Məhkəmə qərarları › İş №3(009)-588/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-588/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-588/2022 16.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonu, Cinliboluslu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Boluslu Ə/D, Boluslu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 mart 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.03.2022-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan prospektində yol hərəkəti qaydalarını pozaraq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərək və özünü təqdim etməyərək ərazidə xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı, ******* saylı 16.03.2022-ci il tarixli qərardaddan görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilişdir. İş materiallarında olan Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan YPX inspektoru, polis baş serjantı X1 tərtib etdiyi 613 saylı raportda qeyd etmişdir ki, 15.03.2022-ci il tarixdə saat 16:30 radələrində Nizami küçəsi, Azərbaycan prospekti küçəsində “Yol hərəkəti haqqında” Qanunun maddəsinin tələblərini pozan əvvəlcədən tanımadığı bir şəxs yaxınlıqda yer altı piyada keçidinin olmasına baxmayaraq yerin üstü ilə, qanuna zidd olaraq keçdiyini görüb həmin vətəndaşın istiqamətində yaxınlaşmışdır. Həmin vətəndaşı dayandırıb barəsində qanuvericiliyə uyğun olaraq tədbir görmək istəmişdir. Həmin vətəndaş telefonla danışaraq ərazidən uzaqlaşmağa çalışanda həmin vətəndaşı saxlamışdır. Vətəndaşı qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb etmək istəyəndə bütün vətəndaşla danışıqları nəticə verməmişdir. Belə ki, vətəndaş özü barəsində informasiyanı və şəxsiyyətini təsdiq edən heç bir sənədi ona təqdim etməmişdir. Dəfələrlə vətəndaşı ona tabe olmağa dəvət etsə də vətəndaş ona tabesizlik göstərdiyinə görə həmin ərazidə xidmət aparan Səbail RPİ-nin PPX-nin əməkdaşını köməyə çağırmışdır. Əraziyə köməyə 7539 çağırışlı PPX əməkdaşı gəldə də vətəndaş yenidən tabeçilik göstərmədiyi üçün 6661 çağırışlı PPX əməkdaşının köməyi ilə Səbail rayonu 9-cu PB-nin inzibati binasına gətirilmişdir. Həmin vətəndaşın 9-cu PB-də Şəxs olduğu məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin PPXB-nın polis nəfəri E.B.Qasımovun tərtib etdiyi 613 saylı raportda qeyd etmişdir ki, 15.03.2022-ci il tarixdə saat 16:30 radələrində Azərbaycan prospektində xidmət apararkən vətəndaşın Bakı DYP-nin əməkdaşına tabeçilik göstərmədiyinə görə köməyə yaxınlaşmışdır. Həmin vətəndaşa yaxınlaşıb qanunvericiliyin tələblərini bir daha izah etdikdən sonra müvafiq qaydada sənədləşməni aparmaq məqsədi ilə tabeçilik göstərməyə dəvət etsələr də sonuncu tabe olmayaraq özü barəsində məlumat vermədiyi və şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina etdiyi üçün 6661 nömrəli avtopatrulu çağıraraq onu 9-cu Polis Bölməsinə təqdim etmişlər. Həmin vətəndaşın 9-cu PB-də Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 15 mart 2022-ci il tarixli, AZA 015888 nömrəli protokoldan görünür ki, Şəxs 15.03.2022-ci il tarixdə, saat 16:43-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 15.03.2022-ci il tarixli iltizamdan görünür ki, Şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsindən buraxılmış və 16.03.2022-ci il tarixdə, saat 09:00da polis bölməsinə yaxınlaşacağına söz vermişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X4 izahatında göstərmişdir ki, 15.03.2022-ci il tarixdə saat 16:30 radələrində Nizami küçəsi, Azərbaycan prospekti küçəsində Bakı şəhəri BPİ DYPİ-nə bilavasitə tabe olan YPX inspektoru, polis baş serjantı X3 piyadanın “Yol hərəkəti haqqında” Qanununun maddəsinin tələblərini pozaraq yaxınlıqda yer altı piyada keçidinin olmasına baxmayaraq yerin üstü yolu keçdiyini görüb həmin vətəndaşa yaxınlaşmışdır. Vətəndaşı qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb etmək istəyəndə vətəndaş özü barəsində məlumat verməkdən imtina etmişdir. Vətəndaş tabesizlik göstərdiyinə görə həmin ərazidə xidmət aparan digər polis əməkdaşları köməyə çağırılmışdır. Vətəndaş Səbail rayonu 9-cu PB-nin inzibati binasına gətirilmişdir və orada onun Şəxs olması məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 15.03.2022-ci il tarixdə saat 16:30 radələrində Nizami küçəsi, Azərbaycan prospekti kəsişməsində yer altı piyada keçidinin olmasına baxmayaraq avtomobil yolunun hərəkət hissəsindən yolu keçərkən YPX-nin əməkdaşı ona yaxınlaşıb qanuni iradını bildirmişdir. YPX əməkdaşı ondan şəxsiyyətini təsdiq edən sənədi istədikdə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demişdir. Birinci dəfədir ki, belə halla qarşılaşdığından və polis əməkdaşının ona yaxınlaşmasından ürkdüyü üçün o, ad, soyad, ata adını soruşduqda ad və soyadını deməmişdir. Sonra onu 9-cu Polis Bölməsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 15.03.2022-ci il tarixdə saat 16:30 radələrində Nizami küçəsi, Azərbaycan prospekti küçəsəsində yaxınlıqda yer altı piyada keçidinin olmasına baxmayaraq yerin üstü ilə, qanuna zidd olaraq yolu keçmiş, YPX-nin əməkdaşı ona yaxınlaşıb qanuni iradını bildirmiş, YPX əməkdaşı ondan şəxsiyyətini təsdiq edən sənədi istədikdə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demiş, həmçinin polis əməkdaşı ad, soyad, ata adını soruşduqda ad və soyadını deməkdən imtina etmişdir. Bununla da, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs 15.03.2022-ci il tarixdən (saat 16:43-də) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar