Məhkəmə qərarları › İş №3(009)-568/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-568/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-568/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət X5 inzibati təcrübə üzrə inspektoru X2 iştirakları ilə, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət X5 02 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət X5 02 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılrmışdır ki, işlədiyi “GPS Solution” şirkətinə məxsus idarə etdiyi avtomaşınla 17.02.2022-ci il tarixdə Bakı-Qazax yolunda qayda pozmadığı halda ona İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Etirazı ilə əlaqədar olaraq 28.02.2022-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə dəvət olunmuşdur. ərazidəki hərəkətlər və inspektorla olan danışıqlar xəbərli şəkildə avtomaşında olan kamera vasitəsi ilə qeydə alınmış görüntüləri vəzifəli şəxsə təqdim etmişdir. Lakin buna baxmayaraq qərəzli olaraq barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən Səbail rayon Polis İdarəsi Dövlət X5 02 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət X5 inzibati təcrübə üzrə inspektoru X4 şikayətə etiraz edərək bildirmişdir ki, sürücü tərəfindən nəqliyyat vasitəsi idarə edilərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydaları pozulmuş və sürücü barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati xəta haqqında protokol əsasında 02.03.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Səbail Rayon Polis İdarəsinin Dövlət X5 02 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayəti müdafiə edərək bildirmişdir ki, yük avtomobilini ötmüş sonra sağ tərəfdən digər ağ rəngli avtomobil çıxmış, sürəti həmin ağ rəngli minik avtomobilindən çox olduğu üçün o, sol zolaqla hərəkətini davam etdirmişdir. Səbail Rayon Polis İdarəsinin Dövlət X5 02 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında hadisənin videogörüntülərini əks etdirən diskə baxılarkən müəyyən edilmişdir ki, X3 idarə etdiyi "Jac Pick up HFC1037D3KFS” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ötmə əməliyyatını (yük avtomobilini) yerinə yetirir. Daha sonra eyni zolaqla hərəkətini davam etdirir. Videogörüntülərlə müəyyən olunur ki, ötmə əməliyyatını yerinə yetirdikdən sonra X3 idarə etdiyi "Jac Pick up HFC1037D3KFS” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət edərək nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydaları pozur. Məhkəmə şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 17.02.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 17.02.2022-ci il tarixdə saat 13:37 radələrində Bakı Qazax yolu 380-cı km-də "Jac Pick up HFC1037D3KFS” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydalarını pozduğu üçün İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 02 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 17.02.2022-ci il tarixdə saat 13:37 radələrində Bakı Qazax yolu 380-cı km-də "Jac Pick up HFC1037D3KFS” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 17.02.2022-ci il tarixdə saat 13:37 radələrində Bakı Qazax yolu 380-cı km-də "Jac Pick up HFC1037D3KFS” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 17.02.2022-ci il tarixdə saat 13:37 radələrində Bakı Qazax yolu 380-cı km-də "Jac Pick up HFC1037D3KFS” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydalarını pozması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 02 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, videogörüntlər və izahatlarla kifayət qədər sübuta yetirilmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi Qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin 02 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili idarə edərkən nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət X5 02 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət X5 02 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar