Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-626/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 18 dekabr 2021-ci il tarixli qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 18 dekabr 2021-ci il tarixli qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 04 noyabr 2021-ci il saat 19:00 radələrində X3 avtobusda tibbi maskadan istifadə etdiyi halda Səbail RPİ-nin 9cu PB-nin sahə inspektoru Kərimli Qurbanəli tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Kərimli Qurbanəli avtobusa daxil olduqdan sonra özünü təqdim etməmiş, şəxsi məlumatları aldıqdan sonra heç nə demədən uzaqlaşmışdır. X3 bir neçə saat sonra EXP ******* saylı protokol ilə DİN tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən 100 manat məbləğində cərimə olunduğuna dair mesaj almışdır. X3 dəfələrlə qərarla tanış olmaq istəsə də, 9-cu PB qərarı təqdim etməkdən imtina etmişdir. Kərimli Qurbanəli qanunsuz protokol tərtib etmiş və bunu özü də etiraf etmişdir. Barəsində tərtib edilmiş 18.12.2021-ci il tarixli EPQ ******* saylı qərarın əsassız hesab edilməsini və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək, Səbail RPİ-nin 9-cu PB tərəfindən qəbul edilmiş 18 dekabr 2021-ci il tarixli inzibati qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarı ləğv edilməli, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin 9-cu PB-si tərəfindən tərtib edilmiş 04.11.2021-ci il tarixli EPX ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən 04.11.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. İş materiallarında olan EPQ ******* saylı, 18 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin həmin qərarda X1 hansı inzibati xətanı, nə vaxt və harada törətməsi, yəni epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozulması barədə heç bir məlumat yoxdur. Həmçinin qərar qəbul edilərkən, Zaur Nəcəfovun iştirakı təmin olunmamış, eyni zamanda onun hansı əməlinin inzibati xəta tərkibi yaratması protokol və qərarda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş 18 dekabr 2021-ci il tarixli EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 18 dekabr 2021ci il tarixli qərarının ləğv olunması barədə şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 18 dekabr 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-626/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-626/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver