Məhkəmə qərarları › İş №3(009)-569/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-569/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-569/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Səbail Rayon Dövlət X10 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Dövlət X10 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024 tarixində təxminən saat 22:00 radələrində idarə etdiyi “Land Rover” markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində hərəkətdə olan zaman qayda pozuntusu olmadan 250 nomrəli patrul avtomaşınını idarə edən Sadiq adlı yol polisi tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşı özünü təqdim etmədən kobud şəkildə narkotik aludəçisi olduğunu bildirdi və qanunvericilikdə nəzərdə tutulmayan tələblər irəli sürdü. Səhhətinin yaxşı olmadığını və bu yaşa qədər nə tütün və alkoqol içkidən belə istifadə etmədiyini bildirmişdir. Buna baxmayaraq qərəzli şəkildə Respublika Narkoloji Dispanserə aparılmışdır. Narkoloji Dispanserdə yaşatdığı stresə və səhhətində (sidik kisəsində və prostat vəzi) xəstəlik olduğu üçün sidiyə çıxmaqda çətinlik yaşamışdır. Dəfələrlə əməkdaş tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi adı ilə hədələnərək barəsində analizdən imtina aktı tərtib olundu (razılığı olmadan). Növbəti gün xx.xx.2024 tarixdə saat 11:50 də Respublika Narkoloji Dispanserdə oldum tam müayinə olunduqdan sonra heç bir psixatrop maddənin istifadəçisi olmadığı bəlli oldu. Öz növbəsində Səbail rayon DYP şöbəsinə yaxınlaşmış, İnzibati şöbəyə Elşən adlı polis əməkdaşına müayinənin nəticəsini təqdim etmişdir. Sənədə baxmadan belə kobud şəkildə nəqliyyat vasitəsini buraxmayacağını bildirdi və barəsində inzibati protokol tərtib olundu. Səs ötürücü ve kamera özlərinə sərf edən məqamlarda işlək olurdu amma saxlanılan zaman söndürülmüşdü. Əməkdaşın kobud danışığı vətəndaşın haqlı şikayətinə zəmin yaratması və öz şəxsi mənafelərini üstün tutaraq rəsmiləşdirməməsi hallari buna subutdur (növbəti gün protokol tərtib olunub). Öz növbəsində DİN-in 102 xidmətinə, internet saytına və Respublika prokurorluğunun saytına şikayət etmişdir. Qanuna zidd əməllər barədə tədbir görülməsi ve barəsində tərtib olunmuş İXM-nin 329.3-cü 343-1.1- ci maddəsinin ləğv edilməsi barədə qərar çıxarması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 şikayətini müdafiə edərək göstərmişdir ki, Səbail rayonu ərazisində avtomobili saxlayarkən arxasında dayanan maşına bir balaca sürtmüşdür. Düşüb həmin avtomobilin sürücüsü ilə düzəltməsi barədə danışmaq istəmiş, bu zaman polis əməkdaşları gəlmişdir. Qapını açaraq avtomobildən düşmüş, bu zaman ayağı biraz büdrəmişdir. Polis narkotik vasitə qəbul etdiyini və narkoloji analiz verməli olduğunu demişdir. Narkoloji Dispanserdə yaşatdığı stresə və səhhətində (sidik kisəsində və prostat vəzi) xəstəlik olduğu üçün sidiyə çıxmaqda çətinlik yaşamışdır. Növbəti gün, təxmini 12 saat sonra analiz vermiş və akt tərtib edilmişdir. Göstərilənlərə əsasən inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon Dövlət X12 Yol Patrul Xidməti inspektoru X7 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Neftçilər prospektində **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dönmə siqnalını istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb etdiyi hüquq pozuntusu, hüquq və vəzifələri izah edilmişdir. Sürücüdən spirtli içki qəbul edib-etmədiyi soruşulmuş, o da xeyr cavabı vermişdir. Hərəkətləri şübhəli olduğu üçün analiz verməyə dəvət edilmiş, dəfələrlə analiz verməsi deyilmiş, lakin getməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət X12 Yol-patrul xidməti inspektoru X4 göstərmişdir ki, X6 digər nəqliyyat vasitəsini vurub hadisə yerindən yayınmış, qayda pozuntusu etmiş, bu səbəbdən saxlanılmışdır. Müayinə edilmiş, içkili olmamışdır. Özünü şübhəli aparmış, anlaqsız vəziyyətdə olmuşdur. Avtomobili qabaqda saxlaması deyilmiş, bu zaman başqa bir avtomobili vurmuşdur. Analiz verməsi üçün Sabunçu xəstəxanasına aparılmış, lakin analiz verməkdən imtina etmişdir. Məhkəmə tərəfin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 00:45-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində “X13 Rover minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə və bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və o, 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin ediməsi üçün müayinənin aparılması haqqında xx.xx.2024cü il tarixli, № 1/4110 aktdan görünür ki, X1 analiz keçirilmiş və narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin xx.xx.2024-cü il tarixli, № 1/1344 tibbi müayinə aktından görünür ki, X6 analiz verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X5 məxsus **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin tarixdə duracağa yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin və psixotrop maddələrin istehlakının müəyyən edilməsi üçün analiz verməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X6 xx.xx.2024-cü il tarixdə saat 00:45-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində “X13 Rover minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş və bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 13 və 14-cü bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməli, nəqliyyat vasitəsini idarə etmək qabiliyyətinin təsdiqi üçün müəyyən olunmuş hallarda tibbi müayinədən keçməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinin İ hissəsinə əsasən təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Səbail Rayon Dövlət X10 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 avtomobili xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində “X13 Rover minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş və bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etmişdir. Ona görə də Səbail Rayon Dövlət X10 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Səbail Rayon Dövlət X10 xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar