Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-679/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 etibarnamə əsasında idarə etdiyi "BMW" markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, H.Seyidbəyli küçəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra yol patrul xidməti əməkdaşı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının qanunun 75-ci maddəsinə zidd olaraq, yolayrıcını keçmə qaydalarını pozduğunu bildirərək İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, barəsində İXP ******* nömrəli inzibati protokol və bu protokolun əsasında xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməklə 100.0 manat məbləğində cərimə olunmuşdur. Barəsində tərtib edilmiş inzibati protokolla razılaşmayaraq tərəfindən hər hansı inzibati xəta törədilməmiş, yol patrul xidmətinin əmədaşı tərəfindən barəmdə tərtib edilmiş inzibati xəta protokolu əsassızdır. Belə ki, yol polisinin əməkdaşı hansı yol hərəkəti qaydasını pozduğunu əsaslandırmadan yanlız özünə məxsus mobil telefonu ilə çəkdiyi videonu göstərərək qanuni sübutlardan istifadə edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır və yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır habelə, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici İşarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin yol patrul xidmətinin əməkdaşı tərəfindən barəmdə tərtib olunmuş xx.xx.2024-cü il tarixli qərardan kameranın nömrəsi, tipi, markası və modeli qeyd edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, yol hərəkəti qaydalarının pozulması halları baş verdiyi zaman səlahiyyətli qurumun nümayəndəsi bu halları foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar etməli və aşkar edilmiş pozuntu halları real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməlidir. Lakin hazır ki, iş üzrə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla müvafiq protokol və onun əsasında qərar qəbul edilmişdir Belə ki, mənim yol hərəkəti qaydalarının tələblərini pozduğumu bildirən yol patrul xidmətinin əməkdaşı bunu yanlız özünə məxsus mobil telefonu ilə çəkərək qanunvericiliyin müvafiq tələblərini pozmuş və bu pozuntular altında mənim barəmdə inzibati xəta protokolu tərtib etmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd edim ki, barəmdə İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilsə də barəmdə tərtib edilmiş protokol və həmin protokol əsasında tərtib edilmiş qərar mənə təqdim edilməmiş, yanlız elektron kabinetə qeyd etdiyim maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin məbləği yazılmışdır ki, buda birdaha tərtib edilmiş protokolun əsassız olduğunu göstərir. Odur ki, yuxarıda qeyd edilən halların nəzərə alınaraq heç bir əsaslı sübut olmadan barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati protokolun və bu protokolun əsasında inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qərardan narazıdır. Hər hansı inzibati xəta pozuntusu olmamışdır. Yol polisi əməkdaşı qanun və nizamnaməyə riayət etməmişdir. Şikayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmiş, sonradan iş aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Protokola və qərara əsasən guya yolayrıcını keçmə qaydalarını pozmuşdur. Polis əməkdaşlarına əgər qaydaları pozubsa və texniki vasitələrlə aşkar olunubsa, sübutları elektron sistemə yerləşdirməsini və inzibati qaydada şikayət verəcəyini demişdir. Dedilər elə sübut yoxdur, kamera ilə göstərəcəklər. İdarəyə apardılar və orada heç bir görüntünün olmadığını dedilər. Halbuki yolayrıcına çatanda qarşıdan gələn avtomobil işarə verərək keçməyə yol vermişdir, bu səbəbdən keçmişdir. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X2 şikayətə etiraz edərək izahatında bildirmişdir ki, şəxs xətanı törətmədiyini bildirirsə, bunu sübut etməlidir. Qanunda elə bir anlayış yoxdur ki, bir sürücü digər sürücüyə yol versin ki, keçsin. Digər avtomobilin sürətinin azaldılmasına səbəb olmuş, məcburiyyət qarşısında dayanmış, X4 yol vermişdir. Təqsirini etiraf edir. Sübut təqdim etməlidir ki, həqiqətən digər sürücü Turan Məmmədova hərəkətini davam etdirməyə yol vermişdir. Barəsində inzibati xəta üzrə iş aparılan şəxsin hazırda mübahisələndirdiyi qərar üzrə icraat yol polisi əməkdaşı tərəfindən bilavasitə vizual şəkildə aşkar olunmuş və inzibati xəta kimi qeydə alınmışdır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 10:03-də Bakı şəhəri, Həsən Seyidbəyli 59 ərazisində “BMW X5 X DRİVE 40İ M Sport Package minik” markalı, **-MZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 10:03-də Bakı şəhəri, Həsən Seyidbəyli 59 ərazisində “BMW X5 X DRİVE 40İ M Sport Package minik” markalı, **-MZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X3 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə bir yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin İİİ bəndinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 avtomobili Bakı şəhəri, Həsən Seyidbəyli 59 ərazisində “BMW X5 X DRİVE 40İ M Sport Package minik” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X8i İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-679/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-679/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver