Məhkəmə qərarları › İş №3(009)-741/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-741/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-741/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 aprel 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC, 13805.40 ABŞ dolları məbləğində vəsaiti 28 Fevral 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13805.40 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 01 Mart 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qlobeks” MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək bildirmişdir ki, 28 Fevral 2020-ci il tarixdə Şəxs MMC tərəfindən 13805.40 ABŞ dolları məbləğində vəsait konsultasiya xidmətlərinin göstərilməsi məqsədilə xaricə köçürülmüş və həmin vəsait hesabına xidmət göstərilmişdir, bu fakt tərəflər arasında imzaanmış 24.02.2022-ci il tarixli konsultasiya xidmətlərinin göstərilməsi üzrə akt ilə öz təsdiqini tapır. Həmin aktın üzərindəki qeydən görünür ki, bu barədə banka məlumat verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 28 fevral 2022-ci il tarixli məktubundan görünür ki, siyahıda qeyd olunan müştərilər vəsaitini "xxxx" ASC-də olan bank hesablarından müvafiq rekvizitlər üzrə köçürmüşdür. “Azərbaycan Republikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla, qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş 28.02.2020-ci il tarixli bank sənədindən görünür ki, 18.10.2019-ci il tarixli 67996 saylı və 16.07.2019-cu il tarixli 65982 saylı İNVOİCE əsasında Şəxs MMC tərəfindən 13805.4 ABŞ dolları məbləğində vəsait İNTEGRATED DECİSİONS AND SİSTEMS İNC-nin bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xidmətin qəbul aktından görünür ki, 18.10.2019-ci il tarixli 67996 saylı və 16.07.2019-cu il tarixli 65982 saylı İNVOİCE əsasında İNTEGRATED DECİSİONS AND SİSTEMS tərəfindən 13805.4 ABŞ dolları məbləğində xidmət Şəxs MMC tərəfindən qəbul edilmişdir. Həmin aktın üzərindəki PAŞA Bank” ASC-nin qeydindən görünür ki, akt 18 aprel 2022-ci il tarixdə banka təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 28 fevral 2020-ci il tarixdə xaricə köçürülmüş 13805.4 ABŞ dolları məbləğində vəsait hesabına xidmətin göstərilməsi təqdim edilmiş təhvil-təslim aktı ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Qlobeks” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar