Məhkəmə qərarları › İş №3(009)-549/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-549/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-549/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 19 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 xx.xx.2024-cü il tarixdə Nəsimi rayon məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 19 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 3(006)-4701/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət aidiyyəti üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, törədilməsi iddia edilən inzibati xəta hadisəsi mövcud deyildir. Çünki polis əməkdaşı tərəfindən eyni istiqamətdə gedən nişanlama xətlərinin tapdalanması qeyd edilsə də, əslində Bakı şəhəri, Mehdi Hüseyn ünvanında hərəkət edərkən sürücü tərəfindən sözügedən nişanlama xətlərini tapdadılmamışdır. Bunu da xüsusilə qeyd etməliyik ki, qərar elektron sistemə yerləşdirilsə də, onun hansı əsasla qəbul edildiyinə dair hər hansı sübut (foto, video materiallar və s.) əlavə edilməmişdir. İXM-İn 122.3.1-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilir. Sözügedən maddəsinin tələbinə istinadən deməliyik ki, bu baxımdan da qərarın tamamilə qanunsuz şəkildə qəbul edildiyi və ləğv edilməli olduğu bir daha öz təsdiqini tapır. Hətta eyni istiqamətdə gedən sözügedən nişanlama xətlərinin tapdadılmasını fərz etsək belə, bu halda yenə də törədilməsi iddia olunan hadisə inzibati xəta hadisəsi hesab edilmir. Belə ki, yol nişanları ümumilikdə 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). İnzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulan sözügedən eyni istiqamətdə gedən nişanlama xətləri isə məhz məlumatverici-göstərici nişan qrupuna aiddir və həmin nişanlanma xətlərinin tapdadılması barəsində qanunvericilikdə heç bir inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Şikayətçi xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 19 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ilə X2 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Mehdi Hüseyn 49 ünvanında İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 36 (otuz altı) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş protokol tərtib etmiş orqan tərəfindən təqdim edilmiş DVD diskdən görünür ki, X2 yerdə olan məcburedici işarənin sağa olmasına baxmayaraq düzünə hərəkət edərək inzibati xəta törətmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin Bakı şəhər DYPİ-nin 14 noyabr 2024-cü il tarixli İXP6689828 saylı inzibatı protokol əsasında qəbul olunmuş 18 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Qeyd:

1. Bu Məcəllənin 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3 - 327.6, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir.https://e-qanun.az/framework/46960

7. Zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxsə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. 7-1. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 icraat zamanı prosessual pozuntulara yol verilməsi və bununla əlaqədar iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayətinə məhkəmə bildirilir ki, vəzifəli şəxs və ya məhkəmə (hakim) tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətaya dair iş üzrə icraat aparılan zaman pozuntulara yol verilməsi müəyyən edildiyi təqdirdə qeyd edilən hal inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs barəsində müəyyən təsir tədbirlərinin görülməsi üçün əsas hesab oluna bilər, lakin təqsirli bilinən şəxsin inzibati məsuliyyətini aradan qaldırmır. Hazırki halda X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X1 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 19 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 19 oktyabr 2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar