs X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov 14, m.2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail RPİ-nin 41-ci PB-dən Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 fevral 2024-cü il tarixdə saat 17:00 radələrində Badamdar qəsəbəsi, 3-cü massiv adlanan ərazidə İldırımov Farizə qarşı nalayiq ifadələr işlətmiş və nəticədə xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 41-ci PB-nin s/i X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, protokolla razı deyil, özünü təqsirli bilmir. Belə ki, o, həmin əraziyə həftədə iki dəfə gedərək, oradaki itlərə yem verir. Özü də heyvansevərlər cəmiyyətinin üzvüdür. Axırıncı dəfə, yəni 10 fevral tarixində ora gedəndə bir nəfər şəxsin onu mobil telefona çəkdiyini görmüş, bundan sonra yanında olan tanışı Bədəlov Ozal ilə həmin şəxsin darvazasını döymüş, lakin heç kim cavab verməmiş, bundan sonra darvaza açıq olduğundan həyətə daxil olmuş və qapını döymüşdür. Qapını açan şəxs dərhal ona qarşı aqqresiv hərəkət edərək onu söymüş və qapıya nə üçün gəldiyini soruşmuşdur. Lakin izah etməyə imkan vermədən yenə də onu təhqir etmiş və itələməyə başlamış və şəxs ona “vur məni” deyərək, onu fiziki şiddət göstərməyə təhrik etməyə çalışmışdır. Aralarında başqa heç nə olmamışdır. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, yaşadığı evin qonşu həyatyanı sahəsində məskunlaşan itlər onu və ailəsini mütəmadi olaraq narahat edir. Dəfələrlə aidiyyəti qurumlara məsələnin həlli ilə bağlı müraciət etsə də, bir nəticəsi olmamışdır. Sonuncu dəfə, yəni 10 fevral 2024-cü il tarixdə, iki nəfər şəxsin həmin itlərə yemək gətirdiyini görmüş və mobil telefonunu çıxraraq həmin şəxsləri videoya çəkmişdir. Bundan sonra öz evinə daxil olmuş və bir neçə dəqiqə sonra qapının döyüldüyünü eşitmişdir. Qapını döyən şəxs özünü təqdim etmiş və onu hansı səbəbə videoya çəkdiyini zərərçəkəndən soruşmuşdur. Bundan sonra onların arasında münaqişə yaranmış və onlar bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Müvafiq qərar qəbul edilməsini xahiş etmşidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 barəsində inzibati icraata aparılan şəxsin izahatına uyğun izahat vermişdir. Əlavə etmişdir ki, münaqişəni yaradan zərərçəkmiş şəxs olmuş, həmçinin Fariz özü birinci Şəxs qarşı nalayiq ifadələr işlətmiş və ona “vur məni” deyərək Nurlanı ona qarşı fiziki güc tətbiq etməyə təhrik etmək istəmiş, lakin aralarında fiziki güc tətbiq etmə ilə bağlı heç nə baş verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X7 barəsində inzibati icraat aparılan şəxsin ifadəsinə uyğun izahat vermiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilsə də, onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməlin tərkib əlamətlərinin mövcudluğunu sübuta yetirəcək heç bir dəlil məhkəməyə təqdim olunmamışdır. Belə ki, müəyyən olunmuşdur ki, tərəflər arasında qarşılıqlı anlaşılmazlıq nətiəsində sözlü mübahisə yaranmış, Şəxs isə qarşı tərəfə fiziki zorakılıq aktı törətməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki Şəxs əməlində İXM-in 510-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar