Məhkəmə qərarları › İş №3(009)-554/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-554/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-554/2022 11.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon İcra şöbəsinin icra məmuru X5 iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 11 mart 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 11 mart 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavədən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-401/2013 nömrəli, 01.02.2013-cü il tarixli icra sənədinə əsasən 09.11.1999-cu il təvəllüdlü X6 və 26.05.2006cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün 08.01.2013-cü il tarixdən başlayaraq, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşayan Şəxs X2 xeyrinə hər ay sabit pul məbləğində 400 manat miqdarında aliment tutulmalı və cavabdehdən 20 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 14.03.2013-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara soğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət olunmuş, Səbail Rayon Məhkəməsinin 8(009)-6/2020 saylı, 08.01,2020-ci il tarixli qərardadı icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Bundan əlavə icra məmuru 24.09.2020ci il tarixli borclunun axtarışı haqqında qərar qəbul edərək, icra olunması üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş və 20405/20 saylı axtarış işi açılmışdır. 26.11.2020-ci il tarixdə borclu Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Ondan icra sənədinin icrası ilə bağlı izahat alınmış, o verdiyi izahatına borcu ödəyə bilməyəcəyini bildirmişdir. Həmin tarixdə icra məmuru tərəfindən inzibati protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuş və Səbail Rayon Məhkəməsinin 3(009)-3543/2020 nömrəli, 26.10.2020-ci il tarixli qərarı ilə borclu 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Bundan sonra aliment üzrə yaranmış borcun ödənilməsi ilə bağlı borclu dəfələrlə xəbərdarlıq olunsa da, o icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icrasından yayınmışdır. Yenidən borclu barəsində axtarış qərarı qəbul olunmuş, icra edilməsi üçün Səbail Rayon Polis İdarəsinə göndərilmiş və borclu 11.03.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə təhvil verilmişdir. Aliment üzrə yaranmış borcun ödənilməsi borcluya təkif olunsa da, o, borc məbləğini heç bir halda ödəyə bilmiyəcəyini bildirmişdir. İcra sənədi üzrə bu günə olan dliment borcu 14760 manat məbləğində təşkil edir. İş üzrə tələbkar X4 icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon İcra şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs borcu 14760 manat təşkil edir, borclu tarixli hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməyəcəyini, hazırda heç bir yerdə işləmədiyini, işlə təmin olunduqdan sonra yalnız aliment ödənişini ödəyəcəyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir, odur ki borclu Şəxs inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilməyəcək, hazırda heç bir yerdə işləmir, işlə təmin olunduqdan sonra yalnız aliment ödənişini ödəyəcəkdir, qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 bildirmişdir ki, bu günədək borclu Şəxs müxtəlif bəhanələr gətirərək alimenti ödəməkdən yayınmış və ümumilikdə 14760 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 11 mart 2022-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X7 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar