Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-73/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Şikayət verən şəxs X3 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Polis idarəsinin 8-ci Polis Bölməsinin 08 oktyabr 2024-cü il tarixli, 27 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon Polis idarəsinin 8-ci Polis Bölməsinin 08 oktyabr 2024-cü il tarixli, 27 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus Bakı ş. Səbail rayon Gülbala Əliyev küç. 85 yerləşən mənzildə təmir işləri aparan zaman 3 kvm eyvanı pəncərə ilə bağlayıb yaşayış otağına birləşdirmişdir. Təmir işləri gedən zaman SRPİ-nin 8-ci X7 adlı sahə rəisi ona məxsus evə yaxınlaşıb, ondan işi dayandırmağı tələb etdi, o da polis əməkdaşına 3kvm tikdiyi yeri sökə biləcəyini bildirmişdir. O isə ona bildirdi ki, “əziyyətlə tikmisən, sökmə, şəxsiyyət vəsiqəvi ver görüm nə edə bilirəm” . O isə şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etdi və 2 ay sonra ona Qaradağ rayon məhkəməsi tərəfindən 800 manat cərimə olunduğu barədə bildiriş gəlmişdir, odur ki, Səbail Rayon İcra Hakimiyyətinin 27 saylı 8 oktyabr 2024-cü il tarixli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis idarəsinin 8-ci Polis Bölməsinin 08 oktyabr 2024-cü il tarixli, 27 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis idarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında müvafiq icazə sənədi olmadan qanunsuz tikinti işləri apardığı aşkar olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə- fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən ictimai qaydanı pozmasına görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, X3 əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Yəni əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, tərtib edilmiş yeganə sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Şəxsin inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X3 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, yəni sübuta yetirilmədiyindən X3 verdiyi şikayət təmin edilməli və Bakı şəhəri Səbail rayon Polis idarəsinin 8-ci Polis Bölməsinin 08 oktyabr 2024-cü il tarixli, 27 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Bakı şəhəri Səbail rayon Polis idarəsinin 8-ci Polis Bölməsinin 08 oktyabr 2024-cü il tarixli, 27 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Səbail rayon Polis idarəsinin 8-ci Polis Bölməsinin 08 oktyabr 2024-cü il tarixli, 27 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-73/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-73/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver