Məhkəmə qərarları › İş №3(009)-491/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-491/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-491/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə işdən evinə qayıdarkən, evinin həyətində maşınından düşmüş və əlində olan maskanı taxmışdır. Bu an arxadan onu polis nəfəri səsləyərək sənədlərini tələb etmişdir. O, şəxsiyyətini təsdiq edən sənədi polis nəfərinə təqdim etdikdən sonra, ona maskasız olduğu üçün inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. O, polis nəfərinə indi maşından düşdüyünü və tibbi maskanı taxdığını bildirsə də, ona cərimə tətbiq edilmişdir. Hesab edir ki, qeyd edilən protokol qərəzli olaraq tərtib edilmişdir. O, qeyd edilən inzibati xətanı törətməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilməsi dair xx xxxxxx 2021-ci il tarixli, MN ******* qərarın ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək göstərmişdir ki, maşından düşərkən əlində maskanı taxarkən polis işçisi ona yaxınlaşıb maskanı taxmadığı üçün barəsində protokol tərtib edilmişdir. xx xxxxxx 2021-ci il tarixli, MN ******* qərarın ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru Nümayəndə şikayətə etiraz edərək göstərmişdir ki, xx.xx.2021ci il tarixdə gündüz saat 12:18-də X3 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitədə olan tibbi maskadan istifadə etmədiyini aşkar etmişdir. Murad Əliyev maşından düşərkən maskanı taxmamışdır və piyada bir qədər məsafə keçmişdir, o da onu aşkar edərək Murad Əliyevə yaxınlaşaraq onun adını və soyadını soruşub İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 tibbi maskadan düzgün istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə gündüz saat 12.18-də X3 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitədə olan tibbi maskadan istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 şikayətini onunla əsaslandırmışdır ki, o, əlində maskanı taxmağa hazırlaşarkən, ona polis nəfəri tərəfindən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Hazırki işdən görünür ki, şikayətçi öz şikayətində özü etiraf etmişdir ki, ona polis nəfəri yaxınlaşarkən o, tibbi maskada olmamış, yəni maskanı taxmağa hazırlaşarkən ona polis nəfəri yaxınlaşmışdır. Şikayətçinin tibbi maskanı əlində saxlayaraq onu taxmağa hazırlaşması isə, onun həmin vaxt tibbi maskada olması kimi qiymətləndirilə bilməz. Belə ki, həm qanunvericiliklə, həm də Nazirlə Kabinetinin müvafiq qərarları ilə ölkə ərazisində tibbi maskadan və sair qoruyucu vasitələrdən istifadə edilməsi məcburi hesab edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, şikayətçinin evinin həyətində maşından düşməsi və onunla bərabər avtomobildə ondan başqa heç kimin olmaması ilə bağlı isə şikayətçi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə şikayətçi X2 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatını özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 100 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail RPİnin 9-cu PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar