Məhkəmə qərarları › İş №3(009)-646/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-646/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-646/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 28 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs 27 mart 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 27 mart 2022-ci il tarixdə Mərkəzi Univermağın yanında avtomobili saxlamışdır. Onda yaxınlaşan polis əməkdaşı qeyd edilən yerdə saxlamağa icazənin olmadığını bildirmiş, o isə 1 dəqiqəlik icazə istəmişdir. Həmin polis əməkdaşı yol patrul xidmətini çağırmış və onun barəsində inzibati tənbehvermə barədə qərar çıxarılmışdır. Daha sonra icazə olan yerdə saxlamaq üçün avtomobili geriyə vermək istəmiş, lakin arxadan maşınlar hərəkət etdiyindən orada gözləməli olmuşdur. Daha sonra polis əməkdaşları ona yaxınlaşaraq 9-cu Polis Bölməsinə dəvət etmişdirlər. Şəxs əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirib, ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri X4 izahatında bildirmişdir ki, 27 mart 2022-ci il tarixdə Azərbaycan prospekti və Nigar Rəfibəyli küçələrinin kəsişməsində “Hyundai” markalı 99OT868 nömrəli nəqliyyat vasitəsinin sürücüsü Yol hərəkəti haqqında qanunun 52-ci maddəsinin tələblərini pozduğu üçün nəqliyyat vasitəsini qayda pozultusu törədilən yerdən götürülməsini tələb etmiş, lakin sürücü nəqliyyat vasitəsini götürməkdən imtina etmişdir. Yol patrul xidməti tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, sürücü nəqliyyat vasitəsini götürmək əvəzinə avtomobili Daxili İşlər Nazirliyinin qarşısında saxlamış, yol patrul xidməti yenidən ona yaxınlaşaraq avtomobili qadağan olunmuş yerdə saxlamamasını bildirmiş, sürücü tərəfindən tabesizlik isə göstərmişdir. Sürücü barəsində protokol tərtib olunarkən həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Yanında olan şəxs isə X5 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin DYPİ-nə bilavasitə tabe olan YPX alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X2 eyni məzmunlu izahat verərək X4 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında 28 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.03.2022-ci il tarixdə Azərbaycan prospekti və Nigar Rəfibəyli küçələrinin kəsişməsində ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, xx xxxxxx 2002-ci il təvəllüdlü Şəxs 27 mart 2022-ci il tarixdə, saat 16:30-də inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 27 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən 1/4 hissəsi çıxılmalı və o cərimənin 1/4 hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilsin və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar