Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-748/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Səbail rayonu, Nizami küçəsi 80/84, mənzil 3 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəki rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-432/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-432/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs 16000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icrə tədbirlərinə başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun ünvanına göndərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-213/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4.683,88 (dörd min altı yüz səksən üç manat səksən səkkiz qəpik) manat məbləğində zərər və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı X6 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun ünvanına göndərilmişdir. İcra sənədləri xx.xx.2022-ci il tarixdə bir icraatda birləşdirilmişdir. Borclu barəsində “Elektron-icra” sistemi vasitəsi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Şəxs barəsində xx.xx.2020-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail RPİ-yə göndərilmişdir.Səbail RPİ-nin 30 yanvar 2020-ci il tarixli məktubunda Şəxs barəsində Nərimanov RPİ-nin İŞ-si tərəfindən xx.xx.2020-ci il tarixdən CM-nin 177.2.4-cü maddəsi ilə 60436 qeydiyyat nömrəli axtarış elan olunduğundan icra məmuru tərəfindən qəbul edilmiş axtarış qərarının icra olunmadan geri qaytarıldığı qeyd olunmuşdur, daha sonra AR ƏN penitensiar xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda borclu Şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 3 saylı istintaq təcridxanasında saxlanıldığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən icra sənədi xx.xx.2020-ci il tarixli qərarla aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. İcra sənəsi xx.xx.2021-ci il tarixdə icra tədbirlərinin davam etdirilməsi üçün yenidən icraya yönəldilmiş və icra sənədi üzrə icra tədbirlərinə davam etdirilmişdir. Borclu Şəxs barəsində axtarış elan edilməsinə dair xx.xx.2021 -ci il tarixli qərar qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail RPİ-nin şöbəyə daxil olmuş xx.xx.2021-ci il tarixli, No.065-19154-1221 saylı məktubunda xx.xx.1987-ci il təvəllüdlü borclu Şəxs barəsində xx.xx.2021-ci il tarixli, 20530/21 nömrəli axtarış işi açıldığı bildirilmişdir. xx.xx.2021-ci il tarixdə borclu Səbail RPİ 39-cu PB tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borcluya qərar və bildirişin surəti təqdim edilmiş və izahatı alınmışdır. Ona məhkəmə qərarının mahiyyəti, icra üsulu, həmçinin hüquq vəvəzifələri izah olunmuşdur. Könüllü icra müddəti bitdikdən sonra borclu yenə də tələbkarın xeyrinə ödəniş etməmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Növbəti dəfə onu barəsində axtarış qərarı qəbul olunmuş və icra olunması üçün Səbail RPİ-yə göndərilmişdir. Səbail RPİ-də borclu barəsində xx.xx.2021-ci il tarixli, 20643/21 saylı axtarış işi açılmışdır. Borclu xx.xx.2021-ci il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmişdir. Borclu Şəxs icra sənədinin icrasından yanındığından barəsində xx.xx.2021-ci il tarixdə MN ******* saylı inzibatı xəta haqqında protokol tərtib edilib baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmişdir. Borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 maddəsi ilə təqsirli bilinib Səbail rayon məhkəməsinin 3(009)-2380/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən inzibati qaydada 500 (beş yüz) manat cərimə edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Borclu tərəfindən inzibati cərimə ödənilməmişdir. Borclu Şəxs hər hansı müəssisə və təşkilatda işləyib-işləməməsi, işsizliklə bağlı rəsmi müraciətinin olub-olmaması aidiyyəti orqanlara müraciət olunmuşdur. Bundan əlavə borclu Şəxs ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasi məsələsinə baxılmasi üçün Səbail rayon məhkəməsinə xx.xx.2022-ci il tarixdə təqdimat verilmiş, Səbail rayon məhkəməsinin 31,05.2022-ci il tarixli, No. 8(009)- 223/2022 saylı qərarına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu çağırışlara gəlməmiş, həmçinin onun yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən onun barəsində xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail RPİ-yə göndərilmişdir. Səbail RPİ-nin xx.xx.2022-ci il tarixli məktubunda Şəxs şöbənin icraatında olan 28 saylı Notariat Kontorunun 3408 nömrəli, xx.xx.2021-ci il tarxili icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən 20018/22 nömrəli axtarış işi üzrə mülki axtarışda olduğu qeyd olunmuşdur. Borclu Şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə xx.xx.2022- ci il tarixdə tərtib olunmuş təqdimat və digər icraat materialları baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin müvafiq sahə üzrə məsul şəxsinə göndərilmiş, lakin borclu şəxs barəsində cinayət işinin başlanması məqəsədəmüvafiq hesab edilməmişdir. Axtarış işinin nəticəsi barədə, müxtəlif vaxtlarda Səbail rayon Polis İdarəsinə xatırlatma məktubları göndərilmişdir. Səbail rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda borclunun Balakən rayon X3 şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq həbs edildiyindən axtarış qərarı və ona əlavə edilmiş digər sənədlər icra olunmadan geri qaytarılmışdır. Borclunun hansı cəzaçəkmə müəssisəsində cəza çəkməsini müəyyən etmək məqsədi ilə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə xx.xx.2022-ci il tarixli məktubla müraciət edilmişdir. Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən şöbəyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda icra sənədi üzrə borclu Şəxs Gəncə şəhəri ərazisində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı qeyd edilmişdir. Bu səbəbdən icra sənədinin surəti icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə borclunun saxlanıldığı 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Gəncə şəhər məhkəməsinin 1(100)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Şəxs cəzası sübuta yetirilmədiyindən məhkəmə iclas zalından azad olunmuşdur. Sözügedən icra sənədləri aidiyyəti üzrə icra edilməsi üçün Səbail rayon icra şöbəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2025-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra olunması üçün Səbail rayon Polis idarəsinə göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmişdir. Ondan izahatı alınmış, izahatında həbsdə olduğu üçün ödəniş edə bilmədiyini, borcunu 2 ay müddətində ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X5 protokolda qeyd edilənlərə əsasən Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Ağayev Musadan avtomobil aldığını, hər ay 1000 dollar ödəyərək 14 ay ərzində 14000 dollar pul ödədiyini, daha sonra isə dolların qalxdığı üçün maddi vəziyyətinin pisləşdiyini, həmin vaxt klinika işi ilə məşğul olduğu üçün 480000 dollar ziyana getdiyini, 2020-ci ildə şikayətçilər olduğu üçün tutulduğunu, bir neçə ay həbsdə qaldığını, daha sonra bəraət verildiyini, 2022-ci ildə yenidən tutulduğunu, yenidən bəraət aldığını, Şəki Ağır Cinayətlər Məhkəməsində hakimlər özünə etiraz etdiyi üçün işin Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini, 2024-cü il yanvar ayında isə bəraət verildiyini və bu səbəblərdən də ödəyə bilmədiyini, heçkimin borcunu saxlamaq fikrinin olmadığını, ziyana düşdüyünü, klinika işinə 480000 dollar ziyan etdiyini bildirmişdir. Günə 20 azn işlədiyini, heç bir işəgötürənin onu etmədiyi cinayətlərə görə uzun müddət həbsdə qaldığına görə işə götürmədiyini, "xxxx" MMC-də işləyən şəxsin ailə sürücüsü düzəldiyini, aylıq 1000 azn qazandığı puldan yarısını tələbkara verə bildiyini, hal-hazırda imkanının ona çatdığını, bu qədər aylıq ödəniş edə bildiyini, özünün yalnız bələdiyyə sənədli torpağının olduğunu, onu sənədləşdirib pulu ödəyə biləcəyini, Ağayev Musaya da bunları bildirdiyini, köməklik edərsə lizinq çıxarıb borcu verə biləcəyini, 2 ay müddətində borcu bağlaya biləcəyini, 3 azyaşlı övladlarının olduğunu, yoldaşının olanlardan psixoloji problemlərinin olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 2013-cü ildən 3 illik borc müqaviləsi bağladığını, 2017-ci ildə şəxs barəsində qiyabi qətnamə çıxarıldığını, 30000 dollara avtomobil satdığını, 14000 dollar aldığını, 16000 dollar məbləğin isə qaldığını bildirmişdir, ikinci iş isə gecikdirdiyi pula görə əldən çıxmış faydanın olduğunu, artıq neçənci dəfədir barəsində protokol tərtib olunduğunu, aralarında heç bir razılığın olmadığını, şikayətçi olduğunu, onun yalnız həbs olunmasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 600 (altı yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-748/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-748/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver