Məhkəmə qərarları › İş №3(009)-571/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-571/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-571/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25924684 nömrəli inzibati tənbehvermə barədə elektron qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25924684 nömrəli inzibati tənbehvermə barədə elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində DYP əməkdaşı tərəfindən barəsində tərtib edilmiş EQ 25924684 nömrəli protokolun və bu protokol əsasında verilmiş qərarın qanuna müvafiq qaydada tərtib edilmədiyi ilə bağlı Bakı şəhəri X7 İdarəsinə ASAN-pay informasiya sistemi vasitəsi ilə 3-13-16/1-B-242xx/xx/2025 qeydiyyat nömrəli müraciəti ünvanlamağına baxmayaraq, heç bir nəticə əldə etməmişdir. Belə ki, tərtib olunmuş protokolda qeyd olunan avtomobilini saxladığı ərazidə dayanma-durmanı qadağan edən heç bir yol hərəkəti nişanı yoxdur, həmçinin avtomobili saxladığı yer yolun hərəkət hissələrinin kəsişməsinin kənarından 10 metr məsafədən daha çox olub. Tərtib olunan protokolun əlavəsində ətrafda olan nəqliyyat vasitələri, mağazalar və evlərə məxsus qapıların və s. troektoriyalarına diqqət yetirdikdə bunu açıq- aşkar şəkildə müşahidə etmək mümkündür. Əlavə olaraq öz şəxsi mobil telefonu vasitəsi ilə video qeydiyyat aparmış, tələb olunduğu təqdirdə məhkəməyə xarici yaddaş qurğusuna köçürməklə təqdim edə bilər. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib olunan protokolun ləğvi və yazılmış 2 balın silinməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək göstərmişdir ki, protokol və qərar heç bir həqiqəti əks etdirmir. Hər hansı xəritəyə baxılanda görünür ki, qeyd olunan ünvan hadisə yerindən 50 metr kənardadır. Həmçinin avtomobili saxladığı yerdə nəqliyyat vasitəsinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması qeyd olunmasına baxmayaraq, avtomobil 20 metrdən çox məsafədə dayanmışdır. Gündüz vaxtı öz telefonu ilə video-qeydiyyat aparmışdır. Protokola əlavə edilmiş şəkillərdən məsafəni müəyyən etmək mümkün deyil. Avtomobilin sadəcə öndən, arxadan və içəridən şəkilləri çəkilmişdir. Bundan başqa yolda heç bir yol nişanı olmamışdır. Göstərilənlərə əsasən inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X3 şikayətə etiraz edərək göstərmişdir ki, fotoşəkillərdən X2 inzibati xətanı törətməsi görünür. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 25924684 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 19:06-da Bakı şəhəri, Salyan yolu, Dalan 3, 15 ərazisində “Mercedes Benz C250 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Mercedes Benz C250 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücü tərəfindən xx.xx.2025-ci il tarixdə saat 19:06-da Bakı şəhəri, Salyan yolu, Dalan 3, 15 ərazisində nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-774/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25924684 nömrəli qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 19:06-da Bakı şəhəri, Salyan yolu, Dalan 3, 15 ərazisində “Mercedes Benz C250 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmış və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 25924684 nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X2 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV hissəsinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25924684 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 avtomobili Bakı şəhəri, Salyan yolu, Dalan 3, 15 ərazisində “Mercedes Benz C250 minik” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25924684 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 25924684 inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar