Məhkəmə qərarları › İş №3(009)-729/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-729/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-729/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 yanvar 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək sorğuya vaxtında məlumat verdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protolu tərtib etmiş Xətai RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxsin nümayəndəsininin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, 10 yanvar 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Xətai RPİ-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə ünvanladığı sorğudan görünür ki, həmin idarə mülkiyyətində olan “Chevrolet Malibu” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 18:30-da idarə edən sürücü barədə Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai RPİ-nin sorğusu 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin məsul şəxsi tərəfindən qəbul edilmişdir. İş materiallanda olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi tərəfindən Xətai RPİ-yə ünvanlanmış 26 dekabr 2023-cü il tarilxi məlumatın verilməsi haqqında məktubdan görünür ki, 21 dekabr 2023-cü il tarixində “Chevrolet Malibu” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 (sürücülük vəsiqəsi AC 520630) tərəfindən idarə edilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Xətai RPİ-nin “Chevrolet Malibu” minik markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 18:30-da idarə edən sürücü barədə Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə məlumat verilməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə sorğu göndərilmiş, qeyd edilən sorğu isə 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi tərəfindən Xətai RPİ-yə 26 dekabr 2023-cü il tarixdə məlumatın verilməsi haqqında “Chevrolet Malibu” minik markalı, **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 (sürücülük vəsiqəsi AC 520630) tərəfindən idarə etməsi barədə məktub göndərilmiş və həmin məktub 26 dekabr 2023-cü il tarixdə Xətai RPİ-yə göndərilmişdir. Təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi Xətai RPİ-dən sorğunu aldığı gün həmin sorğuya cavab verdiyindən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (İXP 5952148) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar