Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-74/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X3, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin EP ******* saylı 23 dekabr 2021-ci il tarixli qərarından X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin EP ******* saylı 23 dekabr 2021-ci il tarixli qərarının ləğv olunması və materialların yenidən araşdırılması üçün Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə göndərilməsini, ona tətbiq edilən cərimə məbləğinin malın dəyərinin 60%-i yox 30%-i müəyyən edilməsi barədə X3 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X7 02.09.2021-ci il tarixindən "xxxx" MMCdə kiçik bəyannaməçi vəzifəsində çalışır. 22 dekabr 2021-ci il tarixində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti mayoru X1 mənim barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 00100-2599/21 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati araşdırma aparılmışdır. 22 dekabr 2021-ci il tarixində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin rəis müavini gömrük xidməti mayoru X1 tərəfindən inzibati iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə protokol tərtib edilmiş, 23 dekabr 2021-ci il tarixində həmin vəzifəli şəxs tərəfindən işin baxılmağa təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Həqiqətən də o, **********8131 sorğu nömrəli 01.12.2021-ci il tarixli gömrük bəyannaməsində 600 kq tomot souzu yükünün mənşə ölkəsini gömrük orqanına düzgün bəyan etməmişdir. Həmin zaman işlərin çoxluğu, diqqətsizliyim səbəbindən mexaniki olaraq malın mənşə ölkəsini İtaliya yox, Rusiya olaraq səhv qeyd etmişəm. Burada bu səhvin edilməsi zamanı qəsdən gömrük ödənişlərindən yayınma, gömrük ödənişlərinin məbləğini azaltma, düzgün olmayan məlumatların verilməsi və sair başqa mənfi məqsədləri qətiyyən olmamışdır. Etdiyi əməldən peşmandır, bu sahə ilə bağlı təcrübəsi çox deyil, gələcəkdə bu cür səhvlərə yol verməməyə çalışacaqdır. O, Bakı Baş Gömrük İdarəsinin qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 482.2 ci maddəsi ilə təqsirli bilinmiş və ona 600 kq tomot souzu yükünün dəyərinin 60% miqdarında cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində cərimə malın dəyərinin 30%dən 60%-dək müəyyən edilmişdir. Bu sahədə yeni və təcrübəsiz olmağı, bu səhvlərlə bağlı hər hansı mənfi məqsəd güdməməyi, sadəcə diqqətsizlikdən səhvə yol verməyi, ilk dəfə belə bir inzibati xəta törətməyi, səmimi peşmançılığı (hansı ki səmimi peşmançılıq inzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsində məsuliyyəti yüngülləşdirən hal kimi qeyd edilib.) nəzərə alınmayıb. Yuxarıda qeyd edilənlərə əsasən, Bakı Baş Gömrük İdarəsinin tərəfindən tərtib olunmuş EP ******* saylı 23 dekabr 2021-ci il tarixli qərarın ləğv olunması və materialların yenidən araşdırılması üçün Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə göndərilməsini, ona tətbiq edilən cərimə məbləğinin malın dəyərinin 60%-i yox 30%-i müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs X3 EP ******* saylı inzibati xəta haqqında protokola dair 23 dekabr 2021-ci il tarixli qərarın ləğv edilməsi və barəsində həmin maddənin aşağı həddinə uyğun olaraq cərimə tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin EP ******* saylı 28 oktyabr 2020-ci il tarixli qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Belə ki, İnzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən digər halların nəzərə alınmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. iş materiallarında olan 23 dekabr 2021-ci il tarixli EP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 2621,81 manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və yüngülləşdirici hallar nəzərə alınmaqla X7 barəsində tətbiq olunmuş cərimə məbləğinin 30% həddində tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin EP ******* saylı 23 dekabr 2021ci il tarixli qərarı ilə X5 tətbiq edilən cərimə məbləğinin malın dəyərinin 30% həddində müəyyən edilməsi üçün ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin EP ******* saylı 23 dekabr 2021-ci il tarixli qərarı ilə X5 tətbiq edilən cərimə məbləğinin malın dəyərinin 30% həddində müəyyən edilməsi üçün ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-74/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-74/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver