Məhkəmə qərarları › İş №3(009)-574/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-574/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-574/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 mart 2021-ci il tarixli, 00100- 0130/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 02 mart 2021-ci il tarixli, 00100-0130/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin ünvanına 12.01.2021-ci il tarixdə İran İslam Respublikasından 44AA587/44AA588 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Bakı Gömrük İdarəsində **********0754 sorqu nömrəli 13.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 16.01.2021-ci il tarixdə “Xocəsən” gömrük postunda gömrük yoxlamas həyata keçirilmişdir. Yoxlama zamanı “xxxx” MMC tərəfindən təqdim edilən **********0754 sorğu nömrəli 13.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan edilməyən, mal-müsayiət sənədlərində qeyd edilməyən 3000 paçka hər biri 1 qram olmaqla ümumilikdə 3 kq zəfəram, 1000 kq gavalı qurusu və qömrük orqanına düzgün bəyan edilməyən üzərində “Anish” yazısı olan cəmi çəkisi 1011,5 kq, üzərində “Chocolife” yazısı olan cəmi çəkisi 510 kq, üzərində “Shoniz” yazısı olan cəmi çəkisi 104,5 kq üzərində “Parmida” yazısı olan cəmi çəkisi 324 kq və üzərində heç bir yazısı olmayan cəmi çəki; 100 kq olan şokolad (ümumilikdə 2050 kq şokolad) yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006 22/000407 nömrəli 21.01.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizas Mərkəzinə müraciət edərək is üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 01.03.2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/319 nömrəli ekspert rəyinə əsasən 3000 paçka hər biri 1 qram olmaqla ümumilikdə 3 kq zəfəran məhsulunun orta bazar qiymətinin 9000 manat, 1000 kq gavalı qurusunun orta bazar qiymətinin 6000 manat, üzərində “Anish” yazısı olan cəmi çəkisi 1011,5 kq (şokoladın orta bazar qiymətinin 6069 manat, üzərində “Chocolife” yazısı olan cəmi çəkisi 510kq şokoladın orta bazar qiymətinin 3060 manat, üzərində “Shoniz” yazısı olan cəmi çəkisi 104,5kq şokoladın orta bazar qiymətinin 627 manat, üzərində “Parmida” yazısı olan cəmi çəkisi 324 kq şokoladın orta bazar qiymətinin 1782 manat, üzərində heç bir yazısı olmayan cəmi çəkisi 100 kq şokoladın orta bazar qiymətinin 550 manat, ekspertiza tədqiqatına təqdim edilmiş, İran İslam Respublikasında istehsal olunmuş 7 adda malların ümumilikdə 12.01.2021-ci il tarixə olan orta bazar qiymətinin 27088,00 (iyirmi yeddi min səksən səkkizi manat olduğu müəyyən olunmuşdur. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xocasən gömrük postunun rəisi tərəfindən tərtib edilmiş 19 yanvar 2021-ci il tarixli raportdan görünür ki, 13.01.2021-ci il tarixdə idxalatçı (VÖEN-**********) Şəxs MMC tərəfindən **********0754 saylı GB-də bəyan olaraq rəsmiləşdirilmiş (a/m-44AA587/588) (barkod:**********00787) (mənşə ölkəsi İran) yükə yuxarıda göstərilən GB-nə əsasən gömrük baxışı keçirilmişdir. Baxış zamanı a/m-da **********0754 saylı GB-də bəyan olunan mallardan əlavə bəyan olunmayan 3 kq zəfəran, 2050 kq şokalad və 1000 kq almaxara (gavalı) qurusu yükü aşkar edilmişdir. Məlumat üçün bildiririk ki, yoxlama zamanı a/m-da nabat yükünün 122 kq, alça qurusu yükünün 1000 kq, marmalad yükünün 200 kq, halva yükünün 371 kq, xurma yükünün 253 kq, konfet yükünün 1000 kq gömrük bəyannaməsində bəyan olunan netto çəkidən kəsir olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 26 fevral 2021-ci il tarixli 9/319 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş İİR-da istehsal olunmuş 7 adda malların 12.01.2021-ci il tarixə orta bazar qiyməti təxminən 27088,00 manat müəyyən edilir, bəyan olunmayan malların orta bazar qiyməti 15000 manat, düzgün bəyan olunmayan malların orta bazar qiyməti 12088 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 16.01.2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı a/m-da nabat yükünün 122 kq, alça qurusu yükünün 1000 kq, marmalad yükünün 200 kq, halva yükünün 371 kq, xurma yükünün 253 kq, konfet yükünün 1000 kq gömrük bəyannaməsində bəyan olunan netto çəkidən kəsir olduğu müəyyən edilmişdir. İş materiallarında olan 13.01.2021-ci il tarixli **********0754 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına İran İslam Respublikasından 480,00 kq nabat ölkə ərazisinə idxal edilmişdir. Həmçinin həmin bəyannaməyə əlavələrdən görünür ki, 1526,00 kq balıq konservi, 1000,00 kq zirinc, 1350,00 kq alça qurusu, 500,00 kq sarımsaq tozu, 1000,00 kq zəncəfil doğranmamış və döyülməmiş, 3820,00 kq noğul, 1300,00 kq marmalad, 4000,00 kq noxud, 210,00 kq xiyar turşusu, 728,00 kq halva, 610,00 kq xurma, 2700,00 kq qabıqlı püstə, 700,00 kq vişnə qurusu, 2410,00 kq konfet, 230,00 kq kəkliotu, 2000,00 kq şokolad ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan xətanın bilavasitə predmeti olan malların ümumi dəyəri 15000 manat, İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan xətanın bolavasitə predmeti olan malların ümumi dəyəri 12088 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 15000 manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 55, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC hüquqi şəxs qismində ödənilməli olan 15000 (on beş min) manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğdə, yəni 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar