Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-67/2025 16.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, şikayət verən “X6 Şirkəti” MMC-nin İcraçı direktoru X4 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından “X6 Şirkəti” MMC-nin İcraçı direktoru X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X6 Şirkəti” MMC-nin İcraçı direktoru X9 şikayətlə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləgv edilməsi və barəsində inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən cərimələndiyi haqqında məlumatı ünvanına göndərilən məktub əsasında bilmişdir. Həmin məktub ilə xx.xx.2024-cü il tarixində tanış olarkən məlum olub ki, o vəzifəli şəxs kimi inzibati qaydada 700 azn cərimələnmişdir. İXM 192.4-cü maddəsinə əsasən. İnzibati tənbeh vermə haqqında Qərarı xx.xx.2024-cü il tarixdə aldığı üçün, Qərardan şikayət vermə müddəti buraxılmamışdır. Qərarda müəyyən edilib ki, İXM 192.4-cü maddəsinin tələbləri pozularaq X1nunun əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab ödənilməyib. Barəsində aparılan inzibati xəta işi üzrə icraatdan xəbəri olmayıb. Bu barədə yalnız xx.xx.2024-cü il tarixində ünvanına gələn məktub və Qərara əsasən məlumatlı olmuşdur. Qərarda adıçəkilən X1 “X6 Şirkəti” MMC-də əmək müqaviləsi əsasında işləyib və onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Əmək Məcəlləsinin 68.2.A bəndi ilə xitam verilib. İşçi istifadəsində olan invertarları təhvil-təslim etmədən işdən ayrıldığı üçün ona xəbərdarlıq edilmişdir ki, “X6 Şirkəti” MMC-nin balansında olan invertarları təhvil versin. Lakin, X1 təhvil-təslim zamanı şirkətin invertarında olan 1 ədəd notbuku təhvil verməmişdir. Bu səbəbdən X1na son haqq-hesabın verilməsi müvəqqəti olaraq saxlanılmışdır. X1 istifadəsində olan 1 ədəd notbuku təhvil verdikdən sonra həmin gün ona istifadə etmədiyi məzuniyyətə görə son haqq-hesab tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən “X6 Şirkəti” MMC-nin İcraçı direktoru X9 şikayətdə qeyd edilənləri müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə X5 xx.xx.2024-cü il tarixli müraciətinə baxılmanın dayandırılmasını xahiş etməsinə baxmayaraq barəsində qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alıb inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X8 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarından görünür ki, X1nun müqaviləsinə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbi pozularaq xx.xx.2024-cü ildə bu Məcəllənin 68.2-ci “a” bəndi ilə xitam verilmiş lakin azad olunarkən ona çatacaq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və “X6 Şirkəti” MMC-nin İcraçı direktoru X9 barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətdən görünür ki, xx.xx.2024-cü il tarixdə X5 xx.xx.2024-cü il tarixli müraciətinə baxılmanın dayandırılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X6 Şirkəti” MMC-nin İcraçı direktoru X4 "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs “X6 Şirkəti” MMC-nin İcraçı direktoru X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6 Şirkəti” MMC-nin İcraçı direktoru X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-67/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-67/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver