Məhkəmə qərarları › İş №3(009)-591/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-591/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-591/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində protokol tərtib olunmuş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 15 mart 2022-ci il tarixli 00100- 0297/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 00100-0297/22 saylı, 15 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Almaniyanın “Captiva GMBH” şirkətindən 23 yanvar 2022-ci il tarixdə 55HF955/55BT897 nömrə nişanlı yük avtomaşınında ******* nömrəli 12 yanvar 2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********5162 sorğu nömrəli 25 yanvar 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 07 fevral 2022-ci il tarixdə “ipək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********5162 sorğu nömrəli 25 yanvar 2022-ci il tarixli gömrük bəyannaməsində 7776 ədəd bəyan edilmiş “Douglas” nişanlı ətirlərin 11520 ədəd olduğu, yəni üzərində “X3 50 ml" sözləri yazılmış 3744 ədəd ətir yükünün artıq olduğu aşkar edilmişdir. Beləliklə də, "xxxx" MMC tərəfindən 3744 ədəd ətir yükü gömrük orqanına düzgün bəyan edilməmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 3744 ədəd üzərində “X3 50 ml” sözləri yazılmış ətir yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400- 013/006-22/000932 nömrəli 10.02.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək i$ üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 15 mart 2022-ci il tarixdə Bakı Bas Gömrük İdarəsinə daxil olmuş 9/982 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “Funky Flower X3 50 ml” markalı ətirin 23 yanvar 2022-ci il tarixə 1 ədədinin orta bazar qiymətinin 9,00 manat, 3744 ədədinin orta bazar qiymətinin isə 33696,00 (otuz üç min altı yüz doxsan altı) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən ümumilikdə 3744 ədəd ətir yükünün orta bazar qiyməti 33696,00 (otuz üç min altı yüz doxsan altı) manat təşkil edir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə, əvvəlki məhkəmə iclasında iştirakı təmin olunmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, 11 yanvar 2022-ci il tarixdə 55HF955-55BT897 nömrə nişanlı avtomobil ilə "xxxx" MMC-nin ünvanına Almaniyanın “Captiva GMBH” şirkətindən mal göndərilən zaman anbarda saxlanılan 3744 ədəd “Douglas” nişanlı tualet suları həmin şirkət tərəfindən yanlışlıqla artıq yüklənmişdir. Malın artıq yüklənməsi barədə əvvəlcədən məlumatları olmamışdır. Bunların nəzərə alınıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında iş üzrə icraatın iştirakçısını dinləyib, tərəfin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 08.02.2022-ci il tarixli raportdan görünür ki, Almaniyadan ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 55HF955/55BT897 nömrə nişanlı yük nəqliyyat vasitəsində ******* nömrəli 12 yanvar 2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********5162 sorğu nömrəli 25 yanvar 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 07 fevral 2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı gömrük bəyannaməsində 7776 ədəd “Douglas” nişanlı “tualet suyu, EDT Spray 50 ml” kimi bəyan edilmiş ətirlərin 11520 ədəd olduğu, yəni üzərində “X3 50 ml” sözləri yazılmış 3744 ədəd ətirlər yükünün artıq olduğu aşkar edilmişdir. 25 yanvar 2022-ci il tarixli **********5162 nömrəli gömrük bəyannaməsindən görünür ki, “Captiva GMBH” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına “Douglas” nişanlı 7776 ədəd 6 palet tualet suyu, EDT spray 50 ml göndərilmişdir. 2200004 nömrəli 12.01.2022-ci il tarixli “invoice”-dan görünür ki, “Captiva GMBH” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına “Douglas” nişanlı 7776 ədəd 6 palet, EDT spray 50 ml tualet suyunun ümumi dəyəri 10.8886,40 avro olmuşdur. 01/2019 saylı, 18 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, “Captiva GMBH” şirkəti ilə Şəxs MMC arasında kosmetika və digər məhsulların satın alınması ilə bağlı 447815,76 avro dəyərində müqavilə bağlanmışdır. “Captiva GMBH” şirkəti tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 11 yanvar 2022-ci il tarixdə 55HF955-55BT897 nömrə nişanlı avtomobillə, 2231 saylı yol qaiməsi ilə Şəxs MMC-yə mal göndərilən zaman anbarda saxlanılan 3744 ədəd “Douglas” nişanlı tualet suları tərəfimizdən yalnışlıqla artıq yüklənmişdir. Bu barədə biz də kifayət qədər gec məlumat aldığımız üçün zamanında məlumat verə bilməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bilməyərəkdən düzgün bəyan edilməməsi inzibati xəta kimi müəyyən edilməmişdir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC ilə “Captiva GMBH” şirkəti arasında kosmetika və digər məhsulların satın alınması ilə bağlı 447815,76 avro dəyərində müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 12 yanvar 2022-ci il tarixli invoys tərtib edilərək göndərilmişdir. Həmin invoys əsasında Şəxs MMC tərəfindən 25 yanvar 2022ci il tarixli **********5162 nömrəli gömrük bəyannaməsi tərtib edilmişdir. 07 fevral 2022-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən gömrük bəyannamələrində qeyd olunanlardan artıq 3744 ədəd ətir yükünün olduğu müəyyən edilmişdir. “Captiva GMBH” şirkəti tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli məktubdan görünür ki, artıq yüklənmiş 3744 ədəd ətir yükü yalnışlıqla əlaqədar olaraq göndərilmiş və Şəxs MMC artıq göndərilmiş modellər haqqında xəbərdar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 15 mart 2022-ci il tarixli 00100-0297/22 nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 15 mart 2022-ci il tarixli 00100-0297/22 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar