Məhkəmə qərarları › İş №3(009)-747/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-747/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-747/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 mart 2021-ci il tarixli 00100-0237/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Bayan, ev 18, 1-ci döngə ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 18 yanvar 2021-ci il tarixdə Çin Xalq Respublikasından 47B79510/47B79610 nömrə nişanlı yük avtomaşınının üzərində olan BSİU ******* nömrəli konteynerlə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********7790 sorğu nömrəli 21 yanvar 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 22 yanvar 2021-ci il tarixdə “İpək Yolu" gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Çin Xalq Respublikasından daxil olmuş 47B79510/47B79610 nömrə nişanlı yük avtomaşınının üzərində olan BSİU ******* nömrəli konteynerdə gömrük orqanına düzgün bəyan edilməyən 20 ədəd simsiz (wireless keyboard) klaviatura, 210 ədəd simli klaviatura USB keyboard) olmaqla ümumilikdə 230 ədəd klaviatura, 400 ədəd simsiz (wireless mouse) kompüter üçün siçan, 680 ədəd simli (USB mouse) siçan olmaqla ümumilikdə 1080 ədəd kompüter üçün siçan, 180 ədəd ədəd simsiz (wireless headset) qulaqcıq (Celebrat A9), 80 ədəd simsiz wireless stereo earbuds) qulaqcıq (Celebrat FLY-4), 510 ədəd simli qulaqcıq (Game & Mobile), 2890 ədəd simli qulaqcıq (Earphones) olmaqla ümumilikdə 3660 ədəd qulaqcıq və 600 ədəd USB kabel (data cable) yükü aşkar edilmişdir. Qeyd edilən faktla bağlı **********7790 sorğu nömrəli 21.01.2021-ci il tarixli gömrük bəyannaməsinin yük məmuru, Bakı Baş Gömrük idarəsinin "İpək Yolu" gömrük postunun inspektoru X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən **********7790 sorğu nömrəli 21 yanvar 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən, Çin Xalq Respublikasından 47B79510/47B79610 nömrə nişanlı yük avtomaşınının üzərində olan BSİU ******* nömrəli konteynerlə daxil olmuş yüklərə gömrük nəzarətini həyata keçirmək ona həvalə edilmiş, 22 yanvar 2021-ci il tarixdə saat 14:00-14:30 radələrində “İpək Yolu” gömrük postunda iki nəfər hal şahidini dəvət edib, Şəxs MMC-nin nümayəndəsi Əliyev Əlinin və iki nəfər hal şahidinin iştirakı ilə BSİU ******* nömrəli konteynerdə daxil olmuş malları yoxlamağa başlamış, əvvəlcə konteynerə vizual müşahidə etdikdə qoyulmuş gömrük təminatının tamlığının pozulmadığını müşahidə etmiş, həmin şəxslərin iştirakı ilə plombu çıxarıb yoxlamanı davam orqanına düzgün bəyan olunmadığı müəyyən edilmiş, belə ki, gömrük bəyannaməsinin 11-cı mal mövqeyində bəyan olunan mallardan əlavə klaviatura yükünün 230 ədəd artığ olduğu, 12-ci mal mövqeyində bəyan olunan mallardan əlavə kompüter üçün siçanlar yükünün 1080 ədəd artıq olduğu, 13-cü mal mövqeyində bəyan olunan mallardan əlavə qulaqcıqlar yükünün 3660 ədəd artıq olduğu, 26-cı mal mövqeyində bəyan olunan mallardan əlavə USB kabel yükünün 600 ədəd artıq olduğu aşkar edilmiş, yoxlama aparılan zaman yoxlamanın başladığı vaxtdan bitənədək və nəticəsi Gömrük Məcəlləsinin 99-cu maddəsinin tələblərindən irəli gələrək protokollaşdırıldığı zaman protokolda adları qeyd edilən şəxslər, o cümlədən idxalatçının nümayəndəsi Əliyev Əli iştirak etmiş, onlara yoxlamanı hansı qaydada aparacağını əvvəlcədən izah edərək diqqətli olmaları barədə xəbərdar etmiş, belə ki, birlikdə bəyannamə və müşayiət sənədləri ilə faktiki mövcud malları eyniləşdirərkən elə onların iştirakı ilə 4 mal mövqeyi üzrə faktiki olaraq bəyannamədə göstərilən saydan artıq sayda malların olduğunu aşkarlayıb, iştirakçıların buna diqqətini çəkmiş, onlarda belə faktın aşkarlanmasının şahidi olmuşdurlar, daha sonra elə onların iştirakı ilə malların düzgün bəyan edilməyən hissəsini digərlərindən ayırıb, yenidən sayıb iştirakçıların diggətini buna çəkmiş, qanunvericiliyə görə yalnız hüquqpozma predmetini saxlamalı olduğuna görə, digər mallar ilə bağlı heç bir uyğunsuzluq olmadığından onları buraxılışa verərək qanuni sahibinin sərəncamına vermiş, düzgün bəyan edilməmiş hissəni isə “İpək Yolu” gömrük postunun “3” saylı anbarına gömrük nəzarətinə vermiş, bu barədə idxalatçının nümayəndəsinə məlumat vermiş, idxalatçının nümayəndəsi aşkarlanan düzgün bəyan edilməmiş malların anbara verilməsinə etiraz etməmiş, malların gömrük orqanına düzgün bəyan edilməməsi ilə razılaşdığını ifadə etmiş, bütün bu yoxlama hərəkətlərini aparıb qurtardıqdan sonra iştirakçıları xidməti otağa dəvət edərək burada xidməti kompüterin köməyi ilə protokol tərtib etmiş, protokolu tərtib edib bitirdikdən sonra ucadan oxuyub, iştirakçıları ilə tanış etmiş, onlara imza etməklə tanış olmaq, protokola əlavə və qeydlər etmək hüquqlarını izah etmiş, protokol tərtib edildikdən sonra iştirakçılar protokolu imzalamış, heç bir şikayət və etiraz daxil olmamışdır, gömrük yoxlaması qurtardıqdan sonra gömrük orqanına düzgün bəyan olunmayan, artıq aşkar edilən adları sayları qeyd edilən mallar "İpək Yolu” gömrük postunun "3” saylı anbarına yerləşdirərək gömrük nəzarəti altında saxlanıldı. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006-22/000878 nömrəli 10 fevral 2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 17 mart 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/745 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 20 ədəd ÇXR-da istehsal olunmuş, “K-Snake WK600” markalı simsiz (wireless keyboard) klaviaturanın (siçanla birlikdə) orta bazar qiymətinin 600 manat, 210 ədəd ÇXRda istehsal olunmuş, “EMXAM V5” markalı (USB keyboard) simli klaviaturanın (siçanla birlikdə) orta bazar qiymətinin 4200 manat, 400 ədəd ÇXR-da istehsal olunmuş, “Q2” markalı simsiz (wireless mouse) kompüter üçün siçanın orta bazar qiymətinin 4000 manat, 680 ədəd ÇXR-da istehsal olunmuş, “GM102 Gaming mouse” simli (USB mouse) kompüter üçün siçanın orta bazar qiymətinin 10200 manat, 180 ədəd ÇXR-da istehsal olunmuş, “Celebrat A9 Shocked Bass” markalı simsiz (wireless headset) qulaqcığın orta bazar qiymətinin 6300 manat, 80 ədəd ÇXR-da istehsal olunmuş, “Celebrat FLY-4” markalı simsiz (wireless stereo earbuds) qulaqcığın orta bazar qiymətinin 1600 manat, 510 ədəd ÇXR-da istehsal olunmuş, “Game & Mobile” markalı simli qulaqcığın orta bazar qiymətinin 2550 manat, 2890 ədəd ÇXR-da istehsal olunmuş, “Earphones” markalı simli qulaqcığın orta bazar qiymətinin 14450 manat, 600 ədəd ÇXR- da istehsal olunmuş, “Celebrat SKY- 2M” markalı USB kabelin (data cable) orta bazar qiymətinin 1200 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda malların ümumilikdə 18 yanvar 2021-ci il tarixə orta bazar qiymətinin 45100 (qırx beş min yüz) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri, Bayan, ev 18, 1-ci döngə ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün nişanlı yük avtomaşınının üzərində olan SLVU ******* nömrəli konteynerlə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********1521 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən gömrük orqanına düzgün bəyan olunmayan mallar aşkar edilmiş, nəticədə MMC barəsində 00100- 0178/21 nömrəli protokol tərtib edilmiş və toplanmış materiallar 1400-013/004-22/001641 nömrəli 12 mart 2021-ci il tarixli məktubla Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda düzgün bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/024/002566 saylı 29 yanvar 2021-ci il tarixli raport, 22 yanvar 2021-ci il tarixli yoxlama haqqında protokol, **********7790 sorğu nömrəli 21 yanvar 2021-ci il tarixli gömrük bəyannaməsi, BSİU9754781 nömrəli 30 noyabr 2020-ci il tarixli invoys sənədi, 1400-013/006-22/000878 nömrəli 10 fevral 2021-ci il tarixli məktub, 9/745 nömrəli 15 mart 2021-ci il tarixli ekspert rəyi, hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2cimaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 22 yanvar 2021 -ci il tarixdə Şəxs MMC-nin (Gəncə şəhəri, Bayan ev 18, 1 -ci döncə) adına 47B79510/47B79610 nömrə nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********7790 saylı GB ilə bəyan edilmiş yüklərə gömrük baxışı keçirilən zaman bəyannamənin 11-ci mal mövqeyində bəyan olunan klaviatura 230 ədəd,12-ci mal mövqeyində bəyan olunan kompyuter üçün siçanlar 1080 ədəd,13-cü mal mövqeyində bəyan olunan qulaqcıqlar 3660 ədəd artıq olduğu və bəyannamədə bəyan olunmayan 600 ədəd usb şunur aşkar edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatından görünür ki, Şəxs MMC-nin ünvanına 18.01.2021-ci il tarixdə Cin Xalq Respublikasından 47B79510/47B79610 nömrə nişanlı yük avtomaşınının üzərində olan BSİU ******* nömrəli konteynerlə avtomobillər üçün ehtiyyat hissələri, kompüter aksesuarları, elektron siqaretlər, tozsoranlar, qara metallardan məmulatlar yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük idarəsində **********7790 sorğu nömrəli 21 yanvar 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin bəyannamə üzrə bəyan edilmiş mallara görə gömrük ödənişləri ödənildikdən sonra gömrük bəyannaməsi sənəd məmuru tərəfindən emal edilərək buraxılışa verilmiş, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 47B79510/47B79610 nömrə nişanlı yük avtomaşınının üzərində olan BSİU ******* nömrəli konteynerlə daxil olmuş və Bakı Baş Gömrük idarəsində **********7790 sorğu nömrəli 21 yanvar 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar Şəxs MMC və X5 arasında bağlanmış 23/12-AZ nömrəli 23 dekabr 2018-ci il tarixli müqavilə əsasında idxal edilmiş, sözügedən mallar üçün yükü göndərən şirkətə ödənişlər həyata keçirilməmişdir, belə ki, tərəflər arasında bağlanmış müqaviləyə görə mal üçün ödəniş müqaviləyə əlavənin imzalanmasından sonra və ya malın alınmasından sonra bank vasitəsi ilə həyata keçirilir, sözügedən mallar yükü ixrac edən şirkət tərəfindən göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmişdir, belə ki, həmin sənədlərdə göstərilən malların adı, çəkisi, ədəd sayı **********7790 sorğu nömrəli 21 yanvar 2021-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmış, lakin, həmin konteynerlə daxil olmuş mallara “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilən zaman gömrük bəyannaməsinin 11-ci (1940 ədəd, 1.9 m3 klaviatura), 12-ci (3604 adəd, 1,5m3 kompüter üçün siçan), 13-cü (4060 ədəd, qulaqcıq 2,1m3 qulaqcıq) və 26-cı (1600 ədəd usb kabel yükünün artıq olduğu aşkar edilmiş, həmin malların artıq olması bardə yükü göndərən şirkət tərəfindən onlara məlumat verilməmiş, bu barədə məlumatları olmamış, həmin malların artıq olmasını yükə baxış keçirilərkən görmüş, gömrük orqanına düzgün bəyan edilməyən mallar aşkar edildikdən sonra yük məmuru tərəfindən 2 nəfər hal şahidinin iştirakı ilə protokol tərtib edilmiş, həmin protokola imza etmiş, gömrük orqanına düzgün bəyan edilən mallar yük məmuru tərəfindən buraxılışa verilmiş, düzgün bəyan edilməyən, artıq aşkar edilən mallar isə “İpək Yolu” gömrük postunun 3 saylı anbarına gömrük nəzarəti altında saxlanılması üçün təhvil verilmişdir, gömrük orqanına düzgün bəyan edilməyən, artıq aşkar edilən sözügedən malların gömrük ödənişlərini ödəyib rəsmiləşdirmək niyyətindədirlər. Həmçinin, o izahatında gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2021-ci il tarixli 9/745 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda malların ümumilikdə 18 yanvar 2021-ci il tarixə olan orta bazar qiyməti təxminən 45100.00 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 13530 (on üç min beş yüz otuz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar