Məhkəmə qərarları › İş №3(009)-51/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-51/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-51/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X6, "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri Səbail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi, ev.92 C, 6012-ci məhəllə ünvanında yerləşən supermarketdə AQTA-nın Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixində yoxlama aparılmış, yoxlama zamanı məhsulların saxlanılması, qəbulu və satışı zaman hər hansı bir uyğunsuzluq aşkar edilməmiş, “Truffel” tort məhsulundan nümunə götürülmüş və Analiz üçün AQTİ laboratoriyasına göndərilmişdir. Daha sonra isə o, AQTA-nın Bakı Regional Bölməsinə dəvət edilmiş və nümunəsi götürülmüş məhsulda “Koliform” bakteriyalarının aşkar edilməsi ona bildirilmişdir. Bir ay sonra mağazaya qərar göndərilənədək, barəsində xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli qərar ilə ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, qəbul edilən inzibati tənbeh vermə haqqında Qərar obyektiv və ədalətli olmadığına, həmçinin aşağıda qeyd edilən digər hallara göı ə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: AQTA-nın Regional Bölməsinin əməkdaşları xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin Badamdar mağazasında yoxlama zamanı tort məhsulunu labaratoriya üçün götürərək mağazanı tərk etmişlər. Yoxlama nəticələri üzrə xx.xx.2023-cü il tarixli, YPK/0760-23 nömrəli qərara diqqət etsək, “Truffel” əmtəə nişanlı şirniyyat məhsulunda bakteriyanın aşkar edildiyi göstərilmişdir. Lakin inzibati qanunvericiliyə əsasən məhsulun insan sağlamlığı, həyatı, ətraf mühit üçün təhlükəli olması ilə bağlı hər hansı sənəd və ya əsaslandırılım dəlil mövcud deyildir. Yoxlama nəticələri üzrə qərara və sınaq protokoluna baxdıqda Qida Təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması qeyd edilmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan X3 Sınaq Protokolunda sınağın başlanılma tarixi xx.xx.2023-cü il tarixi, sınağın bitmə tarixi isə xx.xx.2023-cü il olduğu göstərilmişdir. Tarixlərə nəzər yetirdikdə inzibati orqan məhsul sınağa təqdim edilməmişdən öncə məhsulda bakteriya olduğu qənaətinə gələrək, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Bu hal da öz növbəsində obyektivliyi və sənədlərin mötəbərliyini şübhə altına alır. Əlavə olaraq məhsul mağazadan xx.xx.2023-cü il tarixində götürülmüş və 2 gün sonra sınaq üçün müvafiq labaratoriyaya təqdim edilmişdir. Məhsulun 2 gün ərzində hansı şəraitdə, hansı temperaturda saxlanılması, məhsula müdaxilənin edilməsi, labaratoriyaya təqdim edilən məhsulla mağazadan götürülən məhsulun eyni olması şübhə yaradan əlamətlərdir. Əlavə olaraq məhsul mağazadan xx.xx.2023-cü il tarixində götürülmüş və 2 gün sonra sınaq üçün müvafiq labaratoriyaya təqdim edilmişdir. Məhsulun 2 gün ərzində hansı şəraitdə, hansı temperaturda saxlanılması, məhsula müdaxilənin edilməsi, labaratoriyaya təqdim edilən məhsulla mağazadan götürülən məhsulun eyni olması şübhə yaradan əlamətlərdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxsin nümayəndəsi X8 şikayətini müdafiə edərək bildirmişdir ki, iş üzrə əvvəl yoxlama aparılmalı, sonra isə qərar qəbul edilməli idi. Hesab edir ki, əvvəl qərar çıxarılması, sonra yoxlama keçirilməsi qanunuyğun deyil. Belə ki, noyabr ayında müvafiq qərar qəbul edilmiş, bundan 15-16 gün sonra isə yoxlama aparılmışdır. Bundan əlavə, qərarda qeyd edilən bakteriyanın insan səhhətinə zərərli olub-olmaması sübuta yetirilməmişdir. Şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilib işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X9 şikayətə etiraz edərək bildirdi ki, iş üzrə yoxlama aparılmış və qərar qəbul edilmişdir. Buna görə də X1 barəsində çıxarılmış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" supermarketdə keçirilən yoxlama zamanı götürülmüş “Truffel” şirniyyat məhsulunun xx.xx.2023-cü il tarixdə daxil olan sınaq protokolu nəticələrinə əsasən “koliform” bakteriyalar aşkar edilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 447.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan №YPK/0760-23 saylı, xx.xx.2023-cü il tarixli yoxlamanın nəticələri üzrə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" supermarketdə aparılan yoxlama zamanı götürülmüş məhsul nümunəsində X3 Milli Referans Laboratoriyasının təqdim etdiyi sınaq protokollarına əsasən məhsullarda bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. AZ- 20010313/LAB06-23096-T-096 nömrəli müayinələrin nəticələrinə dair sınaq protokoluna əsasən “Truffel” əmtəə nişanlı şirniyyat məhsulunda “koliform” bakteriyalar aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Məhsul nümunələrinin götürülməsi Aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ev 92C ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" supermarketdən “Truffel” şirniyyat məhsulunun nümunələri götürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ev 92C ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx" supermarketdə keçirilən yoxlama zamanı götürülmüş “Truffel” şirniyyat məhsulunun xx.xx.2023-cü il tarixdə daxil olan sınaq protokolu nəticələrinə əsasən “koliform” bakteriyalar aşkar edilməsinə görə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.5-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* inzibati xəta haqqında protokol əsasında inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, "xxxx" MMC-yə məxsus "xxxx" supermarketdən məhsul nümunələri xx.xx.2023-cü il tarixdə götürülmüş, sınaq protokolu xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, yoxlamanın nəticələri üzrə qərar isə xx.xx.2023-cü i tarixdə qəbul edilmişdir. Odur ki, işə baxarkən istinad edilən inzibati xətanın mövcud olubolmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar