Məhkəmə qərarları › İş №3(009)-633/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-633/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-633/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun baş məsləhətçisi X2 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs MMC-ə məxsus müştərilərin fərdi məlumatları sızmışdır. İstifadəçilərin ad, soyad, ata adları, əlaqə və qeydiyyat ünvanları, elektron poçt ünvanları, müqavilələr və ə sair məlumatlar yayılmışdır. Göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş dair 18 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-ə məxsus müştəri məlumatlarının idarəedilməsi sistemində (internet ünvanı: customer metronet.az) fərdi məlumatların mühafizəsi təmin edilməmişdir. Bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən fərdi məlumatların mühafizəsi və təhlükəsizlik tədbirləri təmin olunmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Fərdi məlumatların toplanılması və işlənilməsi, həmin məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində subyektə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə tərəfindən müəyyən edilir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçi tərəfindən ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinə əsasən fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 375.0.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar