Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-75/2021 18.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2015-cı il tarixdən sürücülük hüququna malikdir və həmin müddətdən avtomobil idarə edir. Hal-hazırda “B” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur. xx.xx.2020-ci il tarixdə təxminən saat 17:30 radələrində özünə məxsus “Audi Q 5” markalı, **-KE-*** dövlət nömrə nişanlı avtomaşın ilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə sol birinci zolaqla Xətai rayon ərazisinə doğru hərəkət etmişdir. Həmin zaman onun yanında, yəni qabaq sol hissədə sərnişin qismində nişanlısı X2 əyləşmişdir. Belə ki, həmin yolla hərəkətdə olan zaman Dəniz Vağzalının qarşısına çatdıqda sağ tərəfdə hərəkət edən bir neçə avtomaşınların sürətlərini azaltmasını hiss etmişdir. O, ilk olaraq onların sürətlərini azaltmaq səbəbini başa düşməsə də, lakin sonradan ona məlum olmuşdur ki, sağ tərəfdən yəni Dəniz Vağzalı tərəfdən ağ rəngli avtomaşın sol hissəyə keçmək istəməsini gördükləri üçün hərəkətdə olan avtomobillər sürətlərini azaltmışlar. Həmin ağ rəngli, markası “KİA” olan avtomaşın sağ 3-cü və ya 4-cü zolaqdan sol zolağa keçmək istəyən zaman qəflətən onun qarşısına çıxmış və o, həmin avtomobil ilə toqquşma təhlükəsini görüb əyləci basıb və sükanı sol tərəfə çevirmişdir ki, həmin avtomobil ilə toqquşmasın. Lakin həmin avtomobil qəflətən qarşına çıxdığı üçün o, təhlükənin qarşısını ala bilməmiş və sol tərəfdə olan yəni Neftçilər prospekti ilə Zorge küçəsinin kəsişməsində qoyulmuş dirəklərə çırpılmağı nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomaşında sərnişin qismində əyləşmiş nişanlısı Aydan bir qədər xəsarət aldığı üçün yaxınlıqda yerləşən “Medi Club” tibbi müəssəsinə müraciət etmişdir. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmağa başlamışlar. Həmçinin bildirmişdir ki, o, avtomobili 70 s/km sürəti ilə idarə etmişdir. Həmin avtomaşının qarşısına çıxmasını təxminən 15 metr məsafədə hiss etmişdir. Avtomobili idarə etmək üçün sənədləri qaydasındadır. O, hadisə baş verən vaxt spirtli içki qəbul etməmişdir. Hadisə nəticəsində xəsarət almış X1 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Həmçinin zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı yüngül bədən xasarəti ilə bağlı Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 552 saylı rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-kəllədaxili travma ilə müşayiət olunan qapalı kəllə-beyin travması küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixli travması, o cümlədən hərəkətdə olan avtomaşının statik (dayanqlı) maneyə dəyməsi nəticəsində sərnişin qismində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2020-ci il tarixli, 2/16236 nömrəli aktından görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:30 radələrində özünə məxsus Audi Q 5 markalı, **-KE-*** dövlət nömrə nişanlı avtomaşınla qabaq sol oturacaqda sərnişin qismində əyləşmiş nişanlısı X2 ilə birlikdə Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti ilə sol birinci zolaqla Xətai rayon ərazisinə doğru hərəkət edərkən Dəniz Vağzalının qarşısına çatdıqda sağ tərəfdən hərəkət edən sürücü X3 etibarnamə ilə idarə etdiyi “Chevrolet Captiva” markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobil qəflətən onun qarşısına çıxmış, sürücü Şəxs həmin an təhlükənin qarşısını ala bilmədiyindən ehtiyatsızlıq edərək Neftçilər prospekti ilə Zorge küçəsinin kəsişməsində qoyulmuş dirəklərə çırpılması nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş X1 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-75/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-75/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver