Məhkəmə qərarları › İş №3(009)-693/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-693/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-693/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə rəisi X2 iştirakları ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 02.11.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin 02.11.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02.11.2021-ci il tarixdə adına İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən EXP ******* saylı inzibati xəta haqqında protokol və həmin tarixdə EPQ ******* saylı qərar əsassız olaraq tərtib edilmişdir. O fiziki şəxs olduğu halda maddənin tələbləri pozularaq 4000 manat məbləğində cərimə edilmişdir. Bu barədə 02.03.2022-ci il tarixdə məlumatı olmuş və Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edərək qərarın ləğv edilməsini və ya rəsmi qaydada ona təqdim edilməsini xahiş etmiş, lakin müraciətinə cavab verilməmişdir. O hüquqi şəxs olmadan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından barəsində haqsız olaraq tərtib edilmiş EPQ ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, inzibati xəta hadisəsinin baş verdiyi obyekt xalası oğluna məxsusdur. İnzibati tənbehvermə barədə qərar onun iştirakı ilə qəbul edilmiş, lakin qərarı rəsmi surətdə almamışdır. O sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 02.11.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi X4 şikayətə etiraz edərək göstərmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən X5 özünü bunker oyun zalının sahibi kimi təqdim etmiş, onlar da əvvəlcədən X3 bunker oyun zalını işlətməsini bilmiş və tanımışlar. Həmçinin bildirmişdir ki, inzibati xəta hadisəsi aşkar edildikdən sonra X5 bölməyə dəvət edilmiş və barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilərkən orada olmuş, hətta bu barədə şəxsə SMS bildiriş də göndərilmişdir. Belə ki, şəxsin barəsində qəbul edilmiş inzibati tənbehvermə barədə qərardan məlumatlı olmasına baxmayaraq, təxminən 4 ay sonra məhkəməyə müraciət etmişdir. Şəxsin məhkəmə iclasında qeyd etdikləri və şikayətdə qeyd etdikləri həqiqəti əks etdirmir. Göstərdikləri nəzərə alaraq Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 02.11.2021-ci il tarixli, EPQ ******* nömrəli qərar qanuni və əsaslı olduğunu nəzərə alaraq, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 02.11.2021-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 02.11.2021-ci il tarixdə 01:07 radələrində bunker oyun zalında X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. İşə əlavə edilmiş 02 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 02.11.2021-ci il tarixdə 01:07 radələrində bunker oyun zalında X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, X5 tərəfindən inzibati xəta hadisəsi deyil, onun vəzifəli şəxs olmaması, heç bir sahikarlıq fəaliyyəti ilə məşğul olmadığı halda 4000 manat məbləğində cərimə olunması mübahisələndirilir. X1 barəsində qəbul edilmiş inzibati tənbehvermə barədə qərardan məlumatsız olduğunu və 02.03.2022-ci il tarixdə ona məlum olduğunu bildirsə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati tənbehvermə barədə qərar X3 iştirakı ilə qəbul edilmişdir. Məhkəmənin qənaətinə əsasən şəxsin məlumatlı olduğu təqdirdə 2022-ci ilin aprel ayında şikayətlə məhkəməyə müraciət etməsi və şikayətində heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması, bunker oyun zalında vəzifəli şəxs olmamasını göstərməsi özü-özlüyündə işin həqiqi hallarını özündə əks etdirmir. Həmçinin şəxs qeyd edilən oyun zalının xalası oğluna məxsus olduğunu bildirsə də, istinad etdiyi halları subuta yetirə bilməmiş və istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə şikayətçi X3 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 4000 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin 02 noyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 02 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin 02 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 02 noyabr 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar