Məhkəmə qərarları › İş №3(009)-666/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-666/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-666/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 3(009)-666/2021 saylı qərarı ilə X1 şikayəti təmin edilməmiş və Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan X3 apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli, 3(103)-1111/2021 saylı qərarı ilə şikayət təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 3(009)-666/2021 saylı qərarı ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı X4 ilə öz şəxsi avtomobilində tibbi maska istifadə etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, evli olduğunu bildirsə də, polis əməkdaşı ona məhəl qoymayaraq barəsində protokol tərtib etmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edib göstərmişdir ki, 15 fevral 2021-ci il tarixdə o həyat yoldaşı Pərvanə Yunusova ilə öz şıxsi avtomobilində oturmuşdur. X4 ilə 2017-ci ildə rəsmi nikaha daxil olmuşdur. Polis əməkdaşı ona yaxınlaşıb tibbi maskadan istifadə etmədiyini dedikdə o bildirmişdir ki, həmin şəxs onun arvadıdır. Bunu təsdiq etmək üçün o “BYME” internet portalında olan rəsmi nikahı haqqında məlumatı da polis əməkdaşına göstərmişdir. Buna baxmayaraq onun və arvadı Pərvanə Yunusova barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə lazmı qaydada məlumat verilsə də, polis bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 15 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu Dünya-Göz xəstəxanasının qarşısında avtomobilin daxilində X4 ilə oturmuş və tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğuna görə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AZ-İİ 206256 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 arasında 18 avqust 2017-ci il tarixdə nikah bağlanmış və həmin nikah 566 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1164/2021 saylı, 03 mart 2021-cii l tarixli qərarı ilə X2 Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilmiş, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş, X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli, 189 saylı qərarına əsasən;

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.11.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir. Müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin məlumatına əsasən avtomobildə sürücüdən başqa digər şəxs və ya şəxslər olduqda, avtomobildəkilərin hamısı maskadan istifadə etməlidir. Əks halda qanunda müvafiq edilmiş qaydada cərimələr tətbiq edilməsi nəzərdə tutulur. Avtomobili idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadə məcburi deyil. Göründüyü kimi qeyd edilən qərarda və Daxili İşlər Nazirliyinin məlumatında şəxsi avtomobildə şəxs ailə üzvləri ilə birgə olduqda tibbi maskadan istifadə edilməsi barədə birbaşa göstəriş nəzərdə tutulmamışdır. Hazırki işdən isə görünür ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb X1, 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu Dünya-Göz xəstəxanasının qarşısında avtomobilin daxilində həyat yoldaşı X4 ilə tibbi maskadan istifadə etməyərək əyləşməsi olmuşdur. Bununla bağlı məhkəmə hesab edir ki, X1 15 fevral 2021-ci il tarixdə tibbi maskadan istifadə etməyərək şəxsi avtomobilində həyat yoldaşı X4 ilə əyləşməsi inzibati xəta kimi qiymətləndirilə bilməz. Başqa sözlə X1 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddüalarına əsasən müəyyən edilir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Belə olan halda, şəxsin barəsində AR İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən işin faktiki hallarına əsaslanmadan X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X1 şikayəti təmin edilsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 15 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar