Məhkəmə qərarları › İş №3(009)-73/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-73/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-73/2022 14.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin 15 dekabr 2021-ci il tarixli, MN seriyaiı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin 15 dekabr 2021-ci il tarixli, MN seriyaiı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi AXCP-nin Ali Məclisinin üzvüdür. Bütün mitinq və toplantılarda fəal iştirak edir. Sosial şəbəkələrdə Hökuməti tənqid edən yazıların müəllifidir. 15 dekabr 2021-ci ildə Fəvvarələr meydanında yerli təşkilatlar tərəfindən siyasi məhbus hesab edilən və qanunsuz həbs edildiyi iddia edilən Saleh Rüstəmovun azad edilməsi üçün aksiya keçirildi. Aksiya dinc xarakterli idi və əvvəlcədən elan edilmişdi. Aksiya keçirilən yerdə Ərizəçi şüarlar səsləndirdi. Saleh Rüstəmovun azadlığa buraxılmasım tələb etdi. Lakin polislər Ərizəçini həbs edərək, qollarını arxadan buraraq, camaatın gözü qarşısında cinayətkar kimi sürüyüb PPX avtomobilinə mindirdilər və 8-ci Polis Bölməsinə gətirdilər. Bölməyə birinci Ərizəçi gətirildi və bir müddətdən sonra Ərizəçi gördü ki, AXCP üzvləri, başqa aktivistlər də həbs edilib 8-ci PB-yə gətirilir. PB-də bütün həbs edilənlər akt zalında saxlanılır. Sonra isə bir-bir hamının anket məlumatları toplanılır. Ərizəçi bildirdi ki, bölmədə olanda onun şəxsi məlumatları toplandı, aksiya barədə sorğusual edildi. Ərizəçi bildirdi ki, onun barəsində İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib edildi və o, açıq havada tibbi maska taxmadığı üçün 100 manat cərimə edildi. Ərizəçi bildirdi ki, yalnız o, cərimə edildi. Digər saxlanılanlar barədə heç bir protokol tərtib edilmədi. Ərizəçi tərtib edilən protokola öz qeydlərini yazdı və etiraz etdi. Çünki o açıq havada idi və açıq havada maska taxmaq məcburiyyəti yox idi. Lakin Ərizəçi etiraz etməsinə baxmayaraq onun barəsində protokol tərtib edildi və cərimə edildi. Hesab edir ki, Səbail RPİ 8-ci Polis Bölməsinin 15 dekabr 2021-ci il tarixli qərarı qanunsuzdur və ləğv edilməlidir.Ərizəçinin qanunsuz həbs edilməsi, əsassız olaraq bölmədə saxlanması, ailəsinə və vəkilinə məlumat verilməməsi, müdafiəsinə hazırlaşmağa şərait yaradılmaması, barəsində saxta inzibati xəta protokolu tərtib edilməsi və cərimə edilməsi nəticəsində aşağıdakı konstitusion hüquqları pozulub: Həbs edilən şəxsin öz həbsi və harada saxlanılması barədə yaxın qohumlarına məlumat vermək hüququnun təmin edilməsi mühüm həyati əhəmiyyət kəsb edir, şəxsi dövlət orqanlarının əsassız müdaxilərindən, işgəncələrdən qoruyur. Şəxsə özünün və ailəsinin istədiyi, inandığı müdafiəçi ilə təmsil edilmə şansını çoxaldır və s. Ərizəçi bildirir ki, həbs edildiyi andan vəkilsiz olub. Telefonla danışmağa imkan verilməyib. Ailəsinə və dostlarına harada saxlanması barədə məlumat verilməyib. Ərizəçi bildirir ki, ona heç bir hüququ izah edilməyib. Üstəlik, ona hüquqlarından istifadə etməyə imkan da verilməyib. Ərizəçi bildirir ki. o, dinc aksiyada iştirak edirdi. Aksiya açıq havada keçirilirdi. O, cinayətkar kimi həbs edildi və maska taxmamağa görə cərimə edildi. Halbuki, maska taxmamağa görə cərimə ediləcəkdisə, onu sürüyərək PPX-ya mindirib bölməyə gətirməyə ehtiyac olmamalı idi. Ərizəçi bildirir ki, o, AXCP-nin üzvüdür. Üstəlik də, sosial şəbəkələrdə tənqidi yazıların müəllifidir. Onun həbs edilməsinin səbəbi isə dinc aksiyada iştirak etmək idi. Polis protokol tərtib edərkən Ərizəçinin aksiyada həbs edildiyini, kostitusion hüququnun pozulduğunu, dinc aksiya etdiyini nəzərə almadı. Polis deyibsə, düz deyir kimi düşünüb və qərar qəbul edib. Ərizəçi bölmədə etiraz edib, video kameralara baxmağı xahiş edib, açıq havada olduğunu deyib. Buna baxmayaraq, o, cərimə edilib. Ərizəçi bildirir ki, onun həbs edilməsi üçün heç bir əsas olmayıb. Barəsində saxta inzibati xəta protkolu hazırlanıb. Ərizəçi bildirir ki, onun həbs edilməsinə səbəb AXCP üzvü olması, mitinqlərdə fəal iştirak etməsi, hökumətin siyasətini tənqid etməsi idi. Həmçinin onun üzvü olduğu AXCP-nin digər üzvləri də hökuməti sərt tənqid edib və hər zaman bu hakimiyyətin getməli olduğunu vurğulayıb. Buna görə də zaman-zaman partiya liderləri, üzvləri həbs edilib, barələrində saxta cinayət işi açılıb. Ərizəçinin həbsi, ona edilən təzyiq qanunsuz idi. X6 fəaliyyətini dayandırmaq, onu susdurmaq, onunla eyni mövqeyi paylaşanları bu mövqedən çəkindirmək istəyirdi. Ərizəçi bildirir ki, o. inzibati xəta törətmiş olsaydı belə, onun həbs edilməsinə ehtiyac yox idi. Ərizəçi bildirir ki, polisin ona və digər partiya üzvlərinə qarşı münasibətdən bəlli idi ki, onun həbs edilməsində məqsəd onu uzun müddət azadlıqdan məhrum etmək idi. Beləliklə də, onların tərəfdaşlarının, siyasi fəalların gözünü qorxutmaq, onları istənilən etiraz formasından çəkindirmək idi. Ərizəçi dinc aksiyada iştirak edirdi. Məqsədi iştirak etmək və şüarlarını səsləndirmək idi. Polis ona aksiyada iştirakın qanunsuz olması barədə heç bir irad bildirmədi və bununla bağlı protokol tərtib etmədi. Sadəcə onu xəbərdar etmədən həbs edib, bölməyə gətirdi və orada barəsində saxta protokol tərtib etdi. Ərizəçinin həbs edilməsi nəticəsində aksiyada iştirak edə bilməyib. Qeyd olunanlara əsasən X10 barədə 15 dekabr 2021-ci il tarixli Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin tərtib etdiyi qərarın ləğv edilməsini və X10 barəsində inzibati xəta üzrə icraata (bəraətverici əsaslarla) xitam verilməsini, X7 qanunsuz həbs edən Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları barədə xüsusi qərar qəbul edilməsini və X5 Konvensiyanın 5, 6, 11, 13 və 18-ci göstərilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X10 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verərək 15 dekabr 2021-ci il tarixli Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin tərtib etdiyi qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata (bəraətverici əsaslarla) xitam verilməsini, onu qanunsuz həbs edən Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları barədə xüsusi qərar qəbul edilməsini və onun Konvensiyanın 5, 6, 11, 13 və 18-ci göstərilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin nümayəndəsi X2 Rəşid Yusif oğlu barəsində tərtib edilmiş qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin 15 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 15 dekabr 2021-ci il tarixli, MN seriyaiı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 15 dekabr 2021-ci il tarixdə qapalı məkanda tibbi maskadan istifadə etməmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin 15 dekabr 2021-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 15 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında protokola əsasən X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X10 insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerdə tibbi maskadan istifadə etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 saylı Qərarı ilə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi qaydaları müəyyən edilmişdir: 1.1.şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, tak si, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 2.1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Həmin Qərarın 2-ci hissəsinə görə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bununla bağlı məhkəmə hesab edir ki, göründüyü kimi qeyd edilən normativ hüquqi aktlarda insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi nəzərdə tutulmuş, bununla bağlı hər hansı istisna hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin 15 dekabr 2021-ci il tarixli, MN seriyaiı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X14 oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X14 oğlunun şikayəti təmin edilməsin. Bakı şəhər Səbail RPİ-nin 8-ci Polis Bölməsinin 15 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar