Məhkəmə qərarları › İş №3(009)-494/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-494/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-494/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2, Şəxs MMCnin nümayəndələri X7 və X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-00792/23 saylı 31 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, AZ1003, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 42CG764/42ZA664 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********6829 sorğu nömrəli xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsi ilə Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Bakı Bas Gömrük İdarəsinin “Qida məhsullarının rəsmiləşdirilməsi’’ şöbəsindən daxil olmuş 34/012/007483 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına 42CG764/42ZA664 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 42CG764/42ZA664 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanın göndərilən mallar 09 mart 2023-ci il tarixdə saat 22:39 radələrində Şimal Ərazi Baş Gömrü Samur gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 42CG764/42ZA664 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X7 Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 263 saylı qərarında qısa gömrük bəyannaməsinin verilməsi ilə hər hansı vaxt məhdudiyyəti yoxdur. İdxal bəyannaməsini nəqliyyat vasitəsi gömrük sərhədinin buraxılış məntəqəsinə daxil olmazdan ən azı 1 (bir) saat əvvəl elektron qaydada gömrük orqanlarına göndərilməməsinə görə qanunda məsuliyyət nəzərdə tutulmamışdır. Qanun bəyannamənin göndərilməməsinə görə məsuliyyət nəzərdə tutur. Göstərilənlərə əsasən, inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilməsi prosesinin onlayn monitorinqindən çıxarışdan görünür ki, 42CG764/42ZA664 nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanın göndərilən mallara dair qısa idxal bəyannaməsi mallar 09 mart 2023-ci il tarixdə saat 22:39 radələrində Şimal Ərazi Baş Gömrü Samur gömrük postundan keçməmişdən əvvəl 09 mart 2023-ci il tarixdə saat 22:29 radələrində elektron formada verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar