Məhkəmə qərarları › İş №3(009)-518/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-518/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-518/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş 10 aprel 2023-cü il tarixli 00100-00845/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında “Forma 3.9.2.1” elektron hesabat sistemindən 06 fevral 2023-cü il tarixdə alınmış məlumata əsasən ünvan 1 ünvanında qeydiyyatda olan “X5" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilən **********5204 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 14767,40 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi’’ (VAİS) informasiya resursunun banklarla Dövlət Gömrük Komitəsi arasında "Forma 3.9.2.1’ elektron hesabat sistemindən 06 fevral 2023-cü il tarixdə alınmış məlumata əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış AFC-003/2021 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş xeyli miqdarda, yəni ümumilikdə 14767,40 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Şəxs MMC-nin direktoru X6 tərəfindən həmin hüquqi şəxsin adından bağladığı AFC-003/2021 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə üzrə Rusiya Federasiyasında alqı-satqı növündə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda, milli valyutaya nisbətdə 25104,58 (iyirmi beş min yüz dörd manat əlli səkkiz qəpik) manat təşkil edən 14767,40 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri mövcud olduğundan və həmin maddə üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparıldığından toplanılmış materiallar 1400-013/0xx-xx/001388 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Qeyd edilən faktla bağlı 07 mart 2023-cü il tarixdə Səbail rayon prokuroru, baş ədliyyə müşavirə Natiq Əsədov tərəfindən 57-C-2023 nömrəli araşdırma materialı üzrə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərar qəbul edilmişdir. Həmin gərardan görünür ki, Şəxs MMC tərəfindən konsignasiya yolu ilə Rusiya Federasiyasına ixrac edilmiş malın müqabilində Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülməli olan 14767,40 ABŞ dolları və ya 25104,58 manat məbləğində pul vəsaiti köçürülməyərək qeyd olunan vəsaitin ölkəyə qaytarılmaması faktının araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixli, **********5204 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac olunmuş malın müqabilində yalnız cəmi 6266,13 ABŞ dolları və ya 10652,42 manat MMC-nin müvəkkil bankının hesabına ödənilməyərək ölkəyə qaytarılmamışdır. Odur ki, hüquqi şəxs "X5” MMC barəsində inzibati icraat başlanılmaqla inzibati xəta haqqında icraat materialı araşdırma aparılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsinə göndərilməlidir. Aparılan araşdırma zamanı yenidən zərurət yarandığından “X5" MMC tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən **********5204 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilmiş mallar müqabilində ölkə ərazisinə qaytarılmamış vəsaitin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/007861 saylı xx.xx.2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Gömrük Əməliyyatları idarəsindən daxil olmuş 34/012/008400 saylı xx.xx.2023-cü il tarixli raportda bildirilmişdir ki, “X1 Sistemində”, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixinə alınmış məlumata əsasən raportda göstərilən “X5" MMC tərəfindən sözügedən dövr üzrə rəsmiləşdirilən gömrük bəyannamələrində konsignasiya əməliyyatları üzrə 1 (bir) gömrük bəyannaməsi (**********5204 sorğu nömrəli) üzrə 9432,48 ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. Beləliklə, araşdırma zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən QOQ “AL Qrin” şirkəti ilə arasında bağlanılmış AFC-003/2021 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə istinad etməklə **********5204 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 9432,48 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 bildirdi ki, təmsil etdiyi “X5" MMC (VÖEN: **********) (bundan sonra “Satıcı”) ilə Rusiya Federasiyasının qanunvericiliyinə müvafiq həmin ölkədə qeydiyyata alınmış “ALL GREEN" MMC (“ALL ГРИН" ООО) (VÖEN: **********) (bundan sonra “Alıcı”) arasında 01 oktyabr 2021-ci il tarixində AFC-003/2021 nömrəli Müqavilə bağlanılmışdır. Həmin Müqavilə üzrə Satıcı müqavilədə göstərilən şərtlərə uyğun olaraq özü tərəfindən istehsal edilmiş kəsilmiş və kol güllər ilə Alıcını təchiz etməyi, Alıcı isə mallar təhvil alındıqdan sonra 20 (iyirmi) gün müddətində onların razılaşdırılmış dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən görünür ki, həmin Müqavilənin 01 saylı Əlavəsinə əsasən, ümumilikdə cəmi 19767,4 ABŞ dolları məbləğində malların alqı-satqısı həyata keçirilmişdir. Sözügedən Müqavilə üzrə 29 oktyabr 2021-ci il tarixli "Zədələnmiş məhsulların Təhvil-Təslim Aktı”ndan görünür ki, Tərəflər (Alıcı və Satıcı) Malların Rusiya Federasiya ərazisində Alıcıya çatdırılarkən ümumilikdə cəmi 3104,9 ABŞ dolları məbləğində malın çatdırılması zamanı mövcud koronavirus pandemiyası səbəbindən yolda ləngimələrin olmasından təhvil verilmə anında yararsız olması müəyyən edilmiş, Alıcının Müqavilə üzrə haqqını ödəməli olduğu qalıq məbləğ olan 16662,5 ABŞ dolları məbləğində malların tam salamat şəkildə təhvil verildiyi təsdiq edilmişdir. Lakin Alıcı tərəfindən Müqavilə üzrə götürdüyü öhdəliklərə əməl olunmamış, şirkət tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq müxtəlif səbəblər bəhanə kimi göstərilməklə ödənişin həyata keçirilməsindən boyun qaçırmağa çalışmışdırlar. Belə ki, Müqavilə üzrə ödənilməli olan qalıq 16662,5 ABŞ dolları məbləğində vəsaitin 4990 ABŞ dolları məbləği xx.xx.2022-ci il tarixində Müqavilədə qeyd olunan müvəkkil bank (Paşa Bank ASC) üzrə şirkətin hesabına köçürülmüşdür. Davamlı tələblərə rəğmən borcun qalıq hissəsinin Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən Alıcının müvəkkil bankı tərəfindən ölkə ərazisində mövcud problemlər nəzərə alınmaqla texniki cəhətdən ABŞ dolları valyutasında köçürmənin mümkün olmadığı bildirimişdir. Baxmayaraq ki, Müqavilədə tərəflər ödənişin ABŞ dolları ilə aparılmasını təsbit etmişdilər, Alıcının icra etmədiyi öhdəliklərini yerinə yetirməsi üçün AFC MMC tərəfindən mümkün bütün addımlar atılmış, X3 “rubl” valyutası seçilməklə yeni bank hesabı açılmış, habelə tam hüquqi formada Müqaviləyə ödənilməli olan qalıq məbləğin köçürülməsinin təmini üçün tərəflər arasında xx.xx.2023-cü il tarixində 3 №-li əlavə razılaşma imzalanmış, qalıq məbləğin “rus rublu” valyutasında olmaqla Satıcının həmin Razılaşmada rekvizitləri qeyd edilən Azərbaycan Beynəlxalq Bankındakı hesabına köçürülməsi barədə razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən görülən zəruri tədbirlərin nəticəsi olaraq qalıq 16662,5 ABŞ dolları məbləğində vəsaitdən 404882,7 rus rublu (valyuta məzənnəsi nəzərə alınmaqla 5406,37 ABŞ dolları) məbləğində vəsait Satıcının müvəkkil bankda açılan rubl hesabına 02.02.23-cü il tarixində köçürülmüşdür. Lakin bütün gördüyümüz tədbirlərə, dəfələrlə xəbərdarlıqlara baxmayaraq Alıcı Müqavilə üzrə öhdəliklərinin icrasından yayınmışdır, Müqavilə üzrə 6266,13 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi hələ də icra edilməmişdir. Təqdim edilən sənədlərdən də görünür ki, Müqavilə üzrə Alıcının (zay mallar istisna olmaqla) 16662,5 ABŞ dolları məbləğində borcundan bu günədək çoxsaylı tələb, şikayət və pretenziyalar nəticəsində 10396,37 ABŞ dollarının ödənilməsi məhz Zərərçəkmiş qismində “X5" MMC-nin və onun səlahiyyətli şəxslərinin səyləri nəticəsində təmin edilmişdir. Qalıq cəmi 6266,13 ABŞ dolları məbləğində (10652,42 AZN) vəsaitin ödənilməsi üçün hüquq çərçivəsində mümkün bütün zəruri addımlar atılmışdır. Həmçinin, gömrük bəyannaməsi tərtib və təsdiq edildikdən sonra müvafiq məlumatları sistemə daxil edən şəxslər tərəfindən Bəyannaməyə düzəlişlərin edilməsi mümkünsüzdür. Belə ki, Mallar göndərilərkən “koronavirus pandemiyası” şəraitində həmin malların yolda saxlanılma ehtimalı, habelə müəyyən qisminin (3104,9 ABŞ dolları məbləğində) məhv olma ehtimalı əvvəlcədən təyin edilə bilinməyəcək və xüsusilə Satıcı tərəfindən tənzimlənə bilməyəcək və onun təqsiri ucbatından olmayan hal olmuşdur. Bu səbəbdən Gömrük Bəyannaməsində bəyan edilmiş 19767,4 ABŞ dolları məbləğinin onlar tərəfindən müvafiq olaraq 3104,9 ABŞ dolları məbləğində azaldılması texniki cəhətdən mümkünsüz olmuşdur. X9 Komitəsinə bu halın nəzərə alınması və bəyannamə üzrə dəyişikliklərin olunması üçün müraciət edilmişdir. Həmçinin, AR Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində müvafiq halla bağlı aparılan araşdırma üzrə verdiyi izahatda işin bütün halları barədə məlumat verilməsinə, habelə yuxarıda qeyd edilən bütün nüansları təsdiq edən mötəbər sübutlar təqdim edilməsinə baxmayaraq Gömrük orqanında işi araşdıran şəxs tərəfindən qərəzli mövqe nümayiş etdirilməklə işin mühüm halları heç bir formada hüquqi baxımdan qiymətləndirilməmiş və nəzərə alınmamışdır. Belə ki, müvafiq qanunvericiliyə əsasən inzibati xətanın əlamətləri hal-hazırda mövcud işlə əlaqədar mövcud deyildir. Belə ki, kontragent tərəfindən ödənilməli olan qalıq məbləğ olan 6266,13 ABŞ dolları məbləğində vəsaitin Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülməməsi müvafiq şirkətin təqsiri ucbatından baş verməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq “X5" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Əməliyyatları İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron Hesabat sistemindən xx.xx.2023-cü il tarixinə alınmış məlumata əsasən Gömrük Əməliyyatları İdarəsinin 34/012/031483 nömrəli 17.12,2022-ci il tarixli raportunda göstərilən Şəxs MMC (VÖEN: **********) tərəfindən 11 fevral 2017-ci il tarixindən 01 may 2022-ci il tarixədək müddətdə rəsmiləşdirilən gömrük bəyannamələrində Konsiqnasiya əməliyyatları üzrə 1 gömrük bəyannaməsi **********5204) üzrə 9432.48 ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, “X5" MMC tərəfindən rəsmiləşdirilən **********5204 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 9432,48 ABŞ dolları qalıq məbləği müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 03 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə ABŞ dollarının Azərbaycan manatına münasibətdə valyuta məzənnəsini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Mərkəzi Bankının www.cbar.az ünvanlı rəsmi internet səhifəsinə baxış keçirilmiş, baxış nəticəsində müəyyən edilmişdir ki, 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 9432,48 ABŞ dolları milli valyutaya nisbətdə 16035,22 (on altı min otuz beş manat iyirmi iki qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 29 oktyabr 2021-ci il tarixli "Zədələnmiş məhsulların Təhvil- Təslim Aktı”ndan görünür ki, Tərəflər (Alıcı və Satıcı) Malların Rusiya Federasiya ərazisində Alıcıya çatdırılarkən ümumilikdə cəmi 3104,9 ABŞ dolları məbləğində malın çatdırılması zamanı yararsız olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Şəxs MMC tərəfindən “ALL GREEN" MMC-yə (“ALL ГРИН" ООО) xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 6266,13 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı barədə pretenziya göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmir, protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, inzibati xəta tərkibi olmasına dair mötəbər sübutlar yoxdur, inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Bu isə özü-özlüyündə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını şübhə altına alır. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında müəyyən edilmişdir ki, "Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz..." "Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir." Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özüözlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Belə ki, xaricdən valyutanın qalıq məbləğinin geri qaytarılmamasının səbəbi malın bir qisminin istifadəyə yararsız olmasının müəyyən edilməsi olmuşdur. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 114-115, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (10 aprel 2023-cü il tarixli 00100-00845/23 saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar