Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-640/2022 21.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Şəxs MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən (VÖEN **********) Şahid Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt müəssisə tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 Əmək Müfəttişliyi Xidməti tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 14 mart 2022-ci il tarixdə tərtib olunmuş MN ******* İnzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, “SSİ Retail" MMC geyimlərin ticarəti ilə məşğul olur və Mango, Next və digər mağazalar şəbəkəsinin sahibidir. Bir qayda olaraq şirkətə məxsus mağazalara satıcı vəzifəsinə ticarət olunmazdan əvvəl təcrübəsi olmayan vətəndaşların 2 həftəlik təmənnasız təlimlər keçməklə satıcı vəzifəsinə namizədlər hazırlanır. Təlim nəticəsində vətəndaşlar tələb olunan bacarıqları nümayiş proqramında iştirak edən şəxslər satıcıların funksiyaları ilə tanış olur, praktiki təlim keçir, alıcılarla davranış qaydaları, ticarət salonunda yüksək səviyyəli xidmətin necə göstərilməli olduğu, satış əsnasında təhkim edildiyi satış təmsilçisindən peşəkar satış üsullarını öyrənirlər. Bundan əlavə, xüsusi təlimdə iştirak edən şəxslərə nəzəri biliklərin öyrədilməsi üçün metodiki vəsait hazırlanmış və müvafiq proqram üzrə təlimlər keçirilmişdir. Şikayətçi Şahid 02.12.2021-ci ildə qeyd olunan təlim proqramında iştirak etmək niyyətini ərizə ilə bildirmiş və 04.12.2021-ci ildə onunla şirkət arasında təlim müqaviləsi bağlanılmaq o, "Mango" mağazasında 18.12.2021-ci ilədək təlim keçmişdir. Təlim zamanı Şahid tələb olunan bilik və bacarıqlarını lazımi səviyyədə göstərmədiyi üçün onun satıcı vəzifəsinə namizədliyi qəbul olunmamışdır. 3 aydan sonra, şirkətimizlə təlimlə bağlı narazılığını, pretenziyasını bildirmədən, Şahid hüquqlarının pozulması barədə X7 Xidmətinə müraciət etmişdir. Şikayətlə bağlı DƏMX təlimlə bağlı sənədləri tələb etmişdir. Nəticədə təlim müqaviləsindən irəli gələn mülki-hüquq münasibətlərini əmək münasibətləri kimi qələmə verərək İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanın tərəfimizdən törədilməsi - yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə şirkətə qarşı 14.03.2022-ci il tarixli MN ******* nömrəli və vəzifəli şəxs kimi şirkətin X8 14.03.2022-ci il tarixli MN1051689 nömrəli inzibati xəta haqqında protokollar tərtib etmişdir. Hərçənd protokolda qeyd olunmasa da, lakin DƏMX-nin əməkdaşları ilə keçirilən görüş zamanı sonuncular bildirmişdirlər ki, təlim müqaviləsində "maddi məsuliyyət" və "məxfilik" barədə bəndlərin olması səbəbilə o, əmək müqaviləsinin xüsusiyyətlərini daşıyır. Əmək müfəttişinin bu cür interpretasiyası nə qanuna, nə mövcud işgüzar adətlərə uyğun deyil. Buna görə bizə qarşı DƏMX-nin hərəkətlərini tam əsassız hesab edirik. Belə ki, Mülki Məcəllənin 14.2.1-ci və 390.1-ci maddələrinə əsasən müqavilə azadlığına görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələrin məzmununu müəyyənləşdirərək qanuna zidd olmayan istənilən mülki-hüquqi müqaviləni bağlaya bilərlər. Eyni Məcəllənin 14.1-ci maddəsinə görə tərəflər arasında onların iradə ifadəsini bildirən bağlanmış müqavilələrdən tərəflərin mülki hüquqları və vəzifələri əmələ gəlir.Qeyd olunan qanunvericilik müddəaları ilə bağlı Şahid ilə bağladığımız təlim müqaviləsində təlimin bütün şərtləri müəyyənləşdirilmiş, onun işə götürülmə şərtləri qabaqcadan müəyyən edilmiş və təlimin ödənişsiz olması qabaqcadan ona bildirilmişdir. Şahid həmin müqaviləni imzalamaqla şərtləri qəbul etmişdir. Beləliklə, sözügedən müqavilədə tərəflərin iradə ifadəsi açıq aydın göstərilmiş və üçüncü şəxsin, yəni DƏMXnin bu müqaviləyə müdaxilə etməsi mövcud qanunvericiliyə görə yolverilməzdir. Azərbaycan Respublikasınmı Əmək Məcəlləsinin 6-cı maddəsinin "d" bəndinə görə Əmək Məcəlləsinin müddəaları podrad, tapşırıq və digər mülki-hüquq müqavilələ şamil olunmur. Amma qarşı tərəfin yanaşma və məntiqinə görə istənilən mülki-hüqquqi müqavilələridən irəli gələn münasibətləri əmək münasibətləri kimi təsnifatlandırmaq olar. Buna görə də, DƏMX-nin hərəkətlərini səlahiyyətlərindən sui-istifadə etməsi, həddlərini aşması,özbaşınalıq, qanuna hörmətsizlik kimi hesab edirik. Odur ki, İXM-nin 105.1-ci maddəsinə əsasən qeyd olunan protokolun ləğv edilməsini xahiş etmişdir. Belə ki, təlimin keçirilməsi ilə bağlı müqavilədən görünür ki, 02 dekabr 2022-ci il tarixdə Şəxs MMC ilə Şahid arasında 14 gün müddətində nəzəri və praktik təlim keçirilməsi haqqında müqavilə bağlanmışdır. Ərizədən görünür ki, Şahid Şəxs MMC-nin X8 təlimdə iştirak etmək üçün icazə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-nə məxsus “Mango” mağazasında 2021-ci il 04.12.2021-19.12.2021-ci tarixə qədər satıcı vəzifəsində işləmiş. Şikayət verməsinin məqsədi işə bərpa olmaq və yaxud işlədiyi günlərin məvacibini almaqdır. O, həftədə 6 gün işləmiş, iş rejimi 09:00-dan 19:00-a kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-nə məxsus mağazada xəzinədar vəzifəsində işləyir. İş üçün müraciət etdiyi zaman onunla 14 günlük təlim müqaviləsi bağlamışlar. Kənardan baxıb işin xüsusiyyətlərini öyrənmiş. Onunla 14 gün ərzində əmək müqaviləsi bağlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-də menecer vəzifəsində işləyir. Şahid “Mango” mağazasında təcrübədə olmuş, heç bir satış prosesində iştirak etməmiş, yalnız kənardan iş prosesini müşahidə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. Şəxs MMC tərəfindən işə qəbul edilməzdən öncə təlimlə bağlı müqavilə bağlanır tərəflə ilkin olaraq. Təlimçi həmin dövr ərzində iş görmür, əməkdaşın yanına verilir və iş prosesini öyrənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biritəqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (101.1). İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir (101.2). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi əməldə inzibati xətanın tərkibinin yaranması üçün Şəxs MMC-nin hərəkətlərindən zəruri əlamətlərdən sayılan qəsd və ya ehtiyatsızlıq olmalıdır, lakin məhkəmə tərəfindən bu əlamətlər müəyyən edilməmişdir. Eyni zamanda Şəxs MMC-nin hərəkətləri nəticəsində hər hansı ictimai münasibətlərə ziyan vurulması halı da müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 105, 326.2 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin (VÖEN **********) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xətalara dair icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-640/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-640/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver