Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-568/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən barəmdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci və 140-cı maddəsinin 5-ci hissəsinin tələblərinin pozulması səbəbindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, ******* №li protokol tərtib edilmişdir. Həmin protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 700 manat məbləğində cərimə ödənilməsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə ******* №li, xx.xx.2025-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərar xx.xx.2025-ci il tarixində poçt vasitəsilə Mərkəzə daxil olmuşdur. İnzibati xəta haqqında qərarla razılaşmır, aşağıdakılara əsasən ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Belə ki, protokolun tərtib edilməsinin səbəbi kimi, X3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri iş günü hesab olunmayan bayram günü qabağı iş günü olmasına baxmayaraq qısaldılmanın tətbiq edilməməsi və həmin saatlar üzrə əlavə əmək haqqının hesablanaraq ödənilməməsi, həmçinin, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində əmək məzuniyyəti hüququndan istifadə etdiyi lakin əmək məzuniyyəti haqlarının gecikdirilərək ödənilməsi göstərilmişdir. istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar nəticəsində ödənişlər barədə yaranan problemlər istisna edilmişdir. Maliyyə şöbəsinə təqdim olunmuş iş vaxtından istifadənin istifadə cədvəlinə uyğun olaraq Tünzalə Rəcəbovaya əmək haqqı tam ödənilmişdir. Şikayətdə göstərilmiş iş günü hesab edilməyən bayram günü qabağı 1 saat qısaldılma vaxtının sonradan ödəniləcəyi nəzərdə tutulmuşdur. Hazırda qeyd edilən ödənişlərin hesablanıb işçiyə ödənilməsi prosesi həyata keçirilir. Şikayətdə göstərilən digər məqam isə əmək məzuniyyəti haqlarının gecikdirilərək ödənilməsi ilə bağlıdır. Belə ki, məzuniyyət vaxtı üçün orta əmək haqqı idarə daxili mövcud müəyyən səbəblərdən (daxili sənəd dövriyyəsinin gecikdirilməsi və ödənişlə bağlı müvafiq tapşırığın gec verilməsi ilə əlaqədar) xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 140.6-cı maddəsinə görə əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. X3 Əmək Məcəlləsinin "İçərişəhər” “Muzey Mərkəzi”nin 139 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə on dörd yaşına çatmamış uşağının olması səbəbi ilə onun ərizəsi əsasında natamam iş vaxtı tətbiq edilmişdir. Lakin bu əmrin verilməsinə qədər o, şifahi olaraq vəziyyətini bildirmiş və ona güzəşt edilərək işdən tez çıxmasını xahiş etmişdir. İşçinin mövcud vəziyyəti nəzərə alınaraq humanizm prinsipi əsasında ona əmək haqqının saxlanılması ilə icazə verilmiş və əmək haqqından tutma edilməmişdir. Daxili sənəd dövriyyəsinin gecikdirilməsi və ödənişlə bağlı müvafiq tapşırığın gec verilməsi ilə əlaqədar baş vermiş gec ödəmənin aradan qaldırılması və lazımi ödənişlərin hesablanaraq ödənilməsi prosesi artıq həyata keçirilir və zərərin əvəzinin tam ödənilməsi nəzərdə tutulur. Bu səbəbdən cərimənin inzibati tənbehin xəbərdarlıq növündə inzibati tənbehlə əvəz olunmasını məqbul hesab edirəm. Göstərilənlərə əsasən ******* №li, 06 fevral 2025-ci il tarixli qərarın ləğv edilməsini və İXMnin 24-cü maddəsinə əsasən bu inzibati tənbehin xəbərdarlıq növündə inzibati tənbehlə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X8 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 06 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Muzey Mərkəzi”nin sabiq direktoru X4 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Muzey Mərkəzi”nin işçisi vətəndaş X3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli iş günü hesablanmayan bayram günü qabağı iş günü olmasına baxmayaraq AR Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbini pozularaq qısaldılmanın edilmədiyi və və həmin saatlar üzrə əlavə əmək haqqının hesablanaraq ödənilmədiyi həmçinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində əmək məzuniyyəti hüququndan istifadə etdiyi, lakin AR Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci hissəsinin tələbi pozularaq məzuniyyət haqlarını gecikdirilərək ödənildiyi məlum olduğuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Muzey Mərkəzi”nin aparatının Maliyyə Şöbəsində vahid idarəetmənin təkmilləşdirilməsi barədə bəzi məsələlərin tənzimlənməsinə dair 22 yanvar 2024-cü il tarixli əmrin sürətindən görünür ki, hesablaşma hesabları vasitəsilə əmək haqları və ona bərabər tutulan ödənişlər üzrə maliyyə-bank əməliyyatlarının aparılmasının təmin edilməsi əmr edilmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, X2 məzuniyyət haqlarını gecikdirilərək ödənilməsi X1 təqsiri səbəbindən olmamışdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü məddəsinə əsasən, İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsinin MN ******* nömrəli, 06 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-568/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-568/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver