Məhkəmə qərarları › İş №3(009)-530/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-530/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-530/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli 00100-0426/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin adına Türkiyə Respublikasından 61K12960/61K12961 nömrəli avtomaşınla daxil olmuş 1945 yerdən ibarət, brutto çəkisi 19083 kq olan mətbəx qabları yüklərinin invovs dəyərinin 22548,29 ABŞ dolları deyil, 35330,60 ABŞ dolları olduğu, nəticədə MMC tərəfindən ümumilikdə 3269,20 azn məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı və MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Dəyərləndirilməsi və Risklərin İdarə Olunması şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raporta əsasən ünvan 1 ünvanında ünvanında yerləşən Şəxs MMC-nin adına Türkiyə Respublikasından 61K12960/61K12961 nömrəli avtomaşınla daxil olmuş 1945 verdən ibarət, brutto çəkisi 19083 kq olan mətbəx qabları yüklərinin **********5471 sorğu nömrəli 12.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyi, gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən GİB**********3 nömrəli 06.03.2021-ci il tarixli invovsda qeyd edilən dəyərin araşdırılması üçün DGK-nin Beynəlxalq Əməkdaşlıq idarəsi vasitəsilə Türkiyə Respublikasının Gömrük orqanına 1400- 011/004- 25/003984 saylı 17.06.2021-ci il tarixli məktubla müraciət olunduğu, həmin müraciətə cavab olaraq DGK tərəfindən 1000-200/200-25/000374 saylı 11.01.2022-ci il tarixli məktubla BBGİ-və göndərilən X1 və Ticarət Bakanlıqıdan alınmış cavab məktubuna əsasən Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən GİB**********3 saylı 06.03.2021-ci il tarixli invovs sənədində qeyd olunan yüklərin dəyərinin 22548,29 ABŞ dolları deyil, 35330,60 ABŞ dolları olduğu aşkar edilmişdir. İnzibati xəta haqqında protokola əsasən araşdırma zamanı Şəxs MMC tərəfindən **********5471 sorğu nömrəli 12.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların invovs dəyərinin 22548,29 ABŞ dolları deyil, 35330,60 ABŞ dolları olduğu təqdirdə mallar gömrük orqanına bəyan olunan günə uyğun olaraq ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi müəyyən edilərək əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/000977 nömrəli 14,01,2022-ci il tarixli raportla Gömrük Əməliyyatları idarəsinə müraciət olunmuş, daxil olmuş 34/012/001698 nömrəli 25.01.2022-ci il tarixli raporta əsasən “NEFTRUX GROUP " MMC tərəfindən idxal gömrük rüsumu üzrə 1373,61 azn, əlavə dəyər vergisi üzrə 1895,59 azn olmaqla ümumilikdə 3269,20 azn əlavə gömrük ödənişinin ödənilməli olduğu müəyyən edilmişdir. Həmçinin inziati xəta haqqında protokola əsasən Şəxs MMC-nin ünvanına 1400- 013/006-24/001293 nömrəli 01,03.2022- ci il tarixli məktubla ödənilməli olan gömrük ödənişlərinin məbləği barədə Bildiriş və Bakı Bas Gömrük İdarəsinin heab nömrəsinə dair çıxarış göndərilmiş, lakin, yaranmış ümumilikdə 3269,20 azn əlavə gömrük ödənişləri ödənilməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin iştirakını təmin etmək məqsədi ilə məktub göndərilmiş, lakin MMC-nin səlahiyyətli nümayəndəsi BBGİ-yə gəlməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 3269,20 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 3269,20 (üç min iki yüz altmış doqquz manat iyirmi qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 2288 (iki min iki yüz səksən səkkiz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar