Məhkəmə qərarları › İş №3(009)-553/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-553/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-553/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİnin 41-ci PB-nin sahə inspektoru İbrahim Nəbiyevin iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş xx xxxxxx 1969-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yaşayan X3 barəsində inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən X3 barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 11 mart 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 1969-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yaşayan X3, 10 mart 2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 41-ci PBnin sahə inspektoru Nəbiyev İbrahim, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasına uyğun inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 əməlindən peşman olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, bunun nəzərə alınmasını və ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilən Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X5 ifadəsində, 10 mart 2022-ci il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küşəsindən daxil olmuş məlumat əsasında X2 içkili halda aşkar etdiklərini, onun barəsində tədbir görülməsi üçün həkim müayinəsinə dəvət etdiklərini, lakin vətəndaşın onların qanuni tələblərinə riayət etməyərək, kobud və aqresiv davranış göstərdiyini bildirdi. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X1 himayəsində 07.02.2007-ci il təvəllüdlü X4 vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X3, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınır. Məhkəmə hesab edir ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var, X1 şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar