Məhkəmə qərarları › İş №3(009)-658/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-658/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-658/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Barəsində X7 haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 03 sentyabr 2021-ci il tarixli X7 haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 03 sentyabr 2021-ci il tarixli X7 haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 03 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta törətməyim barədə protokol tərtib edilmiş və həmin protokola uyğun olaraq X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən X7 Haqqında Qərarı qəbul edilmişdir. Tam qanunsuz və əsassız olaraq MN ******* saylı protokol AR ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən çıxarılmış və həmin protokola uyğun olaraq tam qanunsuz və əsassız olaraq 03 sentyabr 2021-cı il tarixli MN ******* saylı X7 Haqqında Qərarı qəbul edilmişdir. Bu qanunsuz və əsassız protokoldan və qərardan xəbər tutan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Araz Bayramzadəyə ərizə ilə müraciət etdi və ərizədə “Rəhbərlik etdiyiniz idarənin rəsmi e-mail ünvanından mənə 04 avqust 2021-ci il tarixində Sizin imzaladığınız va dəftərxananız tərəfindən **********4 nömrəsi ilə qeydiyyata alınmış məktubun skanı gəlmişdir. Həmin məktubda vətəndaş Şahid sizin idarəyə müraciəti haqqında məlumat verilmiş və araşdırılması üçün məndən 7 iş günü ərzində bir sıra sənədlər tələb olunmuşdur. Sənədlərin siyahısından və məktubun məzmunundan anlaşılan o idi ki, mənə məlum olmayan səbəblərdən sizin əməkdaşlar Şahid onun mənim işçim olduğu haqqında iddialarına inanmış və bu yanlış ifadələr asasında Şahid işçi statusu, mənə isə işəgötürən statusu verilmişdir. Halbuki, müəyyən səbəblərdən aramızda mübahisə yaranmış Şahid həmin mübahisənin onun xeyrinə həll olunması üçün mənə təzyiq göstərmək məqsədi ilə ayrı-ayrı qurumlara müxtəlif rollarda müraciət edərək əsassız şikayətlər etmişdir. Sizə ünvanlandırdığı şikayətdə özünə “işçi” deyən Şahid, həqiqətdə heç vaxt “işçi” statusunda olmayıb, əksinə özü də işəgötürən funksiyasını yerinə yetirməli idi. Aralarında 2021-ci ilin iyun ayının 13-də başlanmış münasibətlər iki müstəqil sahibkar arasında mülki qaydada razılaşdırılmış bir münasibət idi. Buna dəlil - eyni tarixdə fərdi qaydada imzalanmış ilkin müqavilədir. Bu vətəndaş onunla müəyyən şərtlər əsasında birgə fəaliyyət göstərməyə, ona məxsus biznesi onun yerinə aparmağı və bunun müqabilində xalis gəlirdən faiz alacağına razılaşmışdır və həmin şərtlər aralar;nda imzalanmış razılaşmada da öz əksini tapmışdır. Əgər Şahid ona qarşı hər hansı bir pretenziyası varsa, buyurub mülki qaydada məhkəməyə müraciət edə bilər. Əmək qanunvericiliyində olan boşluq var imkanlardan suiistifadə, hüquqdan sui-istifadə deməkdir” göstərilmişdir. Şikayət məktubu göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 144-cü maddəsini kobud şəkildə pozaraq, şikayət məktubuna cavab verilməmiş və barəsində əsasız tərtib olunmuş inzibati protokol ödəniş sistemində yerləşdirilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 144-cü maddəsində deyilir ki, “Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir”. Müraciətinə heç bir cavab verilməmişdir. Bütün bunlara baxmayaraq o, AR ƏƏSMN yanında X4 Xidməti Bakı şəhər İdarəsinin qanunsuz qəbul etdiyi qərarın ləğv edilməsi məqsədi ilə AR ƏƏSMN yanında X4 Xidmətinə müraciət etmiş və müraciətində qeyd etmişdir ki, “03.09.2021-ci il tarixli MN ******* nömrəli X7 haqqında qərarın surətini 15.12.2021-ci il tarixdə rəsmi şəkildə idarədən götürmüşdür. O, haqqında Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi inzibati xəta törədilməsi ilə olan maddəni qəbul etmir. Xahiş edir inzibati xəta törənməsi barədə qəbul edilmiş 03.09.2021-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. AR ƏƏSMN yanında X4 Xidməti öz növbəsində ərizəni qəbul etdi və görüş təyin olundu, lakin X4 Xidməti qanunsuz və əsassız qəbul edilmiş qərarı ləğv etmədi. X4 Xidməti ona ünvanlanmış məktubunda göstərmişdir ki, “Şahid Şəfa oğlunun əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə baxılarkən əldə olunmuş sənədlər əsasında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və X3 03 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli X7 haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. X3 inzibati xəta haqqında iş üzrə 03 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Xidmət X1 X7 haqqında qərardan verdiyi şikayətə baxmış, inzibati tanbeh tətbiq edilməsinə dair qanunvericiliklə müəyyən edilmiş halları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, yerli orqanın X7 haqqinda 03 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli qərarı qüvvədə saxlanılmalıdır. İş materialları əsasında müəyyən olunur ki, barəsində X7 haqqında qərar qəbul olunmuş X3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçini hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Şahid X3 tərəfindən əmək hüquqlarının pozulmasi barədə müraciətinə baxılarkən təqdim olunmuş sənədlər əsasında məlum olmuşdur ki, Şahid ilə X3 arasında əmək münasibətləri olmasına baxmayaraq əmək müqaviləsi bağlanmamışdır. Tural Məmmədov iş üzrə imzalanmış 13 iyun 2021-ci il tarixli “iş şərtləri haqqında ilkin razılaşmanı əsas gətirərək, aralarındakı münasibətlərin əmək münasibətləri olmadığını bildirmişdir. İş materialları arasında olan həmin razılaşmanın şərtləri ilə tanış olduqda məlum olur ki, Şahid üzərinə Tural Məmmədov üçün hansısa işlərin (xidmətlərin) yerinə yetirilməsi öhdəlikləri qoyulmuşdur. Həmin razılaşma ilə ödənilməli olan haqqın məbləği də göstərilməklə hansısa münasibətlərin formalaşdırıldığı aydın görünür. Tərəflər arasında münasibətlərin mülki hüquqi münasibətlər olması da sənədlərlə sübuta yetirilmir. Eyni zamanda iş üzrə icraat aparılarkən Şahid tərəfindən yerli orqana təqdim edilmiş razılaşmanın əsl nüsxəsində əmək haqqı barədə razılaşmanın da qeyd olunduğu görünür. Lakin, Tural Məmmədov tərəfindən yerli orqana razılaşmanın əsli yox, fərqli surəti təqdim edilmişdir. Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin asas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilmasi ilə bağlı yarandıqda; yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Göründüyü kimi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi üzrə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla da vəzifəli şəxs inzibati hüquq pozuntusu törətdiyi tam olaraq sübuta yetirilmiş hesab olunur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən Xidmətin Bakı Şəhər İdarəsinin inzibati xəta haqqında iş üzrə 03 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas olmadığından İstər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin, istərsə də Bakı şəhər İdarəsinin gəldiyi nəticə tam olaraq qanunsuzdur və qanundan suiistifadədir, bir sözlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi əlində heç bir sübut olmadan qərəzli formada qərar qəbul etmişdir. X4 Xidmətinin Bakı şəhər İdarəsinin hərəkətləri aşkar şəkildə sahibkara qarşı amansız hərəkətdir və sahibkarın, yəni onun qanunda nəzərdə tutulmuş hüquqlarının pozulmasıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, MN ******* saylı protokola Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən çıxarılmış 03 sentyabr 2021-cı il tarixli MN ******* saylı X7 Haqqında Qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin xitamı barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X7 haqqında qərar qəbul edilmiş şəxs X3 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 03 sentyabr 2021-ci il tarixli X7 haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etməklə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, X1 işçisi olmuş, mühasib vəzifəsində işləmişdir, işçiləri portaldan keçirmişdir. Şahid VÖEN-i olmuş, o, işçi kimi işə qəbul edilməmiş, xidməti müqavilə üzrə xidmət göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 03 sentyabr 2021-ci il tarixli X7 haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli MN ******* saylı X7 haqqında qərardan görünür ki, Şahid əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbi pozularaq xitam verildiyindən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, izahatların alınması və barəsində X7 haqqında qərar qəbul edilmiş şəxsin dəlillərinin yenidən araşdırılması üçün X7 haqqında qərar ləğv olunmalı, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. İş üzrə mövcud sənədlərdən görünür ki, hadisə barədə ərizəçinin məlumat verdiyi tarixdən, aylar sonra qanunsuz ikinci protokol tərtib edilmiş və bununla da, müəyyən olunmuş maksimum 2 gün və ya inzibati araşdırma ilə bağlı olsa belə, 2 aylıq müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 03 sentyabr 2021-ci il tarixli X7 haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 03 sentyabr 2021-ci il tarixli X7 haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar