Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-725/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 26 fevral 2025-ci il tarixdə, saat 09:28-də etibarnamə əsasında idarə etdiyi “Hundai Verna” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Səbail rayonu Puşkin küçəsi ilə hərəkətdə olarkən Ü.Hacıbəyov küçəsi ilə kəsişmədə işıqforun qırmızı işığının tələbinə əsasən qarşıdakı digər nəqliyyat vasitəsi və onun arxasında isə onun nəqliyyat vasitəsinin hərəkətini dayandırdı. Bu zaman yolun ortasında dayanıb hərəkəti nizamlayan yol patrul xidməti əməkdaşının (nizamlayıcı) əlindəki jelezlə istiqamətləndirib hərəkəti davam etdirməklə bağlı göstəriş verdi. Qanuna görə nizamlayıcının işarələri yol nişanlarından və işıqforun nişanlarından üstündür. Buna görə də, nizamlayıcının işarəsindən sonra qarşısındakı avtomobil, onun ardınca da o idarə etdiyi nəqliyyat vasitəni hərəkət etdirdi. Səbail rayonu, Puşkin küçəsi ilə hərəkətini düz istiqamətdə davam etdirdiyi zaman Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan “Hundai Sonata” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi onun idarə etdiyi “Hundai Verna” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol tərəfindən toqquşdu. Həmin faktla bağlı Bakı şəhəri DYPİ-nin polis mayoru X3 tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 26 fevral 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir, həmin protokol ona 05 mart 2025-ci il tarixdə təqdim olunmuşdur. İnzibati xəta haqqında protokol ilə razı deyil, əməlində inzibati xəta tərkibi yoxdur, heç bir qayda pozuntusuna yol verməmiş və baş vermiş yol nəqliyyat hadisəsinə səbəb olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlaməti kimi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsinin tələblərini pozma nəzərdə tutulub, “Yol hərəkəti haqqında” Qanununun 60-cı maddəsinin V hissəsində isə nizamlayıcının siqnallarının svetoforun siqnallarına zidd olduqda belə, sürücülərin bu siqnallara və göstərişlərə əməl etməsi qayda kimi müəyyən edilib. Belə olduqda isə onun davranışları “Yol hərəkəti haqqında” Qanununa uyğun olub və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində deyildiyi kimi hansısa işarənin tələblərini pozmamış, əksinə nizamlayıcının işarəsinin tələblərinə riayət etmişdir. Avtomobilində olan videoqeydiyyatçıda anbaan görüntüyə alınmışdır, təkcə bu videokadrları izləmək özü onun heç bir qanun pozuntusuna yol vermədiyini və inzibati xəta törətmədiyini təsdiq edir. Buna görə də həmin videogörüntünü də ərizəsinə əlavə edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətdə qeyd edilənləri müdafiə edərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayəti qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 idarə etdiyi “Hyundai Verna” minik markalı, **-RM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixində, saat 09:28 radələrində İXM-in 327.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, bundan əlavə inzibati qərar qəbul edilərkən X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilməmiş, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinin İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-725/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-725/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver