Məhkəmə qərarları › İş №3(009)-63/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-63/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-63/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, X3 Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinirək 20 manat məbləğində cərimə edilmişdir. X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan "Honda" markalı ** GF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydasının pozulması göstərilməklə Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 26 iyul 2019-cu il tarixdə BNA ******* nömrəli elektron qərar çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dayanma və ya durma qaydasının pozulması hallarının sənədləşdirilməsi mexanizmi aydın təsbit olunmuşdur. Belə ki, Məcəllənin 124-cü maddəsinin tələbinə əsasən bu növ qayda pozuntuları bilavasitə səlahiyyətli vəzifəli şəxs tərəfindən yerindəcə operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə xəta tötətmiş şəxsin iştirakı ilə sənədləşdirilməlidir. Həmin Məcəllənin 124.6-cı maddəsinin tələbinə əsasən bu növ inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilməlidir. Bakı Nəqliyyat Agentliyi tərəfindən sənədləşmə aparılan bütün hallarda o, sükan arxasında olmuş və Agentliyin hər hansı bir əməkdaşı ona yaxınlaşmamış və ya onun tərəfindən ona xəta törətməyi belə bildirilməmişdir. Lakin Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində çıxarılmış BNA ******* nömrəli elektron qərar üzrə foto görüntülərdən də göründüyü kimi həmin xətalar sonradan müşahidə kameralarına baxmaqla qanunazidd şəkildə xüsusi texniki vasitələrin görüntüləri əsasında sənədləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməli inzibati xətaların siyahısında (327.1, 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü) dayanma və ya durma qaydasının pozulması xətasının sənədləşdirilməsi təsbit olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən elektron qərar real vaxt rejimində çıxarılmalıdır. Lakin çıxarılmış 26 iyul 2019-cu il tarixli, BNA ******* nömrəli elektron qərar xəta törədilməsi qeyd olunan vaxtdan 18 saat sonra çıxarılmışdır. Səbail Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 3(009)-63/2020 saylı qərarı X3 şikayəti təmin edilmiş, 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Bakı Nəqliyyat Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 3(103)-1623/2020 saylı qərarı ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 3(009)-63/2020 saylı qərar ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Barəsində qərar çıxarılmış X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X9 şikayətə etiraz izahatında göstərmişdir ki, X6 Nəsimi rayonu, Bülbül prospekti, “AF Mall” ticarət mərkəzinin yanında xx xxxx 2019-cu il tarixdə törətdiyi inzibati xətaya görə qərarın real vaxt rejimində tərtib olunmaması, eləcə də düzğün tərtib edilməməsi ilə əsaslandırılmışdır. Belə ki, X6 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə şikayətdə qeyd edilən xüsusata münasibətdə bildirir ki, İXM-nin 53.0.11-ci maddəsində göstərildiyi kimi, həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda icraata xitam verilir. Lakin İXMnin 346.1-ci maddəsində göstərilən xəta səlahiyyətli şəxslər tərəfindən İXM-nin 124.5-ci və 124.6-cı maddələrinə uyğun bilavasitə aşkar edilərək elektron imza ilə təsdiq olunmadığından “Elektron imza və elektron sənəd haqqında” Qanuna əsasən elektron qərar hesab edilmir. Bundan əlavə, İXM-in 38.6-cı maddəsinə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. X3 idarə etdiyi nəqliyyat vasitəsini xx xxxx 2019-cu il tarixdə Nəsimi rayonu, Bülbül prospekti, “AF Mall” ticarət mərkəzinin yanında 3.27 “Dayanmaq qadağandır” nişanının təsir zonasında saxlamaqla İXMnin 346.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi faktı etiraza əlavə edilmiş fotoşəkillər ilə də tam təsdiq olunur. Agentlik tərəfindən İXM-nin 346.1-ci maddəsində göstərilən xətalar haqqında işlər üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, məhz 124.5 və 124.6 maddələri üzrə aparılır. Çünki Azərbaycan Respublikası Prezidentinin x xxxx 2018-ci il tarixli 181 nömrəli Fərmanı əsasında Agentliyə parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasının təmin edilməsi tapşırılmışdır. Həmin tapşırığın icrasına uyğun olaraq paytaxtın müxtılif ərazilərində kameralar quraşdırılmış və Agentliyin məkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu İXM-nin 124-cü maddəsi ilə birbaşa uzlaşır. Eyni zamanda qanunvericilikdə inzibati xətanın səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi üsulu ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Digər tərəfdən İXM-nin 122-ci maddəsinə uyğun olaraq xüsusi texniki vasitələrin məlumatları Baş Dövlət X12 mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində, elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan məlumatların real vaxt rejimində “Elektron imza və elektron sənəd haqqında” qanunu ilə müəyyənedilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında qərar çıxarılr. Bunun əksi olaraq İXM-nin 346.1-ci maddəsində göstərilən xəta isə səlahiyyətli şəxs tərəfindən İXM-nin 124.5 və 124.6-cı maddələrinə uyğun bilavasitə aşkar edilərək elektron imza ilə təsdiq olunmadığından “ Elektron imza və elektron sənəd” haqqında qanununa əsasən elektron qərar hesab edilmir. Həmçinin, İXM-nin 124.6-cı maddəsində inzibati tənbeh vermə haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması faktı şəxsin inzibati xəta hadisəsi barədə məlumatlandırma məqsədinə xidmət etdiyindən inzibati xəta haqqında sms, eləcə də poçt rabitəsi vasitəsi ilə məlumat verilməsi bu məqsədin reallaşması üçün kifayətdir. Çünki belə bir prosessual pozuntu mövcud qanunvericilikdə inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fotoşəkildən görünür ki, X6 idarə etdiyi "Honda" markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxx 2019-cu il tarixdə müvafiq olaraq saat 18:03:29-dan 18:06:40-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, “AF Mall” ticarət mərkəzinin yanında 3.27 (dayanmaq qadağandır) yol nişanının təsir zonasında durmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq cbrhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 124.6-ci maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X10 oğlunun yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyinin 26 iyul 2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar