Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-489/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşayev Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan MR-sı, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 8-ci PB-dən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvan 1 ünvanında yaşayan X4 məxsus “Samsung” markalı mobil telefonu və 53 manat məbləğində pul vəsaitini oğurlamaqla ümumilikdə ona 83 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis kapitanı Rahib Cəfərov tərəfindən qəbul edilmiş 15 fevral 2022-ci il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, vətəndaş X1 RPİ-nin 8-ci PB-nə ərizə ilə müraciət edərək 21.01.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evə daxil olan zaman evin içərisində olan masanın üzərində qoyduğu bir ədəd “Samsung” markalı mobil telefon və 53 manat pulun oğurlanmasını aşkar etdiyini, mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlanıldıqda telefona cavab verən şəxsin özünü Şahin kimi təqdim etdiyini, mobil telefonu tezliklə geri qaytaracağını vəd etsə də qaytarmadığını bildirmişdir. İş materiallarında olan AZA № 007495 nömrəli, 28.02.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 fevral 2022-ci il tarixdə, saat 19:10 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, o, iflic xəstəliyindən əziyyət çəkir və evə rahat girib çıxması üçün daima evin qapısını açıq qoymaq məcburiyyətində olur. Belə ki, 21.01.2022-ci il tarixdə tanışı Şəxs evdə heç kimin olmaması və onun xəstəliyi ilə əlaqədar ağır yeriməsindən istifadə edib, onun kafeyə girməsini görəndən sonra açıq qapıdan onun evinə daxil olmuş, evin içərisində olan masanın üzərindəki 30 manat dəyərində olan mobil telefonunu və həkimə verməli olduğu 53 manat pulu götürmüşdür. Hazırda nə ona məxsus telefon qaytarılmış, nə də götürülmüş pul məbləği ödənilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı qismən etiraf edərək, izahatında bildirmişdir ki, onun hər hansı yaşayış yeri və ya iş yeri yoxdur. O, 21.02.2022-ci il tarixdə içkili vəziyyətdə tanışı X3 evinə daxil olaraq onun mobil telefonunu götürmüş və həmin telefonu tanıdığı amma adını bilmədiyi bir nəfərə 4 manat müqabilində satmışdır. Həmçinin o, evdən pul oğurlamadığını bildirmişdir. Hazırda ziyanı ödəməyə imkanının olmadığını, həmin vaxt içkili olduğu üçün nə etdiyini dərk etmədiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis kapitanı Rahib Cəfərov tərəfindən tərtib olunmuş 15.02.2022-ci il tarixli raportdan görünür ki, 05.02.2022-ci il tarixdə, ünvan 2 ünvanında yaşayan vət. X3 yaşadığı evdən açıq qapıdan daxil olma yolu ilə oğurluq edilməsi faktı ilə əlaqədar vətəndaşın Səbail RPİ-nin 8ci PB-nə yazdığı şikayət ərizəsi əsasında araşdırma aparılaraq 15.02.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Baş vermiş oğurluq hadisəsini törədən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından onun barəsində tədbir görülməsi üçün qərar Səbail RPİnin 8-ci PB-yə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, həmçinin Şəxs tanışı Y.İsmayılovun evinə daxil olması və oradakı mobil telefonu Y.İsmayılovdan gizli şəkildə götürməsi barədə etirafedici ifadələrini nəzərə alaraq “yaşayış sahəsinə qanunsuz daxil olma və əmlakın gizli ələ keçirilməsi” faktlarının mübahisəsiz olduğunu və bununla da, Şəxs evə daxil olarkən pulu deyil yalnız mobil telefonu götürməsinə dair ifadəsini inandırıcı hesab etmir və bu kimi ifadələrin məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə müdafiə xarakterli olması qənaətinə gəlir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, o cümlədən dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 28 fevral 2021-ci il tarixdən, saat 19:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 fevral 2021-ci il tarixdən, saat 19:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-489/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-489/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver