Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-567/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Lənkəran rayonunun Digah kəndi, Lənkəran rayonu, Digah kəndiində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 mart 2022-ci il tarixdə, saat 14:36-da ünvan 1 ünvanında vətəndaş Şahmar Ağasiyevə məxsus dəmir boruları götürərək ümumilikdə 150 manat ziyan vurmuşdur. Qeyd olunan fakt üzrə Səbail RPİ-nin 8-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı Rahib Cəfərov tərəfindən araşdırma aparılmış və 14 mart 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 13.03.2022-ci il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, X6 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs dediyinə görə Salyan yolu ərazisində kirayə yaşadığını bildirmiş, lakin yaşayış yerinin məlum olmadığını, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, dəmir parçaları çürük olduğu üçün yararsız olduğunu düşünmüşdür. O həmin dəmirləri 12.50 manata satmışdır. Bunu çörək almaq üçün etmişdir. Qardaşının yanında fəhləlik edir. Borcunu qardaşından alıb ödəyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, həmin dəmirləri bir müddət öncə üzüm tağı düzəltmək üçün almışdır. Lakin bir neçə gün öncə həyətə gəldikdə dəmirlərin orada olmadığını görmüşdür. Müşahidə kamerasından baxaraq bir nəfər şəxs tərəfindən oğurlandığını öyrənmişdir. O bir neçə dəmirçixanadan soruşaraq həmin şəxsin daimi oğurluq etdiyini öyrəndikdən sonra bu barədə polisə məlumat vermişdir. Ona dəyən maddi ziyanın 150 manat olduğunu bildirərək ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işə xitam verilir. Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Odur ki, Şəxs İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, məsuliyyəti ağırlaşdıran halın və yüngülləşirən halların olmasını, inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eləcə də bu cür hərəkətləri ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını, ziyanı ödəmədiyini, həmçinin əmlak vəziyyətini nəzərə alaraq, ona 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati qaydada həbs tətbiq edilməlidir. İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs növündə cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 13 mart 2022-ci il saat 23:30-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X5 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-567/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-567/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver