Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-615/2022 30.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X9 oğlunun, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 25 fevral 2022-ci il tarixində ona məxsus **-VY-*** nömrə nişanlı “BMW 328i” markalı avtomobili ilə Neftçilər prospektindən üzü Azneft dairəsinə doğru hərəkət edərkən 10-YP-41 nömrə nişanlı DYP-ə məxsus avtomobilin göstərişi ilə 10-P-035 nömrə nişanlı motosikleti idarə edən YPX əməkdaşı X6 tərəfindən səbəbsiz yerə saxlanılmışdır. Saxlama səbəbi olaraq arxa ban şüşədə yapışdırılan ingilis dilində “Life is boring to drive boring cars" yazılan yapışqanı qopartmağını tələb etmiş və bunun qadağan olunduğunu bildirmişdir. Halbuki o yapışqanda heç bir söyüş, təhqir və ya vulqar ifadə işlədilməyib. Bunun qanunla qadağan olunmadığını və o yapışqanı qopartmalı olmadığını bildirəndə isə “rəisin göstərişi olduğunu” və sürücülərin diqqətini yayındırdığını deyərək təkidlə qopartmağını tələb etmişdir. Yapışqanı silmədiyini görən YPX əməkdaşı sonradan maşına aksesuar kimi quraşdırdığı səsboğucu başlıqlarını göstərərək onların əlavə avadanlıq olduğunu və onun avtomobilin səsboğucu sisteminə müdaxilə etdiyini iddia edərək cərimə meydançasına sürməyini tələb etmişdir. Halbuki o səsboğucu başlıqlar aksesuar kimi quraşdırılıb və avtomobilin işlənmiş qazların xaricetmə sisteminə heç bir müdaxilə olmayıb. Həmin YPX əməkdaşı əyilib avtomobilin altına baxıb səsboğucu başlıqların heç bir funksiya daşımadığını və ordan heç bir tüstü çıxmadığını öz gözləriylə görməsinə baxmayaraq yenidən təkidlə avtomobilə əlavə avadanlıq quraşdırmasını əsas gətirərək qanunsuz olaraq heç bir protokol tərtib etmədən nəqliyyat vasitəsinin duracağa təmin olunacağını bildirdi. Qeyd kimi bildirir ki, səsboğucu başlıq idarə etdiyi nəqliyyat vasitəsində işlənmiş qazların xaricetmə sisteminə qoşulmamışdır. (tütü çıxmır) və konstruksiyada heç bir dəyişiklik olmadığından funksiyası yalnız görünüş üçün maket kimi olduğundan təyinatı avadanlıq yox məhz aksesuar hesab edilir. O YPX əməkdaşı X2 protokol tərtib edilməsini tələb edərkən,o , avtomobil duracağa təmin olunduqdan sonra protokolun orada yazılacağını bildirmişdir. O tabesizlik göstərməyərək avtomobilini Bayılda yerləşən cərimə meydançasına yerləşdirmişdir. Avtomobil cərimə meydançasına 25 fevral 2022-ci il tarixində yerləşdirilməsinə baxmayaraq protokol 02 mart 2022-ci il tarixdə tərtib olunmuş, protokolda onun “X8” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində qeyd olunan tələbləri pozması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 342.2.2 “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması” maddəsi ilə törətmiş olduğu xətaya görəməsuliyyət qeyd edilmişdir. protokola etiraz etdiyi üçün 16.03.2022-ci il tarixdə Bakı şəhər DTPİ-də baxılsa da, heeç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X8” Qanunun 30-cu maddəsinin tələblərini pozmaqla 150 manat məbləğində cərimə edildiyi ilə bağlı qərar çıxarılmışdır. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, YHQ 1 saylı əlavəsində Nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı sadalanır. Qeyd edilən siyahıda buna rast gəlmək mümükün deyilsə deməli bu qərar əsassızdır. İstehsalçı şirkət işlənmiş qazların xaric olunması üçün 2 çıxış qoyubsa , sonradan sürücü 2 çıxış da əlavə edib 4 çıxışlı edirsə burada iki məsələyə diqqət yetirmək lazımdır. Əgər sürücü tərəfindən əlavə edilmiş çıxışlar katalizator sistemindən çəkilməyibsə burada qayda pozuntusundan söhbət gedə bilməz. Əsas məsələ odur ki, avtomobilin səs desibeli 84 db-dən yuxarı olmasın və işlənmiş qazların xaricetmə sistemi qaydasında işləsin. Qeyd edilən normativlər qaydasındadırsa sürücü tərəfindən quraşdırılmış əlavə 2 çıxış qayda pozuntusu hesab edilə bilməz. Həmçinin bu başlıq avtomobilin markası və modelini dəyişmirsə (bu ümumiyyətlə mümkün deyil) hər hansı bir əlavə avadanlıqdan söhbət gedə bilməz. Mənim avtomobilimdə isə ilk olaraq bu maketdir və heç bir funksiya daşımır. Heç bir funksiyası yoxdursa deməli avtomobilə təsiri yoxdur. Qeyd olunanlara əsasən Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətə uyğun izahat verərək Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X4 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, şikayətin tələbləri əsassızdır. Ona görə ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və dəyişdirilməsi qeyd edilir. Nəqliyyat vasitəsi zavod istehsalçı tərəfindən buraxılarkən onun texniki standartları müəyyən edilir ki, bu texniki standarlara zidd olaraq ona hər hansı avadanlıq quraşdırılırması və dəyişdirilməsinə, qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Hansı ki həmin hərəkətlər də inzibati məsuliyyətə səbəb olur. Hazırki hal üzrə norma pozulmaqla avadanlıq xüsusi mexanizmlə quraşdırılmış, səsboğucunun avtomobilin işlənmiş qazları xaricetmə borusuna qaynaqla birləşdirildiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, şikayətçinin qeyd etdiyi səsboğucu aksesuar o zaman hesab olunardı ki, texniki göstəriciləri pozmamaq şərti ilə nəqliyyat vasitəsinə əlavə edilsin. Amma hazırki iş üzrə birbaşa həmin hissəyə quraşdırıldığından İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddənin tərkib əlamətlərini yaradır. Həmçinin bildirmişdir ki, qeyd edilən hal qanunvericiliyin tələbinə görə nasazlıq kimi qiymətləndirilir, çünki X8 qanunun 1 saylı əlavəsində konkret olaraq konstruksiyanın ünsürləri ilə bağlı normativ tələblərin pozulması dəyişdirilməsi nasazlıq kimi qiymətləndirilir və nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılmalıdır. Qanunvericiliyin tələbinə əsasən nəqliyyat vasitəsi duracağa təmin edilmişdir. Vətəndaşa da təklif olunmuşdur ki, həmin nasazlıq aradan qaldırılsın. Lakin vətəndaş tərəfindən hər hansı bir tədbir görülmədiyi üçün, nəqliyyat vasitəsi hələ də duracaqdadır. Şəxs protokoldan şikayət vermiş və şikayətə baxılması üçün çağırılsa da, qərar qəbul edilməsini və həmin qərarı mübahisələndirəcəyini bildirmiş, buna görə də barəsində qərar qəbul edilmişdir. Hazırda qərarın ləğv edilməsi üçün hər hansı əsas yoxdur. İnzibati tənbeh vermə haqında qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin yolpatrul xidməti inspektoru X6 bildirmişdir ki, vətəndaş saxlanılarkən avtomobilə quraşdırılmış əlavə 2 ədəd səsboğucuların aksesuar olduğunu bildirmişdir. Lakin aksesuar nəqliyyat vasitəsinin arxa səsboğucusuna heç bir yerə qaynaqla birləşdirilmir. Saxlanılmış avtomobildə əlavə səsboğucular avtomobilin işlənmiş qazları xaricetmə borusuna qaynaqla birləşdirilmişdir. Nəqliyyat vasitəsinin əlavə səsboğucusunun qaynaqla birləşdirilməsinə dair videogörüntü də mövcuddur. Nəqliyyat vasitəsini səsboğucuya görə saxlanılmamışdır. Avtomobili saxlamasında məqsədi arxa ban şüşədə olan ingilis dilində olan yazılara görə olmuş, bunu sürücüyə bildirmiş və heç bir məsuliyyətə səbəb olmadığını bildirsə də digər sürücülərin diqqətini yayındırmağa səbəb ola biləcəyini vurğuluyaraq çıxarmasını təklif etmişdir. İXM 96-cı maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi duracağa təmin olunur. Sürücü nəqliyyat vasitəsində olan çatışmazlıqları aradan qaldırdıqdan sonra duracaqdan buraxılır. İdarənin inzibati şöbəsindən vətəndaşla telefonla əlaqə saxlanılmış, həmin zaman protokol tərtib etmiş şəxs olaraq özü də orada olmuş və vətəndaş etiraz etmiş, məhkəməyə müraciət edəcəyini bildirdikdən sonra barəsində 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Nəqliyyat vasitəsi hələ də duracaqdaolduğunu, çatışmazlığın aradan qaldırılmadığını bildirmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxılarkən müyyən edilmişdir ki, sürücü tərəfindən avtomobilə əlavə edilmiş 2 səsboğucu qaynaq vasitəsilə avtomobilin işlənmiş qazları xaricetmə borusuna biləşdirilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş görüntüyə baxıb, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarına əsasən X5 25.02.2022-ci il tarixdə saat 09:20 radələrində Bakı şəhəri, Neftçilər prospektində “BMW” markalı “** VY ***” dövlət qeydiyyat nişanlı avtomobillə (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə) inzibati xətanı törətmişdir. Buna görə də İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, məhkəmə iclasında şikayət vermiş şəxs səsboğucuların heç bir funksiya daşımadığını və aksesuar hesab edildiyini bildirsə də, məhkəmə iclasında səsboğucuların xüsusi mexanizmlə avtomobilin işlənmiş qazların xaric olması üçün nəzərdə tutulmuş hissəsinə qaynaq edilərək birləşdirildiyi müəyyən edilmişdir. Avtomobilin işlənmiş qazları xaricetmə borusuna qaynaq vasitəsi ilə avandanlıq quraşdırmaq YHHQ 1 saylı əlavəsinin tələblərinin pozması inzibati xətanın tərkibini yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə - yüz əlli manat məbləğində cərimə edilir. “X8” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə olan “Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların” Siyahısının 6-ci bəndində Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılması və ya dəyişdirilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb kimi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, tərəflərin izahatları, görüntü ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni və əsaslı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən X5 qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə şikayətdə göstərilənləri əsassız hesab edərək, müdafiə xarakterli olduğunu bildirir. Belə olan halda X3 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, X8 Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol hərəkəti qaydalarına riayət etmək, yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin 16 mart 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-615/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-615/2022
30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver