Məhkəmə qərarları › İş №3(009)-61/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-61/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-61/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 275.2ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.1 və 275.2-ci maddələri ilə təqsirləndirilməsinə dair 13 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə 12 yanvar 2022-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 inzibati xəta haqqında protokola etiraz edərək müvafiq sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC -nin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin "xxxx" MMC -nin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən "xxxx" MMC -nin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 237.1 və 275.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İşdə olan 13 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 11.12.2021-ci il tarixdə aprılan ölçmə zamanı "xxxx" MMC-yə məxsus “Royals Lounge” restoranının fəaliyyəti zamanı səs-küy vibrosiyanın normadan artıq olmasını və manqaldan istifadə zamanı təmizləyici qurğudan istifadə edilməməsinə görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 275.2-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 13.12.2021-ci il tarixli, 73791 nömrəli akta əsasən 25.11.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Musayev Rasim tərəfindən yaşadıqları binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Royals Lounge” restoranından gələn səsküylə bağlı şikayəti İdarənin 01.12.2021-ci il tarixli BD seriyalı 153 nömrəli sərəncamına əsasən Milli Hidrometrologiya Xidmətinin X1 əməkdaşı Osmanov Sübhan, şikayətçi, X1 digər əməkdaşı Seyidov İlqar və restoranın adminstratoru olduğunu bildirən X2 iştirakları ilə yerində araşdırılmış, qeyd olunanlarla əlaqədar nümayəndənin və şikayətçinin iştirakı ilə restoranın ətrafında səs-küy, vibrosiya ölçmə işləri aparılmışdır. Səs-küy vibrasiyanın yolverilə bilən həddən çox olması müəyyən edilmiş, həmçinin araşdırma zamanı manqaldan istifadə edildiyini, lakin manqalın borusundan atmosfer havasına atılan tullantıların qarşısını almaq məqsədi ilə qurğu və avadanlıqdan istifadə edilmədiyi müəyyən edilmiş və fotoşəkillər, monitorinq aktı əlavə edilmiş, nümayəndə tərəfindən akt imzalanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin 11 dekabr 2021-ci il tarixli, 0728 nömrəli monitorinq Aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinə daxil olmuş 26.11.2021-ci il tarixli, 198 nömrəli məktubun icrası ilə əlaqədar olaraq ünvan 2 ünvanında yaşayan Musayev Rasim və digər sakinlər tərəfindən olan şikayətlərə əsasən “Royals Lounge” restoranından gələn səs-küy ilə bağlı şikayətlərinə əsasən həmin ərazidə 11.12.2021-ci il tarixdə monitorinq aparılmış, sabit hava şəraitində keçirilən monitoriq axşam saat 21:00-21:45 kimi aparılmışdır. Royals Lounge restoranının ətraf ərazilərində ölçmə işləri “X6 PCE-322A” cihazı vasitəsi ilə aparıldı və səs-küylə bağlı ölçmənin nəticəsi Ətraf Mühit üçün yol verilən həddən (66,6 dBA) artıq olmuş, norma isə 60dBA olmalıdır. Həmçinin həmin Aktdan görünür ki, manqaldan istifadə zamanı təmizləyici qurğudan istifadə olunmur. (qurğu yoxdur) Göründüyü kimi "xxxx" MMC-yə məxsus “Royals Lounge” restoranının fəaliyyəti zamanı səs-küy vibrosiyanın normadan artıq olmasını və manqaldan istifadə zamanı təmizləyici qurğudan istifadə edilməməsi faktı iş materiallarında olan Akt, monitorinq aktı və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 237.1 və 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə - vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 275.2-ci maddələri ilə təqsirli bilinməli, lakin İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 114-115, 128-130, 237.1 və 275.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 275.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar