Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-514/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 iştirakı ilə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı 01 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı 01 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 01 mart 2022-ci il tarixdə, günorta saatlarında dənizkənarı bulvar ərazisində olan yeraltı keçidlərdən birindən keçərkən, fərdi qoruyucu vasitə olan maska taxmağına da baxmayaraq, Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşı, sahə rəisi X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmiş və barsində inzibati tənbeh tədbiri olan 200 AZN cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında Protokolun və İnzibati tənbeh vermə haqda Qərarın qanunsuz və əsassız olduğunu hesab edir. Daha əvvəl - 22 yanvar 2021 -ci iİ tarixdə barəsində İXM-in 211.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında Protokol tərəfindən məhkəməyə verilmiş şikayət nəticəsində Sabail Məhkəməsinin 10.03.2021 tarixli qərarı ilə ləğv edilsə də, bunu vəzifəli şəxs nəzərə almamışdır və İXM-in 211.3-cü maddəsi ilə Protokol tərtib etmişdir. Bildirmişdir ki, “sistemdə həmin protokol hələ də qaldığına görə, bu halı 1 il ərzində təkrar törədilmə halı hesab edir...” Digər tərəfdən hesab edilsə ki, 22 yanvar 2021-ci il tarixli Protokol ilə bağlı o məhkəməyə müraciət etməmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Belə olan halda isə vəzifəli şəxs digər və mahiyyət etibarilə daha kobud olan pozuntuya yol vermiş olur. Belə ki, İXM-in 211.3-cü maddəsinin tələbinə görə, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi .... “ bu maddə üzrə tərkibin yaranmasına səbəb olur. Göründüyü kimi, qərar qüvvəyə mindiyi gündən, yəni Qərarın qəbul edildiyi tarixdən 10 gün sonra 22 yanvar 2021-ci il tarixdən hesablansa, həmin vaxtdan bəri 1 ildən artıq müddət keçdiyi aşkar müəyyən olur. Hesab edir ki, burada vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyətə cəlb edilməmiş hesab edilmə üçün 35-ci maddə ilə müəyyən olunmuş 1 illik müddətlə 211.3-cü maddədə göstərilmiş 1 illik müddəti qarışdırmışdır və ciddi pozuntuya yol vermişdir. Xətanın özünün mahiyyətinə baxaq. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İndiki halda vəzifəli şəxs tərəfindən xətanın xarakteri və onun təqsirinin dərəcəsi nəzərə alınmamışdır. Deməli, xəta tam qapalı deyil, yarıqapalı yer olan yeraltı keçiddə, özü də keçiddən çıxış pilləkəninə addım atdığı, yəni artıq keçidi tərk etdiyi və tam açıq məkana çıxdığı məqamda yazılmışdır, o isə maska taxmışdır, lakin müəyyən qədər sürüşdüyünə görə burnunun üzərində deyil, aşağı nahiyəsində - üst dodaq və burun dəlikləri arasında olmuşdur. Bunu inzibati xəta kimi görmək və üzərinə sanki cinayətkarmış kimi şığıyaraq barəsində 211-ci maddənin ən ağır sanksiyası üzrə protokol tərtib etmək isə vəzifəli şəxsin olduqca qeyri-peşəkar və qeyri-obyektiv, eləcə də qərəzli yanaşmasının nəticəsidir. Hesab edir ki, vəzifəli şəxs tərəfindən işin halları - xətanın xarakteri və törədilmə şəraiti nəzərə alınmamışdır - mübahisələndirilməyən haldır ki, artıq get-gedə pandemiya ilə bağlı qadağa və ciddiyyətlər azalmaqda və yumşalmaqdadır və artıq uzun müddətdir ki, bununla bağlı dövri tədbirlər icra edilir, icazələr genişləndirilir və s. Yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə müşaiyət olunan əməllərin təsiri və ictimai təhlükəliliyi azalmaqdadır və artıq xeyli azalmışdır. Ümumiyyətlə, həm cinayət, həm də inzibati xəta qanunvericiliyi cəza və inzibati məsuliyyət tədbirlərini bir neçə variantda və alternativdə təklif edir ki, bu alternativlərdən birinin müvafiq səlahiyyətli şəxs və ya orqan tərəfindən seçilməsi isə birbaşa olaraq sosial və şəxsi amillərlə - hadisənin törədilmə şəraiti, əməlin xarakteri, ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti və s. əlaqəlidir. İndiki halda - yoluxma sayının azaldığı, bütün dünya və ölkə üzrə qapanmaların aradan qaldırıldığı və karantin rejiminin yumşaldığını, onun “xəta törətdiyi” şəraitin tam qapalı deyil, hər iki tərəfdən hava daxil olan yeraltı keçid şəraiti olması, eləcə də “barəsində qüvvədə olan hesab etdiyi” inzibati xəta protokolunun qüvvəyə mindiyi tarixdən 1 ildən də çox vaxt keçməsi vəzifəli şəxs tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır ki, əgər belə olsa idi, heç olmasa İXM-in alternativ sanksiyası olan 211.2-ci maddə ilə protokol tərtib edərdi. Qeyd olunanları nəzərə alaraq, Vəzifəli şəxs X5 tərəfindən barəsində tərtib edilmiş 01 mart 2022-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqda Qərarın, eləcə də həmin Qərar üçün əsas olmuş 01 mart 2022-ci il tarixli EPQ N ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayəti müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı 01 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş EXP ******* saylı 01 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 01 mart 2022-ci il tarixdə, səhər saatlarında qapalı məkanda tibbi maskadan istifadə etməmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı 01 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə–fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı 01 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X4 iştirakı təmin edilməmiş, onun harada, necə və hansı şəraitdə inzibati xəta hadisəsini törətməsi protokol və qərarda öz əksini tapmamış, eyni zamanda fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasının il ərzində təkrar törədilməsi əsaslandırılmamışdır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X4 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası İXM-in 211.3-cü maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 verdiyi şikayət təmin edilməli və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı 01 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı 01 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin EPQ ******* saylı 01 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-514/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-514/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver