Məhkəmə qərarları › İş №3(009)-581/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-581/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-581/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, “xxxx” MMC -nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC -nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 496.1-ci və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli 00100-0357/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan “xxxx” MMC -nin Azərbaycan Respublikasındakı filialının ünvanına Türkiyə Respublikasından 61K6061/61K8414 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********6912 sorğu nömrəli xx.xx.2020-ci il tarixli Gömrük Bəyannaməsi əsasında xx.xx.2020-ci il tarixədək müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş 2 ədəd “xxxx RDLO 400-880 А1 SC G F” yüklərinin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Araşdırma zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının direktoru, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O izahatında şirkətin ünvanına 61K606/61K8414 nömrəli nəqliyyat vasitəsilə gətirilmiş 2 ədəd nasos yüklərinin **********6912 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanca qoyulduğunu, həmin yükləri də sifariş əsasında gətirdiklərini, lakin vergi xidməti hesablarına sərəncam qoyaraq hesabdan artıq ödəniş götürüldüyünü, bu səbəbdən də rəsmiləşdirmə ödənişlərini həyata keçirərək rəsmiləşdirə bilmədiklərini, Vergi Xidmətinə bu barədə müraciət etdiklərini, yüklərin istifadəsiz, toxunulmaz vəziyyətdə olduqlarını, həmin yüklərin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 84-cü sahədə alıcının ünvanında yerləşdiyini, gömrük qaydalarını pozduqlarını qəbul etdiklərini bildirmişdir. Daha sonra “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialının direktoru Namaz Allahverdiyev mobil telefon vasitəsilə əlaqə saxlamış, (tel: ***-***-**-**) yuxarıda qeyd edilən yüklərin yerlərinin dəyişdirilərək alıcının Oğuz rayonu, Qarabulaq kəndində yerləşən anbarında (“Agropark” ın nasosxanasında) olduğunu bildirmişdir. Gömrük orqanı tərəfindən Qərb Ərazi Baş Gömrük idarəsinə ünvanlanmış məktuba verilmiş 1600- 029/0xx-xx/000969 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda həmin idarənin fəaliyyət zonasında olduğu bildirilən yüklərə X4 İnspektoru tərəfindən baxış keçirildiyi və həmin yüklərin hazırda qeyd edilən ərazidə, yəni Oğuz rayonu, Qarabulaq kəndində yerləşən anbarda istifadə olunmamış və toxunulmaz formada saxlanıldığı barədə akt tərtib edildiyi öz əksini tapmışdır. Beləliklə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən həm saxlanc müddəti pozulmuş, həmçinin gömrük nəzarəti altında olan malların yerləri dəyişdirilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş “xxxx” MMC -yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş “xxxx” MMC–nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xüsusi Gömrük Prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********6912 saylı GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir müraciət olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********6912 nömrəli gömrük bəyənnaməsindən görünür ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialının ünvanına Türkiyə Respublikasından 61K6061/61K8414 nömrə nişanlı nəqliyyat vasitəsi ilə 2 ədəd “xxxx RDLO 400- 880 А1 SC G F” daxil olmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin direktorunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 1612/103 saylı məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə 61K6061/61K8414 yük avtomobilində **********04815 nömrəli barkodla ölkəyə daxil olunan, KSE**********087-1 nömrəli xx.xx.2020-cil iltarixli İNVOİCE-da göstərilən malların rəsmişlədirilməsi, vergi tərəfindən silindiyi üçün (artıq ödəmə), hesablarındakı ƏDV çatışmamazlığından gecikdirilir. Pandemiya ilə bağlı işlərinin yavaş getdiyini nəzərə alaraq, qeyd olunana yüklərin anbarlarında 60 gündən çox olmamaq şərti ilə saxlanmasına icaəz verilməsi xahiş edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialının direktoru X1 iştirakı təmin edilmiş və o, 61K6C6/61K8414 nömrəli nəqliyyat vasitəsilə gətirilmiş 2 ədəd nasos yüklərinin **********6912 sorğu nömrəli gömrük bəyannaməsi ilə saxlanca qoyulduğunu, həmin yükləri də sifariş əsasında gətirdiklərini, lakin vergi xidməti hesablarına sərəncam qoyaraq hesabdan artıq ödəniş götürüldüyünü, bu səbəbdən də rəsmiləşdirmə ödənişlərini həyata keçirərək rəsmiləşdirə bilmədiklərini, Vergi Xidmətinə bu barədə müraciət etdiklərini, yüklərin istifadəsiz, toxunulmaz vəziyyətdə olduqlarını, həmin yüklərin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 84-cü sahədə alıcının ünvanında yerləşdirildiyini, gömrük qaydalarını pozduqlarını qəbeul etdiklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Qərb Ərazi Baş Gömrük idarəsinə ünvanlanmış məktuba verilmiş 1600- 029/0xx-xx/000969 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********6912 saylı GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş 2 ədəd “xxxx” yükünə xx.xx.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük idarəsinin X4 inspektoru X3 tərəfindən Oğuz rayonu, Qarabulaq kəndində yerləşən “Aqropark”ın nasosxanasında baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edilmişdir ki, göstərilən yük hal hazırda Oğuz rayonu Qarabulaq kəndində yerləşən anbarda istifadə olunmamış formada mühafizə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə **********6912 saylı gömrük bəyannaməsi ilə "xxxx" MMC-nin ünvanına daxil olmuş "xxxx" yükü (invoys:KSE**********087-1) hal-hazırda MMC-nin Oğuz rayonu, Qarabulaq kəndində yerləşən anbarında istifadə olunmamış formada mühafizə olunur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsin əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerİərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə yuxarıda istinad edilmiş hüquq normalarının tələbinə əsasən inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sənədləri mötəbər sübutlar hesab edir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.3 və 496.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla, eyni zamanda inzibati icraat zamanı izahatı alınmış “xxxx” MMC-nin direktorunun izahatı ilə “xxxx” MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilmiş və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 491.3 və 496.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 491.3 və 496.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 491.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXM-nin 491.3 və 496.1-ci maddələri ilə təqsirli bilinərək onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 491.3, 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 496.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar