Məhkəmə qərarları › İş №3(009)-512/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-512/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-512/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, “X2 Kredit Təşkilatı” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X2 Kredit Təşkilatı” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərarı ilə “X2 Kredit Təşkilatı” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X2 Kredit Təşkilatı” MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin “X2 Kredit Təşkilatı” MMCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 Kredit Təşkilatı” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası “X2 Kredit Təşkilatı” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin «X2 Kredit Təşkilatı» MMC-yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan «X3» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 27.12.2020-ci il tarixdə saat 13:26-da Nəvai istiqamətində müəyyən edilmiş hərəkət surəti 12 km/saat həddində aşdığından Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 14 fevral 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «X2 Kredit Təşkilatı» MMC mülkiyyətində (istifadəsində) olan «X3» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, «X2 Kredit Təşkilatı» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 05 yanvar 2021-ci il tarixdə «X2 Kredit Təşkilatı» MMC-nin məsul şəxsi (Hüseynova) tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan «X2 Kredit Təşkilatı» MMC-nin 05.01.2021-ci il tarixli məlumatların təqdim olunması haqqında məktubundan görünür ki, «X2 Kredit Təşkilatı» MMC-yə məxsus «X3» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə (idarə etmək hüququ fiziki şəxs Azərbaycan Respublikasının vətəndaşı X1, sürücülük vəsiqəsi AC 373173) məlumat Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan “Qumru” surətli poçt daşıma xidmətinin qaiməsindən görünür ki, məktub «X2 Kredit Təşkilatı» MMC 06.01.2021-ci il tarixdə göndərilmiş və 07.01.2021ci il tarixdə Səbail Rayon Polis İdarəsinin məsul şəxsi tərəfindən alınmasından imtina olunduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail RPİ-nin «X3» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobili 27.12.2020-ci il tarixdə saat 13:26-da idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi üçün “X2 Kredit Təşkilatı” MMC-yə sorğu göndərilmiş, qeyd edilən sorğu isə 05.01.2021-ci il tarixdə «X2 Kredit Təşkilatı» MMC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, «X2 Kredit Təşkilatı» MMC tərəfindən Səbail RPİ-yə 06.01.2021-ci il tarixdə cavab məktubu göndərilmiş və 07.01.2021-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin məsul şəxsi tərəfindən alınmasından imtina olunmuşdur. Təsvir olunanlardan görünür ki, «X2 Kredit Təşkilatı» MMC Səbail RPİ-dən sorğunu aldığı gündən 5 gün müddətində həmin sorğuya cavab verdiyindən, «X2 Kredit Təşkilatı» MMC-nin Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də «X2 Kredit Təşkilatı» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X2 Kredit Təşkilatı» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata (14 fevral 2021-ci il tarixli İXP seriyalı 3786429) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar