Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-582/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Səbail Rayon Məhkəməsinə göndərilmiş inzibati material Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda qeyd edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmələr ilə bərabər, həm də Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə də aid edilmişdir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Yuxarıda qeyd olunan Fərmanın 6-cı bəndində də müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə, əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində və qeyd olunan Fərmanın 6-cı bəndində müəyyən edilmiş hallar mövcud olsun. Məhkəməyə göndərilmiş protokoldan və ona əlavə edilmiş iş materiallarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində və yuxarıda qeyd edilən Fərmanın 6-cı bəndində göstərilmiş halların mövcudluğu görünmür, bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıb. Daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab edən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində göstərilmiş mütləq meyarlar – inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinin mövcudluğu faktiki olaraq hazırkı iş materialları ilə ümumiyyətlə əsaslandırılmayıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində göstərilmiş həmin hallar müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmadığından və belə bir hallar mövcud deyildirsə, onda həmin inzibati xəta haqqında işi baxmaq üçün öz mülahizəsinə əsasən məhkəməyə göndərilməsi, həm Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, həm də qeyd edilən Fərmanın yuxarıda göstərilən tələblərinə ziddir. Qeyd edilən hallar mövcud olmadıqda, həmin inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olmur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla, hazırkı işə məhz protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxmalı və qərar qəbul edilməlidir. Göstərilənlər müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən halların mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti haqqında məlumatlar göstərilir. İXP seriyalı, ******* saylı, 13 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti haqqında məlumatlar göstərilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş İXP seriyalı, ******* saylı, 13 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-582/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-582/2022
16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver