Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-49/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 17 dekabr 2021-ci il tarixli 00100-2107/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş malların gömrük orqanına yanlış kod altında sinifləşdirilməklə bəyan edilməsi faktı toplanılmış və məhkəmə tədqiq olunan sübutlar ilə tam və kifayət qədər sübuta yetirilir. İdxalatçı Şəxs əvvəllər Azərbaycan Respublikasına idxal etdiyi eyni mal üzrə belə əməllərinə görə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 00100/0190 nömrəli 02.02.2021-ci il tarixli inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” qərarı ilə təqsirli bilinmiş və inzibati məsuliyyətdən təqsirsizliklə əlaqədar olmayan əsaslarla azad edilmiş, yenidən eyni malı ölkəyə idxal edərkən yanlış kod altında sinifləşdirdiyinə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın 3(009)-831/2021 nömrəli 18.05.2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Bundan başqa, yenidən 02 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7866 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş eyni malların rəsmiləşdirilməsi zamanı malları yanlış kod altında sinifləşdirilməsi aşkar edilmiş, qanunla müəyyən edilmiş hüquqi prosedur çərçivəsində inzibati araşdırma aparılmaqla lazımi və mümkün sübutlar toplanılaraq onun bu inzibati xətanı törətməsi müəyyən edilmişdir. Məhkəmənin diqqətinə şahid qismində dindirilmiş ekspert Vüsalə Allahverdiyevanın izahatı və əlavə edilmiş sənədlərə çəkərək qeyd edilən əşyanın tərkibində platifikator qismində dietil ftalatın normativ texniki sənədi olan standartlarda “dioktil flalat” bu ilə bu əşyanın plastifikasiya edilməsi müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq tədqiqatları ilə də bir daha əşyanın dioktil ftalar ilə plastifikasiya edilməsi öz təsdiqini tapmışdır. İş materiallarına əsasən materialda “Paraloid K120 N” məhsulundan istifadə edilmişdir. İstehsalçı məlumatlarında isə “Paraloid K120N” məhsulunda dioktil ftalatın 5%-dən artıq olmayan miqdarda mövcudluğu müəyyən edilmişdir. Bu halda isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyində ikili nəticəyə dair ziddiyyət aradan qalxmaqla mümkün qənaətin materialda kütlə faizinin 6 faizdən çox deyildir. Eyni zamanda, müdafiə tərəfinin birinci instansiya məhkəməsi qismində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin qərarı və həmin qərardan verilən şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarına istinad etməklə hadisənin olmadığını göstərməsini qəbul edilən hesab etməməklə, bir məhkəmə qərarının digəri üçün məcburi qüvvə daşımadığını, habelə təqsirsizliyə əsaslanan qeyd edilən qərarlarda inzibati xəta tərkibi olmadığından icraata xitam verilmiş, hadisənin mövcudluğunu istisna edən hər hansı nəticəyə gəlinməmişdir. Bütün bu səbəblərdən məhkəməyə təqdim edilən qərarların bu iş üzrə yekun qərarın istiqamətini müəyyənləşdiriləcək əsasların mövcud olmadığını bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Baş X4 Komitəsinin rəhbərliyinə ünvanladığı 06/02-2603 nömrəli 16.07.2021ci il tarixli məktubuna istinad edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyya Nazirliyinin 01/5-6 nömrali, 24 may 2021-ci il tarixli məktubuna əsasən Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş “X6” MMC və digər qanunsuz fəaliyyat göstərən özəl ekspertizaların qarşısının alınmasını ve digər orqanlarda aşkar olunan mənfi təcrübənin yayılmaması üçün Komitə üzrə ibtidai araşdırma aparan orqanlara aidiyyəti göstərişlər verilmişdir. Ona görə də “X6” MMC-nin rəyi sübut kimi qəbul edilə bilməz. Bununla belə işin 78-87-ci vərəqlərində Şəxs MMC-nin bu malı idxal etdiyi Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətin Azərbaycan Respbikasında fəaliyyət göstərən şəxslərə ixrac etdiyi hesabatlara əsasən eynilə bu malı gömrük ekspertizası rəyindəki müəyyən edilən kod altında sinifləşdirilmiş və məhz bu kod altında gömrük orqanlarında rəsmiləşdirmə aparılmışdır. Bu isə bir daha malın gömrük orqanı tərəfindən müəyyən edilən kod altında sinifləşdirilməli olduğu müəyyən edilir. Bu səbəbdən də əməldə inzibati xəta hadisəsi olduğundan Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Bakı Baş Gömrük İdarəsinə təqdim etdikləri gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallar, istiehsalıçı şirkət olan Türkiyə Respublikasında fəaliyyət göstərən "X9 ve Kalıp San. Tic.Ltd.Şti" şirkəti tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında istehsal olunmuş maldır. Malın tərkibini göstərən sənədlər də Gömrük Orqanına təqdim olunmuşdur. Bundan əlavə istehsalçı şirkət əlavə məktubla təsdiq edir ki, qeyd olunan məhsul "xxxx" MMC-nin sifarişi əsasında hazırlanmış və həmin məhsulda plastifikatorun faiz dərəcəsi 6% təşkil edir. Buna baxmayaraq Gömrük Orqanına məxsus laboratoriya malın tərkibi yoxlama imkanına malik olmadığı halda qeyd edir ki, malın kodu düzgün göstərilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 15 dekabr 2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, ekspert qarşısında sözügedən materialın tərkibində plastifikatorlarmın miqadarının 6 kütlə faizindən az olub-olmaması barədə qoyulan sualın cavablandırılması mümkün olmadı.Bakı Baş Gömrük İdarəsi heç bir hüquqi əsas olmadan eyni malın gömrük rəsmiləşdirlməsi ilə bağlı süni problemlər yaratdığı üçün malın tərkibini müəyyən etmək üçün "X6" MMC-yə müraciət etmişlər. Ekspertizaya mal nümunəsini təqdim etmişlər. "X6" MMC trəfindən rəy verilməsi üçün mal nümunəsi Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və X2 Mərkəzinə təqdim olunmuş, mal nümunəsi analiz olunmuş və bunun əsasında 01.11.2021-ci il tarixli 549 saylı mütəxəsis rəyi verilmişdir. Qeyd olunan rəylə malın tərkibində plastifikatorun kütlə faizi 6% olduğu müəyyən olunmuşdur. Bununla yanaşı bildirmişdir ki, eyni məsələ ilə bağlı "xxxx" MMC-nin barəsində İXM-nin 505-ci maddəsi ilə inzibati xəta törətməsi barədə inzibati protokol və qərar qəbul edərək məhkəməyə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.09.2021-ci il tarixli (iş N° 3(103)- 2237/2021) qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi qərarın əsaslandırıcı hissəsində qeyd edir ki, "X9 ve Kalıp San. Tic.Ltd.Şti" şirkəti tərəfindən istehsal olunmuş və "xxxx" MMC tərəfindən idxal olunmuş mallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500N°-li qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə uyğun olaraq 3920 43 100 0 təsnifat kodu altında düzgün bəyan edilmişdir. Bu səbəbdən məhkəmə qərara gəlmişdir ki, hüquqi şəxsin hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınmaya görə inzibati məsuliyyət nəzərdə tutulub. "xxxx" MMC gömrük ödənişini ödəməkdən yanınmamış, idxal olunmuş mal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500No-li qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Xarici İqtisadi fəaliyyətin mal nomenklaturası idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə uyğun olaraq 3920 43 100 0 təsnifat kodu altında düzgün bəyan edilmişdir. Gömrük Komitəsinin laboratoriyası isə malın tərkibini öyrənmədən əsasız nəticəyə gəlmişdir. Faktiki olaraq "xxxx" MMC gömrük ödənişindən yayınmamış və belə bir niyyəti də olmamışdır. Bakı Baş Gömrük İdarəsinin qeyri qanuni hərəkətindən dəfələrlə Gömrük Komitəsinə müraciətlər etmişdir. Bu səbəbdən Bakı Baş Gömrük İdarəsi onlarla qərəzli münasibətdədir. Heç bir hüquqi əsas olmadan "xxxx" MMCnin barəsində inzibati xəta haqqında protokol tərtib edərək, inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə göndərir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs (VÖEN **********) Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 00100/0190 nömrəli 02.02.2021-ci il tarixli inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” qərar ilə əvvəllər törətmiş olduğu Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı ilk dəfə törətdiyindən və vurduğu ziyanı aradan qaldırdığından həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən inzibati məsuliyyətdən azad edilmiş, qanunla inzibati xəta törətməmiş şəxs hesab edilmək üçün müəyyən edilən 1 il müddət keçmədən, yenidən eyni maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın 3(009)-831/2021 nömrəli 18.05.2021-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinərək gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi həddində, yəni 3935,32 manat məbləğində inzibati cərimə edilmiş, ilk dəfə inzibati xəta törətdiyinə görə məsuliyyətdən azad edilməsinə və təkrar eyni maddədə nəzərdə tutulan xətanı törətməsinə görə inzibati tənbeh edilməsinə baxmayaraq, Azərbaycan Respublikasına 34EK4719/06BK4495 nömrə nişanlı avtomobildə Türkiyə Respublikasında fəaliyyət göstərən “X9 ve Kalıp San. Tic.Ltd.Şti” şirkətindən OZM**********360 nömrəli 12 09.2021 -ci il tarixli invoys sənədinin müşayiəti ilə gətirilən malların tərkibində PA-Plastifikatorun kütlə faizi 2% olmaqla, 6 %-dən aşağı olmayan mallara aid olmadığından XİF MN üzrə 3920 49 100 0 alt yarım mövqeyində sinifləşdirilməli olan malları 02 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7866 sorğu nömrəli “sərbəst dövriyyə üçün buraxılış” gömrük Prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən "tərkibində plastifikatorların miqdarı 6 kütlə %-dən az olmayan” xüsusiyyətə aid 3920 43 100 0 alt yarım mövqeyində sinifləşdirərək ödənilmə olan 4596,89 manat idxal rüsumu, 6386,90 manat ƏDV, 240 manat əməliyyat haqqından ibarət ümumilikdə az miqdarda, 11 223,79 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsindən 34/012/026943 nömrəli 14.10.2021-ci il tarixli raportuna əsasən "xxxx" MMC-nin ünvanına 34EK4719/06BK4495 nömrəli avtomaşınla, OZM**********360 saylı 22.09.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********7866 sorğu nömrəli 02.10.2021 -ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X7 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-015/002-25/005185 saylı 13.10.2021-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmişdir. X7 İdarəsinin rəyinə əsasən **********7866 sorğu nömrəli 02.10.2021-ci il tarixli gömrük bəyannaməsində "xxxx" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 4596.891 AZN, ƏDV üzrə 6386,90 AZN, elektron gömrük xidməti haqqı üzrə 240.00 AZN təşkil edir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin X7 idarəsinin 2200-015/002- 25/005185 nömrəli 13.10.2021 -ci il tarixli gömrük ekspertizası rəyinə əsasən Şəxs MMC-nin ünvanına OZM**********360 nömrəli 22.09.2021-ci il tarixli invoys üzrə idxal olunan yük “PVC X11 22x1.00 mm Bute A1 Beyaz”, “PVC X11 22x1.00 mm Bute Yuzey A1”, “PVC X11 22x1.00 mm X12”, “PVC X10 22x1.00 mm Freze”, “PVC X11 38x1.00 mm X12”, “PVC X10 22x1.00 mm Lareks”,“PVC X10 22x1.00 mm Fiigh Gloss”, “PVC X10 30x1.00 mm High Gloss” və “PVC X10 40x1.00 mm Fiigh Gloss” adlı rulonlarda, qalınlığı 1.0mm olan, altlıqsız, yapışqansız, laylı olmayan, məsaməsiz və armaturlaşdırılmamış, 2 kütlə % dioktil ftalat ilə plastifikasiya olunmuş, kalsium karbonat (CAS 471-34-1) ilə doldurulmuş polivinilxlorid (CAS 9002-86-2) əsaslı plastik kütlədən zolaqlar olub XİF MN-ə 3920 49 100 0 alt yarımmövqeyində sinifləşdirilir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekpertizasının, məhkəmə-iqtisadi ekspertizasının 15 dekabr 2021-ci il tarixli 6/4701, 9/7642 saylı ekspert rəyindən əsasən tədqiqata təqdim olunmuş üzərində “Bakı Baş Gömrük ...OZM**********360 saylı 24.09.2021-ci il tarixli invoys sənədi üzrə” əl yazıları olan polietilen paketdəkı ümumilikdə 09 ədəd ağ, boz, qəhvəyi, qəhvəyimtil-ağ rəngli zolaq formalı materiallar polimer materiallara aid edilməklə fiziki xüsusiyyətlərə - nisbi uzanma, plastiklik, möhkəmlik və ərimə temperaturuna malikdir. Kimyəvi tərkiblərə görə PVX (polivinilxlorid) əsaslıdır. Materiallar dioktil ftalat vasitəsilə plastifikasiya olunmuşdur. Rəyin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat hissəsində Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən ekspertin vəsatəti üzrə Məhkəmə Ekspetizasına daxil olan əlavə sənədlərdəki fərqli nəticələrə əsasən ekspert qarşısında sözügedən materialların tərkibində plastifikatorun miqdarının 6 kütlə %-dən az olub-olmaması barədə qoyulan sualın cavablandırılması mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim olunmuş predmetlər (zolaqlı formalı materiallar) əmtəə əlamətlərinə (xarici görünüşünə), ölçülərinə, tərkiblərinə görə hazır məhsullara aid edilir. Bu materiallardan əsasən mebel sənayesində mebel kənarlarının işlənməsində istifadə olunur. Həmçinin qeyd edilən ekspert rəyinin tədqiqi hissəsində göstərilmişdir ki: “İstehsalçı “ÖZEMEK” şirkəti tərəfindən məhsula aid tərkib göstəricisi üzrə arayışda plastifikatorun (impact DMA 650 acrylic impact modifers) 6 % olması bildirilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 200 (iki yüz) manatdır. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş 01.11.2021-ci il tarixli 549 saylı “X6” MMC-nin mütəxəssis rəyinə əsasən mütəxəssis qarşısında PVC kütlədən ibarət 20x1.0mm, 22x1.0mm, 38x1mm, 40x1mm uzunluqları 60mm zolaq halında olan PVC kənar bandlarının kimyavi tərkibinin müəyyən edilməsi barədə sual qoyulmuş, analizin nəticəsi olaraq qeyd olunmuşdur ki, təqdim edilmiş nümunənin tərkibində 23,16 % - CaCO3(kalsium karbonat) 0,84%-Ti O2 (titan oksid), 70%-ə yaxın Polivinilxlorid (PVX) və 6% Plastikator (şaxtaya davamlı elastikliyi və plastikliyi artıran) vardır. Həmçinin məhkəmə iclasında təqdim olunmuş "X9 ve Kalıp San. Tic.Ltd.Şti" Şirkəti tərəfindən vəkil sorğusuna cavab olaraq ünvanlanmış məktuba əsasən“X9 ve Kalıp San. Tic.Ltd.Şti" Şirkəti olaraq Türkiyə Respublikasında fəaliyət göstərdikləri, OZM**********998 Ns-li 08.07.2021-ci il tarixli invoys sənədinin müşayəti ilə gətirilən mal "xxxx" MMC-nin sifarişi əsasında həmin şirkət tərəfindən istehsal olunmuş 03/07/2019- cu il tarixli müqavilə əsasında Türkiyədən Azərbaycana "xxxx" MMC üçün göndərildiyi, həmin malın tərkibində olan plastifikatoriarın kütlə faizi 6% (altı) faiz olduğu qeyd edilmişdir. Mal bu xüsusiyyətinə uyğun olaraq sinifləşdirilərək 3920 43 1000 kod verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 82.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 82.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlər üçün hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) onun baxdığı inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxsin, fiziki şəxsin müdafiəçisinin və ya qanuni nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin, prokurorun, zərər çəkmiş şəxsin və ya onun nümayəndəsinin vəsatəti ilə ekspertiza təyin edə bilər. Lakin, müdafiə tərəfi məhkəmə iclaslarında buna dair heç bir vəsatət qaldırmamış, sadəcə “X6” MMC-nin 01.11.2021-ci il tarixli 549 saylı rəyini təqdim etmişdir. Mövcud inzibati xətalar qanunvericiliyində tərəfin öz təşəbbüsü ilə birbaşa ekspertiza təyin etməklə əlaqədar bağlı normalar mövcud olmadığından, məhkəməyə təqdim edilən Baş Prokurorluğun müvafiq məktubunda özəl məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı hüquqi tənzimləmə məsələləri başa çatmadığından bu prosesə başlanılmadığı və özəl məhkəmə eksperti şəhadətnamələrinin verilmədiyini, buna görə də ekspertiza fəaliyyətinin müvafiq dövlət ekspertizası idarəsinin aparmaqda səlahiyyətli olduğunu, işin hallarının sənədlər ilə müəyyən edildiyini, xüsusi bilik tələb edən məsələlərin tədqiq edilərək ƏN MEM-nin 15 dekabr 2021-ci il tarixli 6/4701, 9/7642 saylı ekspert rəyinin mövcudluğunu diqqətə alaraq 01.11.2021-ci il tarixli 549 saylı “X6” MMC-nin mütəxəssis rəyini məhkəmə mümkün sübut hesab etmir. Məhkəmə qərarlarının hüquqi qüvvəsinə dair məsələyə münasibətdə məhkəmə qeyd edir ki, preyudisial əhəmiyyət onun məqsədləri ilə məhdud şəkildə başa düşülməlidir. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin vacibliyini diqqətə alaraq, nəzərə almaq lazımdır ki, ayrı-ayrı işlər üzrə məhkəmə qərarlarının digərinə nəticəvi hissəyə münasibətdə məcburiliyi hakimlərin müstəqilliyi prinsipi ilə səsləşmir. Buna görə də, məhkəmə işdə olan bütün qərarları digər subutlar ilə birlikdə təhlil edərək nəticəyə gəlməyi vacib hesab edir. İş materiallarında olan "X9 ve Kalıp San. Tic.Ltd.Şti" Şirkətinin Azərbaycan Respublikasına son bir ildə ayrı-ayrı şəxslərə eyni markalanma adı olan malı ixrac etməsinə dair işdə olan hesabat-cədvəllərdəki məlumatları diqqətə alaraq, məhkəmə istehsalçının başqa şəxslərə də gömrük orqanının müəyyən etdiyi - XİF MN üzrə 3920 49 100 0 kodu altında malları ixrac etdiyini və bu kod altında rəsmiləşdirmə apardığını nəzərə alır. Bununla belə malların dioktil ftalat ilə plastifikasiya olunması işdə olan bütün ekspert rəyi və mövcud normativ texniki standartların tələbləri ilə uyğun gəlir, plastifikasiya dərəcəsinə münasibətdə ekspert rəyinin gəldiyi ikili nəticəni doğuran səbəb kimi istehsalçının verdiyi belə məlumata istinada münasibətdə nəzərə alınmalıdır ki, elə həmin istehsalçının ayrı-ayrı şəxslərə başqa kod altında eyni markalı malı ixrac etməsi, bu hala münasibətdə istehsalçının sonradan təqdim etdiyi sənədi mötəbər hesab etməyə imkan vermir. Buna görə də rəyin həmin hissəsində ekspertin gəldiyi nəticəni məhkəmə sübuti əhəmiyyətli hesab etmir və toplanan sübutlar ilə bunun əksini müəyyən edir. Şahid qismində dindirilən Vüsalə Allahverdiyevanın izahatı və istehsalçının sənədlərində göstərildiyi kimyəvi məhlulunun istehsalçısının açıq informasiya resursunda olan təlimat vərəqəsində (iş vərəqə səh. 60) “Paraloid K120 N” kimyəvi məhsulunun tərkibində dioktil ftalatın 5%-dən çox olmamaqla mövcudluğu öz əksini tapmışdır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 11223,79 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməli və və materiallatın məhkəmə ekpertizası, məhkəmə iqtisadi ekspertizası tədqiqatlarına görə çəkilən 200 (iki yüz) manat xərc hüquqi şəxs Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 11223,79 (on bir min iki yüz iyirmi üç manat yetmiş doqquz) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 7857 (yeddi min səkkiz yüz əlli yeddi) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş materialların məhkəmə ekpertizası, məhkəmə-iqtisadi ekspertizasının xərci – 200 (iki yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-49/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-49/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver