Məhkəmə qərarları › İş №3(009)-54/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-54/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-54/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar işlər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar işlər İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 dekabr 2021-ci il tarixli, 00100-2563/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən ölkəyə idxal edilmiş kartof məhsullarının qida təhlükəsizliyi sertifikatları alınmadan satılması barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə daxil olmuş müraciət üzrə araşdırma aparılmışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMin 447.0.4-cü maddəsinin tələbləri pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə protokol tərtib etmiş orqanın və barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş material əsaslıdır. İş materiallarına əlavə edilmiş 22.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş müraciət ilə əlaqədar toplanmış 02/2-254c-21 saylı material üzrə vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 15.12.2021-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN - **********) hüquqi şəxs, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş hüquqi şəxs Şəxs MMC-nin (VÖEN - **********) təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X2 izahatından görünür ki, 16.09.2021-ci il tarixdə alıcı Şəxs MMC ilə xarici şirkət olan satıcı «HP-QRANS» şirkəti ilə 66900 kq toxumluq kartof məhsullarının alınması barədə müqavilə bağlanmış və 602100 rubl məbləğində pul ödənilmişdir. Qeyd olunan sifariş 22 sentyabr 2021-ci ildə Rusiya Federasiyasından Abşeron Gömrük Postuna gəlmişdir. O, da həmin tarixdə məhsulu Gömrük idarəsinin Logistikasında gömrük rəsmiləşdirilməsi işlərini icra etməyə başladı. Eləcə də məhsulun yoxlanışı barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına xəbər vermişdir. Bundan sonra 24.09.2021ci ildə qeyd olunan məhsullardan müvafiq nümunələr götürülmüşdür ki, analizə təqdim edilsin. O, isə həmin tarixdə sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra məhsulunu gömrük məntəqəsindən götürərək məhsulların gəldiyi 3 ədəd yük maşınlarında həmin kartofları təxminən 10 gün müddətində saxlamışdır. Həmin məhsul təxminən 10 gündən artıq qaldıqdan sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ekspertiza ilə bağlı xəbər ala bilmədiyi üçün məcbur məhsulun satışına başlandı. Həmin satışı tanımadığı müxtəlif şəxslərə satılmaqla təxminən 3 günə satışı tam yekunlaşmışdır. 16 oktyabr 2021-ci ildə bilmişdir ki, onun toxumluq kartof məhsulları zay məhsul kimi qeyd olunaraq sonradan satışına qadağan qoyulması barədə qərar verilmişdir. İş materiallarına əlavə edilmiş 24.09.2021-ci il tarixli mallara (məhsullara) toxunulmaması barədə aktdan görünür ki, sahibkar kimi Namiq Səfərov və yoxlayıcı X1 iştirakı ilə hər biri 66,9 ton olan bir ədəd vaqon toxumluq kartofun nümunəsi götürüldüyü üçün həmin məhsullara toxunulmaması qeyd edilmiş və bu qeyd olunan iştirakçıların imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Protokolundan görünür ki, Kalekim” MMC tərəfindən ölkəyə idxal edilmiş kartof məhsulundan götürülmüş nümunələrdə kartof yumurtalarında nalqavari bakterial çürümə (Clavibacter michiganensis subsp sependonicus) zərərvericiləri aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114, 115, 129-131-ci və 447-ci maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar